Deputat əməkhaqqında bərabərsizliyin aradan qaldırılması üçün yeni mexanizm təklif etdi.
Turkustan.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Elçin Mirzəbəyli deyib.
Deputat bildirib ki, qanun layihəsinin əsas məqsədi “eyni işə görə bərabər əməkhaqqı” prinsipindən “bərabər dəyərli işə görə bərabər əməkhaqqı” prinsipinə keçidi təmin etməkdir. Onun sözlərinə görə, bu dəyişiklik əmək bazarında gizli bərabərsizliklərin qarşısını almağa yönəlib.
E.Mirzəbəyli qeyd edib ki, layihəyə əsasən, işəgötürənlər üçün bərabər əməkhaqqı təmin etmək artıq konkret hüquqi öhdəlik kimi müəyyən edilir.
Deputat diqqətə çatdırıb ki, “bərabər dəyərli iş” anlayışı əmək şəraiti, işin xarakteri və ixtisas göstəriciləri əsasında müəyyən olunacaq və bu, qərarların daha obyektiv verilməsinə imkan yaradır.
Bununla yanaşı, o bildirib ki, işin dəyərinin yalnız işəgötürən tərəfindən müəyyən edilməsi müəyyən risklər yaradır və subyektiv yanaşmaya səbəb ola bilər.
Deputat təklif edib ki, bu qiymətləndirmə prosesi müstəqil mexanizmlər və ya dövlət standartları əsasında həyata keçirilsin.
E.Mirzəbəyli həmçinin vurğulayıb ki, əməkhaqqı ilə bağlı mübahisələrdə sübutetmə qaydaları da dəqiqləşdirilməli, işəgötürənin əsaslandırma öhdəliyi daha aydın şəkildə müəyyən olunmalıdır. /modern.az/