Dünyanın buğda bazarı böhranla üz-üzə: Qiymətlər artır


Dünya buğda bazarı iqlim dəyişiklikləri, quraqlıq və müharibələr səbəbindən ciddi təzyiqlə üzləşib.

Turkustan.az “The New York Times”a istinadən xəbər verir ki, qlobal ərzaq sisteminin əsas dayaqları olan sərbəst ticarət, ucuz enerji və sabit iqlim eyni vaxtda pozulur.

Nəşrin məlumatına görə, Rusiya-Ukrayna müharibəsi və Qara dənizdəki hərbi qarşıdurma kənd təsərrüfatı məhsullarının ticarətini çətinləşdirib. Qırmızı dənizdə husilərin hücumları da ərzaq daşımalarının təhlükəsizliyinə və logistika xərclərinə təsir göstərir.

Vəziyyəti əsas taxıl ixracatçısı ölkələrdə müşahidə olunan güclü quraqlıq və anomal istilər daha da ağırlaşdırır. Bu amillər buğda istehsalına və dünya bazarına çıxarılan məhsulun həcminə mənfi təsir göstərə bilər.

Bundan əlavə, El-Ninyo iqlim fenomeni Panama kanalı, Reyn və Dunay kimi mühüm nəqliyyat marşrutlarında su səviyyəsinin azalmasına səbəb olub. Bu isə taxıl və digər kənd təsərrüfatı məhsullarının daşınmasını bahalaşdırır.

Mütəxəssislərin fikrincə, enerji və logistika xərclərinin artması ilə yanaşı, iqlim problemlərinin dərinləşməsi dünya ərzaq bazarında qiymət təzyiqini gücləndirə bilər. Bu vəziyyət xüsusilə idxaldan asılı ölkələr üçün əlavə risk yaradır. /Modern.az/


MANŞET XƏBƏRLƏRİ