Yeni mexanizm ancaq qiymətlərin son həddini müəyyən edə bilər
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi dərman vasitələrinin təminatı prosesini açıqlayıb. Bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Dərman və tibbi vasitələr şöbəsinin müdiri Elmin Quliyev bildirib ki, vətəndaş tibb müəssisəsində qeydiyyatçıya yaxınlaşıb müvafiq ixtisaslı həkimin qəbuluna yönəldiləcək. Həkim tərəfindən müayinə olunacaq və diaqnoz qoyulacaq. Zəruri hallarda “E-Resept” sistemi ilə icbari tibbi sığorta üzrə resept yazılacaq.
Vətəndaş resept əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqavilə bağlamış aptekə yaxınlaşacaq. Öz şəxsiyyət vəsiqəsini təqdim edəcək və ona sığorta hesabına qarşılanan dərman veriləcək. İcbari tibbi sığortanın məlumat bazasında qeydiyyat aparılacaq, aptek tərəfindən təqdim olunan hesabatların ekspertizası aparılacaq və icbari tibbi sığorta fondu tərəfindən apteklərə ödənişlər ediləcək.
O bildirib ki, bu proses keyfiyyətli, effektiv və təhlükəsiz dərman vasitələrinin əlçatanlığını artıracaq. Həmçinin əczaçılıq bazarında azad rəqabətin artmasına da təsir göstərəcək. Şərti kompensasiya məbləğinin 100%-i agentlik tərəfindən qarşılanacaq. Bu isə dərmanlara əlçatanlığı artıran mühüm addımdır. Məsələn, eyni təsiredici maddəyə malik üç ekvivalent dərmanın qiyməti belədir: 12 AZN, 15 AZN və 18 AZN. Modelə əsasən 12 AZN şərti kompensasiya məbləği təyin edilir və agentlik bu məbləğin tam kompensasiyasını həyata keçirir.
Ümumilikdə dərman vasitələri üzrə kompensasiya mexanizmi dərman qiymətlərinə necə təsir edəcək?
Mövzu ilə bağlı iqtisadçı Eldəniz Əmirov “Yeni Müsavat”a danışıb. İqtisadçının fikrincə, bu mexanizm, yəni dərman kompensasiyası bazarlarda şərti olaraq qiymətlərin tavanını müəyyən edə bilər: “Başqa sözlə, müəyyən mənada "tavan qiymət effekti" yarada bilər. Çünki kompensasiyanın məbləği bilavasitə eyni təsir edən maddələr üzrə ən ucuz variantın qiymətinə bağlanırsa, onda dövlət həmin məbləği tam ödəyəcək. Yəni ən aşağı qiymətli dərmanın dəyəri əsas götürüləcək. Kim aşağı qiymət təklif edirsə, dövlət həmin məhsulu alacaq və kompensasiya da onun əsasında hesablanacaq.
Bu baxımdan, sığorta sistemi çərçivəsində mümkün qədər ucuz dərmanlar, yəni eyni təsiredici maddəyə sahib, lakin daha sərfəli olan preparatlar daha çox alınacaq. Çünki vətəndaşın seçimi təbii olaraq daha ucuz varianta yönələcək. Nəticədə bazarda ümumi orta qiymət səviyyəsi formalaşır".

Eldəniz Əmirov
Eldəniz Əmirov qeyd edib ki, bu prosesin həm müsbət, həm də mənfi tərəfləri mövcuddur: “Müsbət tərəfi ondadır ki, sistemdə şəffaflıq artır, apteklərin üzərində nəzarət güclənir və kəskin qiymət artımlarının qarşısını müəyyən qədər almaq mümkün olur. Eyni zamanda keyfiyyət göstəricilərinin də yüksəlməsi ehtimalı yaranır. Belə ki, insanlar artıq dərmanın brendinə deyil, təsiredici maddəsinə diqqət yetirməyə başlayır. Bu da keyfiyyətli dərmana çıxış imkanlarını genişləndirir.
Mənfi tərəfi isə budur ki, kompensasiyanın ən ucuz seqmentə yönləndirilməsi premium və innovativ dərman preparatlarının ölkəyə gətirilməsini demotivasiya edə bilər. Yəni bəzi şirkətlər yüksək keyfiyyətli və bahalı məhsulları bazara çıxarmaqda maraqsız ola bilər. Bu hal xüsusilə dərman satışının həcmi kəskin artsa, daha qabarıq şəkildə özünü göstərər. Əgər bazarda dövriyyə böyükdürsə, ucuz seqmentin dominantlığı innovativ preparatların payını azalda bilər. Amma satış azdırsa, bu amilin təsiri də nisbətən zəif olacaq. Onsuz da bahalı və keyfiyyətli dərman gətirmək istəyən şirkətlər onu gətirəcək və bazarda satacaq".
İqtisadçı həmçinin vurğulayıb ki, burada digər mühüm məsələ sui-istifadə riskləridir: “Çünki bilirik ki, dərman idxalında arzuolunan səviyyədə rəqabət yoxdur. Bu səbəbdən bəzi şirkətlər eyni təsiredici maddəyə malik, lakin keyfiyyəti minimum səviyyədə olan çox ucuz məhsulları bazara çıxara bilər və kompensasiyadan faydalanaraq onları daha kütləvi şəkildə sata bilərlər. Həmçinin müəyyən distributorlar arasında gizli razılaşmaların olması da mümkündür: məsələn, ən ucuz dərmanın qiymətinin süni şəkildə qaldırılması, bununla kompensasiya məbləğinin artırılması və sair kimi manipulyasiyalar mümkündür.
Yəni bütün hallarda bu sistem güclü və davamlı nəzarət tələb edir. Mövcud qanunvericilik aktlarının tələblərinə uyğun olaraq ciddi, ardıcıl və effektiv nəzarət mexanizmləri qurulmalıdır ki, həm sui-istifadənin, həm də keyfiyyətsiz məhsulların bazara çıxmasının qarşısı alınsın".