ABŞ Nümayəndələr Palatası rəsmi olaraq "Çinin Qafqaza Nəzarətinə qarşı Mübarizə Qanunu" kimi tanınan ((Countering China's Control of the Caucasus Act).) H.R. 7668-i təsdiqləyib.
Qanun layihəsi Gürcüstanda fəaliyyət göstərən Rusiya və Çin kəşfiyyat aktivləri, təsir şəbəkələri haqqında hesabatların tərtibini, Moskva və Pekin arasında ölkə daxilində əməkdaşlıq sahələrinin müəyyən edilməsini, Tbilisi ilə gələcək əlaqələr üçün daha geniş ABŞ strategiyasının hazırlanmasını tələb edir.
Qanunun əsas müəllifi, Cənubi Karolinadan olan respublikaçı konqresmen Co Uilson səsvermədən sonra “Azadlıq” Radiosuna verdiyi müsahibədə təşəbbüsün ölkənin hazırkı rəhbərliyini deyil, gürcü xalqını dəstəkləməyə yönəldiyini vurğulayıb:
"Amerika əleyhinə olan “Gürcü Arzusu” Partiyası gürcü xalqını təmsil etmir. Gürcülər ABŞ ilə güclü münasibətlər istəyirlər. Buna nail olmağın yeganə yolu siyasi məhbusları azad etmək, azad və ədalətli seçkilər keçirmək və Çin, Rusiya və İranın zərərli təsirini aradan qaldırmaqdır".
Nümayəndələr Palatasının bu hərəkəti Çin və Gürcüstanın 9 iyunda ikitərəfli münasibətlərini hərtərəfli strateji tərəfdaşlığa yüksəldən rəsmi birgə bəyanatı ilə eyni vaxta təsadüf edib.
ABŞ Nümayəndələr Palatasının "Çinin Qafqaza Nəzarətinə qarşı Mübarizə Qanunu"nu qəbul etməsinin əsas məqsədi nədir?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Cümhuriyət”- ə açıqlamasında bildirib ki, Vaşinqton Rusiya və Çinin Cənubi Qafqazda güclənməsindən ehtiyatlanır.
O qeyd edib ki, ABŞ Çin təsirinin Gürcüstanda artmasını risk kimi qiymətləndirir:
“Konqresdə müzakirə olunan bu qanun layihəsi əslində Vaşinqtonun Rusiya və Çinin Mərkəzi Asiya ilə yanaşı, Cənubi Qafqazda da möhkəmlənməsindən ehtiyatlanmasının təzahürüdür.
Əlbəttə, Azərbaycan Rusiya və Çindən asılı deyil, müstəqil xarici siyasət yürüdür.
Ermənistan isə Rusiyanın təsirini azaltmağa çalışır. Əsas problem Gürcüstanla bağlıdır. Çünki Gürcüstan Çinlə çox sıx iqtisadi əlaqələr qurub və Pekinin bu ölkədə böyük investisiyaları var.
Çinin Azərbaycanda və Ermənistanda bu qədər yatırımı yoxdur. Əsas investisiyalar məhz Gürcüstana yönəlib. Hətta Çin Gürcüstan limanlarının bir hissəsində də iştirak payına sahibdir. Bu isə təbii ki, ABŞ-də ciddi narahatlıq doğurur”.
Politoloq vurğulayıb ki, ABŞ Gürcüstan hakimiyyətinin Rusiya ilə gizli əlaqələrindən də ehtiyat edir:
“Bundan əlavə, Gürcüstanla Rusiya arasında diplomatik münasibətlər olmasa da, Gürcüstan hökumətinin və hakimiyyətə təsir göstərən oliqarx Bidzina İvanişvilinin Rusiya ilə gizli əlaqələri barədə mediada mütəmadi olaraq iddialar yayımlanır.
Bu da Vaşinqtonun narahatlığını artıran amillərdəndir. Məhz buna görə də Konqresdə həmin sənədin müzakirəsi və qəbulunun vacib olduğu qənaətinə gəliblər”.
Elxan Şahinoğlu əlavə edib ki, rəsmi Tbilisi Konqresin qərarını təzyiq kimi qəbul edə bilər:
“Sözügedən qanunun ABŞ-Gürcüstan münasibətlərinə müsbət təsir göstərəcəyini qəti şəkildə söyləmək çətindir. Çünki Gürcüstan hökuməti bunu təzyiq kimi qiymətləndirə bilər.
Halbuki son dövrlərdə Gürcüstan hökuməti Amerika ilə münasibətləri normallaşdırmağa çalışır. Lakin bu istiqamətdə hələlik ciddi irəliləyiş müşahidə olunmur”.