ABŞ-İran münasibətlərində gərginliyin yenidən artdığı, bir vaxtda Tehran və İslamabad arasında diplomatik təmaslar intensivləşir. Xəbər verdiyimiz kimi ötən gün İran Prezidenti Məsud Pezeşkianla Pakistanın Baş naziri Şahbaz Şərif arasında telefon danışığı baş tutub.
Söhbət zamanı regional təhlükəsizlik, gərginliyin azaldılması və diplomatik həll yolları müzakirə olunub. Şahbaz Şərif ölkəsinin Vaşinqton və Tehran arasında vasitəçilik missiyasını davam etdirməyə hazır olduğunu bəyan edib.

Mövzu ilə bağlı professor-politoloq Qabil Hüseynli Musavat.com-a danışıb:
"Öncə onu qeyd edim ki, Məsud Pezeşkianın tutduğu vəzifədən istefa verməsi ilə bağlı xəbərlər yayıldı. Bildirilirdi ki, o, prezident səlahiyyətlərinin daha çox simvolik xarakter daşıdığı belə bir şəraitdə işləmək istəmir. Ancaq bu məsələnin necə həll olunduğunu hələ bilmirəm. Yəni həqiqətən istefa veribmi, istefası qəbul olunubmu, yoxsa yox – bununla bağlı dəqiq məlumatım yoxdur.
Pakistan məsələsinə gəlincə, hesab edirəm ki, İslamabad səmimi şəkildə ABŞ ilə İran arasında sülhün əldə olunmasına çalışır və bunun üçün bütün imkanlarını səfərbər edir. Lakin son görüşlərdə Donald Tramp İran rəsmiləri haqqında çox sərt ifadələr işlədib. O bildirib ki, İran rəsmiləri “insan dilindən başa düşmür”, onlarla razılığa gəlmək mümkün deyil və s. Bu da onu göstərir ki, münasibətlər yenidən gərginləşmə mərhələsinə daxil olur".
Professorun fikrincə, bu gərginliyin əsas səbəblərindən birini dünya yəhudi lobbisinin İsrailə dəstək məqsədilə ABŞ-ni daha sərt mövqe tutmağa sövq etməsidir:
"Çünki bundan əvvəl danışıqlar prosesi gedirdi. Lakin NATO-nun 32-ci sammitinin davam etdiyi bir vaxtda ABŞ yenidən İrana zərbə endirdi.
Burada izahı çətin olan, kifayət qədər müəmmalı məqamlar var. Mənim qənaətimə görə, Donald Trampı ciddi şəkildə təsir altına salmış, onu İrana qarşı daha sərt addımlar atmağa sövq etmişdilər. Tramp da özünü dünyanın əsas söz sahibi kimi təqdim etməyə çalışır. NATO-nun 32-ci sammitində çıxışı zamanı bildirdi ki, guya hamını cərgəyə özü düzüb, kimin harada dayanacağını özü müəyyənləşdirib. Hətta insanların bir-bir gəlib onun əlindən və arxasından öpdüyünü söylədi. Bunlar XXI əsrin siyasi mədəniyyətinə və sivil dünyasına uyğun gəlməyən ifadələrdir.
Onun bu səviyyədə səsləndirdiyi fikirlər adamı heyrətləndirir. Elə buna görə də qarşıdakı hadisələrin necə inkişaf edəcəyini proqnozlaşdırmaqda çətinlik çəkirəm.
Pakistanın vasitəçilik səyləri nəticə verəcəkmi? Yoxsa Donald Tramp yəhudi lobbisinin təsiri altında əvvəlki sərt xəttini davam etdirəcək? Bu suallara indidən dəqiq cavab vermək olduqca çətindir".