Türk sivilizasiyasının qədim dövrü


Faiq Ələkbərlinin həyatı və əsərləri | TURAN+AZERBAYCAN

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli

IX yazı

Antitürk nəzəriyyələri Avropa, Sovet, İran, Çin ideoloqları bir­likdə müdafiə etmiş və əsaslandırmağa çalışmışlar. Əslində burada əsas məqsəd Ön Asiyanın və Orta Asiyanın, bütövlükdə Asiyanın yerli xalqları olan Turanlıları /Türkləri diqqətdən kənarda saxlamağın “Ural-Altay Türk ailəsi” nəzəriyyəsinin “Avropamərkəzçilər” üçün nə dərəcədə əhəmiyyətli olması başa düşüləndir. Çünki həmin yerli etnosların etnik kimliyinə “Ural-Altay Türk ailəsi” deyil, “Turan/ Türk ailəsi” nəzəriyyəsindən yanaşsaq, o zaman məsələ tamamilə dəyişir.

Hələ, 19-cu əsrin ikinci yarısında, Turan dil ailəsini Ari və Sami dilləri ilə yanaşı bəşəriyyətin malik olduğu üçüncü dil ailəsi hesab edən Maks Müllər yazırdı ki, Türk dili Turan dil ailəsinə daxil olub Quzey Turan (Ural-Altay) dil ailəsinə aiddir; Güney Turan dil ailəsinə isə dravid, malay və başqa dillər daxildir. [1]20-ci əcrin əvvəllərində Əli bəy Hüseynzadə də yazırdı ki, dünyada Turan irqi, Turan mədəniyyəti və Turan dil ailəsi vardı.[2] Onun yolunu izləyən Ziya Göyalp da hesab edirdi ki, Türk xalqlarını Altay ya da Ural-Altay irqinə mənsub etmək doğru deyil, onun öz irqi, öz dil ailəsi vardır: Türk irqi, Türk dil ailəsi.[3]

Bunu, Hind-Avropa nəzəriyyəsini əsaslandırmağa çalışan “Avropamərkəzçi” alimlər də yaxşı bilirdilər, çünki hər addımda qarşılarına böyük Türk-Turan mədəniyyəti çıxırdı. Ona görə də, bu qədər böyük və əski bir mədəniyyətlə, o cümlədən Türk dilinin zənginliyi ilə qarşılaşa­caqlarını gözləməyən “Avropa­mərkəzçi” alimlərinin əksəriyyəti çıxış yolunu Türk-Turan mədəniyyətini Hind-Avropa mədəniyyətinin aşağı səviyyəsi kimi elan etməkdə görmüşdülər. Bununla da Hind-Avropa mədəniyyətinin böyüklüyünə kölgə sala bilməyəcək “Ural-Altay” nəzəriy­yəsi ortaya çıxmışdır. Onlara “Ural-Altay” nəzəriyyəsinin bir tərəfdən Türk xalqlarının digər millətlərdən fərqli olaraq aşağı, barbar olma­larını göstərmələri, digər tərəfdən mümkün qədər mədəniyyətlər mər­kəzi olan Ön Asiya və Orta Asiyadan uzaq tutmaq üçün lazım idi.

Türk sivilizasiyasının varlığını ortaya qoymaq üçün bir tərəfdən dəfələrlə saxtalaşdırılmış dünya tarixini “Avropamərkəzçilik” konsepsiyasından xilas etmək, digər tərəfdən də həmin konsepsiyanın tərkib hissəsi kimi Hind-Avropa nəzəriyyəsinə uyğun olaraq uydurulmuş “Ural-Altay” nəzəriyyəsinin əsil mahiyyətini ortaya qoymaq lazımdır. Çünki Hind-Avropa nəzəriyyəsinə alternativ ola biləcək “Ural-Altay dil ailəsi” nəzəriyyəsi deyil, “Türk-Turan” ya da “Turan dil ailəsi” nəzəriyyəsidir. “Ural Altay” nəzəriyyəsi dil ailəsi və mədəniyyət, həm də corafiya baxımından “Hind-Avropa” nəzəriyyəsi qarşısında çox cılız və kasıb görünür ki, bunu uyduran­ların əsas məqsədi də bu olmalı idi. Başqa sözlə, “Ural-Altay” nəzəriyyəsi “Avropamərkəzçilik” konsepsiyasının maraq­larına xidmət etmək üçün ortaya atılmışdı. Qazax Türk alimi Oljas Süleymenov yazır: “Altay dilləri ailəsi də hind-avropa dil “icmasının” nümunəsi əsasında yaradıldı. Mövcud nəzəriyyəyə görə, müasir hind-avropa və Türk dilləri İsanın zühurundan az əvvəl yaranmışdır!”.[4]

Deməli, ən azı XIX əsrdən başlayaraq “Hind-Avropa” nəzəriyyəsini ortaya atanlar, onu əsaslandırarkən özlərinə əsas rəqib olaraq “Turan-Türk” mədəniyyətini görmüşlər. “Türk-Turan”ın daha əski və güclü bir mədəniyyət olması “Avropamərkəzçilər”ə əl vermədiyi, ancaq onun varlığını tamamilə inkar etmək də zor olduğu üçün, ən məqbul variant olaraq onu Hind-Avropa mədəniyyətinin aşağı qatı elan etdilər. O. Süleymenov yazır: “Türk köçərisi rəsmi elmin təsəvvüründə Çin, İran və Ərəb mədəniyyətlərinin əmcəyin­dən oğruluqla süd əmmiş Əbədi Vəhşi obrazında qaldı. Türk yazısının tələm-tələsik, müqayisə və araşdırma aparmadan iranlılardan götürülmə olduğunu elan etdilər”.[5] Halbuki Turan mədəniyyətindən qidalanan Çin, İran və Ərəb mədəniyyətləri olmuşlar. Bu baxımdan O.Süleymenov­la tamamilə razılaşırıq ki, “nə vaxta qədər ki, hindavropalılar Türk dillərini Hind-Avropa imperiyasının ucqar əyalət şivələri, nə qədər ki, türkoloqların özləri dayə köməyi olmadan şalvarlarını əyin­lərində saxlaya bilmirlər və öz möhtərəm müəllimlərinin təhqiredici “həqiqətlərini” tutuquşu kimi təkrar edirlər – biz öz evimizdə gözübağlı olacağıq”. [6]

Beləliklə, uydurma “Ural-Altay” deyil, əsil Türk-Turan nəzəriyyəsi imkan verir ki, bu günə qədər “Avropamərkəz­çilər”in Hind-Avropa mədəniyyətinin adına çıxılan, ya da naməlum hesab olunan mədəniyyətlər gün üzünə çıxsınlar. Özəlliklə, “Ural-Altay nəzəriyyəsi”nin möv­cud­luğu Türklərin Kiçik Asya (Anadolu), Ön Asya (Qafqaz, Azərbaycan), Orta Asya (Türkistan, Tatariya), o cümlədən Avropanın böyük bir hissəsindəki (İtaliya, Bolqarıstan, Macarıstan və b.) tarixi-mədəni varlığını göstərməsinin əsas əngəli­dir. Hər halda Şumer, Kuti, Turukki, Manna, Midiya, İş Quz kimi dövlətlərin tarixini və mədəniyyətini “Türk-Turan” nəzəriyyəsi ilə əlaqələndirmək daha məntiqlidir, nəinki “Ural-Altay”la. Deməli, “Avropamərkəz­çiliy”in uydurduğu “Ural-Altay” nəzəriyyəsinin gerçək üzü “Türk-Turan” nəzəriyyəsidir. Yalnız Türk-Turan nəzəriy­yəsi “Avropamərkəzçiliy”in irəli sürdüyü Hind-Avropa (Ari) mədəniy­yətinə qarşı gerçək bir Türk-Turan mədəniy­yəti, ya da Turan Sivilizasiyası ortaya qoya bilər.

Beləliklə, “Avropamərkəzçilər”in mümkün qədər indiki Azərbay­can və onun ətrafında yaşamış qədim yerli xalqları (kutilər, sular, subarlar, turukkilər, manna­lı­lar) Türk/Turan etnik kimliyindən uzaq tutması, bunu əsaslandırmaq üçün də, “Ural-Altay Türk ailəsi” teorisini ortaya atmaları əvvəlcədən düşünülmüş addımlardır. Çünki türklərin əski vətəni “Ural-Altay” elan edilib ora­dan dünyaya yayıldığı iddia olunursa, o zaman “Turan-Türk dil ailəsi” nəzəriyyəsi diqqətdən kənarda qalır. Ona görə də, “Avropamərkəzçilər” heç bir elmi əsas olmadan iddia edirlər ki, Orta Asiya və Ön Asiyada əvvəlcə Arilər, yalnız onlardan çox sonra türklər məskunlaşmışlar. Onların fikrincə, m.ö. II minlliyin sonu – I minilliyin əvvəl­lərində Güney Rusiya çöllərindən çıxmış irandilli etnosların şimali-qərbi İran ərazisinə, o cümlədən Güney Azərbaycana gəliş­lə­rin­dən sonra bölgənin etnik-dil mənzərəsi tədricən dəyişməyə baş­ladı.[7] Guya, çox keçmədən Ön Asiyanın, o cümlədən Azər­bay­canın türk olmayan yerli əhalisi – kutilər, lullubilər, hürrilər və başqaları irandilli tayfaların həm etnik, həm də dil baxı­mın­dan assimilyasiyasına, yəni iranlılaşamağa məruz qalmışlar. [8] “Avropamərkəzçilər”in iddiasınca, Mannanın yerli əhalisinin “iranlılaşma”sındaöncə midiyalılar, parslar daha sonra m.ö. VIII-VII əsrlərdə Ön Asiyaya, o cümlə­dən Azərbay­­cana axın edən kim­merilər, iskitlər və saklar mühüm rol oynamışlar.[9]

Beləliklə, Qərb-Avropa mərkəzli ideoloqlar XX əsrdə, özəl­liklə həmin əsrin ortalarından başlayaraq “dünya tarixşünas­lığı”nda belə bir mülahizəni də elmi fikir olaraq ortaya atmışlar ki, Ön Asiyanın və Kiçik Asiyanın əski xalqlarının etnik mənşəyi əsasən naməlumdur ya da Hind-Avropa mənşəlidir, ancaq buraya ilk dəfə köç edən tayfalar isə birmənalı şəkildə hamısı hind-irandilli tayfalar (arilər, midiyalılar, parslar, əfqanlar, kimmerilər, iskitlər və b.) olmuşlar. Guya, həmin dövrdə yəni irandilli tayfaların, yəni arilərin Midiyada, İranda olduğu dönəmdə isə bu ərazilərdə, türkdilli tayfaların izi-tozu belə olmamışdır.[10] Çox yazıqlar olsun ki, müstəqillik dönəmində nəşr olunmuş 7 cildlik “Azərbaycan tarixi”ndə də bu antitürk nəzəriy­yə davam etdirilmiş, yəni açıq-aşkar “Hind-Avropa” nəzəriyyəsi dəstəklənmişdir.[11] Bunu, akademik Nailə Vəlixanlı özünəməxsus şəkildə belə izah etmişdir ki, Azərbaycan xalqının yerli türk etnosları və qonşu ölkələrdən gəlib burada məskun­laş­mış, türk dilində danışan digər tayfaları ilə qaynayıb-qa­rış­ma­sın­dan yaranması, bu anlamda da Azərbay­can türklərinin erkən dövrdən türk (prototürk, erkən türk) di­lin­də danışması və heç bir başqa xalqdan dönməməsi mülahizəsi inandırcı görünsə də, lakin bu mülahizələr dünya tarixşünaslıq elmində qərarlaşa bilməmişlər.[12] Bütün bu mülahizələr “Avropamərkəzçilik” ideologiyasının maraqları çər­çivəsində elmi dövriyyəyə buraxıl­mışdır ki, indi onu “dünya tarixşünaslığı tərəfin­dən qəbul edilmiş müddəa”[13] kimi qəbul etmək mənasızdır. Digər tərəfdən, Turanda, Azərbaycanda türklərin yerli olmasını sübut etmək üçün deyil, tam əksinə türklərin gəlmə olmasını ortaya qoymaq üçün sanballı dəlillərə ehtiyac vardır. Əgər bu məsələlərdə söhbət kon­kret tarixə, elmə hörmətdən və obyektivlikdən gedirsə, birin­ci­si, “Azərbaycan tarixi” adlı kitablardan SSRİ dövründən qalma yad konsepsiyalar çıxarılmalı, yəni Azərbaycan xalqının etnik mənşəyi və dili məsələsinin yadelli alimlərin, tarixçilərin mülahizə­lərinə, fərziyyələrinə uyğun şəkildə “həll edilməsi”nə son verilməli­dir. İkincisi, birdəfəlik anlamaq lazımdır ki, bu problem Quzey Azərbaycan Türk xalqı əsarət altında olduqda ortaya çıxarılıb daha sonra da “elmi həlli”ni tapmışdırsa, deməli, bu, birmənalı şəkildə saxta yolla, imperiya maraqlarına uyğun şəkildə baş vermişdir.

[1] Müller M. Lectures of the science of language. New York, 1862, s.198

[2] Hüseynzadə Əli bəy. Türklər kimdir və kimlərdən ibarətdir. Bakı, Mütərcim, 1997, s. 210-238

[3] Gökalp Ziya. Türk medeniyeti tarihi. Istanbul, Bilgeoğuz, 2013, s.27

[4] Süleymenov Oljas. Az-Ya. B.: Şərq-Qərb, 2007, s.199

[5] Süleymenov O. Az-Ya. B.: Şərq-Qərb, 2007, s.185

[6] Süleymenov O. Az-Ya. B.: Şərq-Qərb, 2007, s.202

[7] Azərbaycan tarixi. VII cilddə. I cild. Bakı, Elm, 2007, s.155; Qaşqay S. Manna dövləti. Bakı, Azərnəşr, 1993, s.35

[8] Azərbaycan tarixi. VII cilddə. I cild. Bakı, Elm, 2007, s.184

[9] Azərbaycan tarixi. VII cilddə. I cild. Bakı, Elm, 2007, s.281

[10] Azərbaycan tarixi. Üç cilddə. I cild. Bakı, Azər­bay­can SSR EA nəşriyyatı, 1958, s.63; Azərbaycan Sovet Ensklopediyası. 10 cilddə, VI cild. Bakı, Azərnəşr, 1982, s.549; ASE. 10 cilddə, I cild. Bakı, Azərnəşr, 1976, s.477

[11] Azərbaycan tarixi. VII cilddə, I cild. Bakı, Elm, 2007, s.287

[12] Azərbaycan tarixi. VII cilddə, II cild. Bakı, Elm, 2007, s.471-473

[13] Azərbaycan tarixi. VII cilddə, II cild. Bakı, Elm, 2007, s.472


MANŞET XƏBƏRLƏRİ