Taleh Cəfərov
ADPU-nun Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının dosenti,
tarix üzrə fəlsəfə doktoru
(əvvəli BU LİNKDƏ)
...VI əsrin II yarısındakı olaylardan bəhs edən Əl-Bəlazuri hələ Xosrov Ənuşirəvanın (531-579) vaxtında “xəzər axınının Dineverə qədər uzandığını, Cürzan və Erranın (Arran) bu dönəmdə xəzərlərin əlində olduğunu” söyləyir və məhz bu sasani şahının xəzərlərlə qohumluq əlaqəsi qurmağa cəhd etdiyini deyir.
VI əsrin 70-ci illərində Altaydan Dona qədər bütün bozqır qəbilələrini qurd başlı bayraqları altında toplayan göytürklər TransQafqaz uğrunda Bizansla apardıqları mübarizədə ilk dəfə Şimali Qafqaz çöllərində xəzərlərlə qarşılaşdılar. 630-cu ilə qədər davam edən mübarizə I Türk xaqanlığının süqutu ilə nəticələndi. Buna səbəb I Türk xaqanlığında vətəndaş müharibəsinin alovlanması idi. Nəticədə, I Türk xaqanlığına tabe olan xalqların bir çoxu öz dövlətlərini yaratdılar. Bolqar tayfalarının başçısı Kubrat xan 635-ci ildə Böyük Bolqariya dövlətinin əsasını qoydu. Təxminən eyni vaxtda Xəzərətrafı düzlərdə Xəzər xaqanlığı (634) da yaranmağa başladı. Aşina sülaləsinin qalıqları Xəzər ölkəsində sığınacaq taparaq qüdrətli hakim sülalənin formalaşmasının əsasını qoydular. Məhz ona görə də xəzərlər özlərini göytürklərin varisləri hesab edir və dövlətlərini də xaqanlıq adlandırdılar. Qeyd etmək lazımdır ki, göytürklər Xəzər dənizi ilə Qara dəniz arasında dağınıq bir halda yaşayan sabir, oğur və onoğur kimi türk tayfalarını qüvvətli bir birlik halına gətirir və bu birliyə daha sonralar Xəzər adını verir. Baştav 627-ci ildə Bizans imperatoru İrakli ilə ittifaq müqaviləsi imzalayan xəzərlərin hələ də türk adını daşıdıqlarını yazır.
VII əsrdə Kiyev ətrafında yaşayan oğur-macarlar, Kubrat xanın digər oğullarının idarəsindəki bulqarlar, Dnepr və Oka sahillərində yaşayan slavlar, Krımın Bosfor və Fanaqoriya hissəsindəki yunan koloniyaları, yuxarı bulqarlar və təbəələri, Xarəzm vilayətinin Şaş və Sığnaq bölgələrinin əksəriyyəti Xəzər xaqanlığına tabe idi. Xəzər xaqanları Dərbənddən 8 günlük məsafədə yerləşən və bəzi tarix kitablarında Xəzər, bəzilərində isə Bulqar şəhəri olaraq göstərilən Səməndər şəhərini paytaxt elan etmişdilər.
Mənbələr Xəzər xaqanlığında ikili hakimiyyət olduğunu yazır. Əslində isə, dövlətin başında böyük xaqan dururdu. O, gündəlik dövlət işlərinə qarışmır, xalqın gözündə yalnız törən, şənlik vaxtı və yerini dəyişdiyi günlərdə görünür, törələrin (qanunların) pozulmasına yol vermirdi. Belə xaqanlar 40 il müddətinə seçilir və dövlətin simvolu olduğundan xalq onu müqəddəs sayırdı. İstəxrinin verdiyi məlumata görə, xaqanın hakimiyyəti nominal idi və yalnız müqəddəs şəxs kimi onu törənlərdə görür, təzim edirdilər. Xaqanın şəxsiyyətinin ilahiləşdirilməsi əslində onun dünyəvi hakimiyyətinin məhdudlaşdırılmasına səbəb olurdu. İbn Fədlan yazır: “Xəzərlərin hökmdarına xaqan deyilir. Gəzinti üçün ancaq dörd ayda bir çölə çıxır. Buna Böyük Xaqan, vəkilinə isə Xaqanbəyi və ya məlik deyirdilər”.
Xəzər xaqanlığında dünyəvi hakimiyyət isə xaqanbəyinin əlində cəmləşmişdi. O, xaqan qarşısında sədaqət andı içdikdən və odla “arındıqdan” sonra vəzifəsinin icrasına başlaya bilərdi. Xaqanbəyi dövlətin daxili və xarici məsələlərini, ordunu idarə edir, tutduğu vəzifə atadan oğula irsən keçirdi. Məsudi yazır ki, digər türk cəmiyyətlərində də olduğu kimi, ölkədə baş verə biləcək hər hansı bir fəlakət, məğlubiyyət, afet və yaxud digər fövqəladə vəziyyətdə ikinci adam olan məlikə müraciət edilərək xaqanın qətli və ya təslim olması tələb edilirdi. Məlikin də bu istəyə boyun əydiyi görünürdü.
Xəzərlərdə xaqan və məlikdən savayı bir neçə dövlət məmuru vəzifələri mövcud idi ki, onlardan biri də Mahmud Kaşğarlının vali olaraq qeyd etdiyi tarxanlardır. Xaqan ailəsinə mənsub olmayan, xaqanın sözçüsü, elçilik, komandanlıq, mühüm dövlət işlərini yerinə yetirən tarxan ünvanına xəzərlər arasında tez-tez rast gəlinir. Xəzərlərə göytürklər tərəfindən keçən və xaqan ailəsinə mənsub olmayan ünvanlardan biri də tudunlardır. Xəzər bürokratiyasında mühüm vəzifələrdən biri olan tudunlar yerlərdəki məmurların işinə nəzarət edir, gömrük vergisi ilə yanaşı, digər vergilərin toplanmasını həyata keçirirdilər.
Xəzər-Bizans münasibətləri
Türk xaqanlığının qərbdəki üç qanadını (sabarlardan sonra) təşkil edən xəzərlərin Azovətrafı ərazilərə yayılması onların Bizansla münasibətlərinin yaranmasına gətirib çıxardı. Türk xaqanlığının istəyi ilə VII əsrin əvvəllərində Bizansla hərbi və siyasi əlaqələr qurulur. Alban tarixçisi M. Kalankaytuklu 627-ci ildə Bizans imperatoru İrakli ilə ittifaq müqaviləsi imzalayan “şərq türkləri olan xəzərlər”in Tiflis surları altında görüşdüklərini yazır. L.N.Qumilyov “Qədim türklər” əsərində bu barədə yazır: “Müttəfiq ordu başçılarının görüşü son dərəcə təntənəli xarakter daşıyırdı –cabqu imperator yaxınlaşıb onun çiynini öpdü və təzim etdi, Bizans imperatoru isə xaqanı qucaqlayaraq ona “oğlum” deyərək müraciət etdi və tacını onun başına qoydu”. İki tərəf üçün də faydalı olan bu ittifaq tərəflərdən birinə üstün özəlliklərə sahib bir hərbi müttəfiq qazandırarkən, digərinə uzaq şərq malları üçün önəmli bir ticarət bazarı qazandırmışdır. Bu azmış kimi, 627-ci ildə Bizans imperatoru İrakli farslara qarşı duruş gətirmək üçün qızı Yevdokiyanı xəzər xaqanına ərə vermək qərarına gəlir. Konstantinopol patriarxı Nikifor (758-829) bu barədə yazır: “İrakli müqaviləni möhkəmləndirir –türkə öz qızı Yevdokiyanın şəklini göstərərək ona deyir: “Allah bizi birləşdirdi –səni mənim övladım etdi. Budur mənim qızım. Əgər sən mənimlə birlikdə silah götürsən və düşmənlərlə mübarizədə kömək etsən, mən onu sənə ərə verərəm. Şəkilin gözəlliyinin təsiri altında türk o dəqiqə ona sevgi hiss edir və ittifaqa daha çox meyl edir. O, imperatora arxont (baş məmur-T.C) və çoxlu türk verir. Onunla birlikdə İrana basqın edən İrakli şəhəri və od məbədini dağıdır”.
Hasan Ata Abeşinin qeydlərinə görə, bir yandan xarici müdaxilələr, digər tərəfdən də daxili çəkişmələr və saray intiriqaları nəticəsində zəifləmiş Bizans xə-zərlərdən yardıma ümid bəsləyir, dost əlini uzatmasını gözləyirdi. Hətta Bizans imperatorları xəzərlərə sayqı duyduqlarını nümayiş etdirmək üçün bayram günlərində onların paltarlarını geyinər, ən etibarlı mühafizəçilərini xəzər türkləri arasından seçərdilər. Buna qarşılıq olaraq Xəzər xaqanları da Bizans imperatoruna himmət göstərir, ən çətin zamanda onlara dəstək olmaları üçün əsgər göndərirdilər. Bu kimi dostluq münasibətləri sonralar da davam etdirildi. Hətta sürgünə göndərilən II Yustinianla (685-695 və 705-711) xəzərlər arasında əqrabalıq münasibətləri qurulmuşdur. F.Ağasıoğlunun fikrincə, bu siyasət xəzərlərin Güney və Quzey Azərbaycandakı maraqlarına uyğun qurulur, Azərbaycanda nüfuz dairəsini artırmaq istəyənlərə qarşı möhkəmlənirdi. Məhz Bizans-Xəzər ittifaqı Sasani dövlətini çökdürüb 627-ci ildə birdəfəlik məhv etdi, bundan sonra özünə gələ bilməyən sasanilər bir neçə il sonra isə islam ordularının tapdağı altına düşdülər.
Xəzərlərin Bizans ilə coğrafi baxımdan yaxınlaşmasından sonra xaqanlıq imperiyanın siyasi mübarizə meydanına çevrildi. Mənbələrdə xəzərlərin 602-628-ci illərdəki Bizans-Sasani müharibəsində imperator Heraklın (610-641) müttəfiqi olan rəhbərləri yabqu xaqan olaraq qeyd edilir. İmperator Herakles sasanilərə qarşı mübarəzənin son illərində (622-627), xüsusilə Türk xaqanlığının xidmətində olan xəzərlərdən dəstək alaraq qalib gələ bilmişdir. M.İ.Artamanovun fikrincə, Bizansla müttəfiqliyə qədər türklərlə uğurlu bir simbioz sərgiləyən xəzərlər 650-ci ildə güclü bir dövlətə çevrildilər. Qara dənizin şimalı, Qafqazın Qara dəniz sahilləri, Ku-ban mənsəbi və Krımın xəzərlərin əlinə keçməsi ilə tərəflər arasında münasibətlər daha da istiləşdi. L.N.Qumilyov Krımın, eləcə də onun baş şəhəri olan Xersonun ələ keçirilməsini xəzərlər üçün böyük uğur hesab edir. Müəllif “Xəzər ətrafında min il” adlı əsərində bu barədə yazır: “Belə ki, 670-679-cu illər aralığında xəzərlər taxılı güney Qara dəniz sahillərindən satın almağa alışmış olduğundan aclıq və qıtlıqla başı bəlada olan möhkəm Xerson şəhəri xaric olmaqla bütün Krımı ələ keçirdilər. Beləcə, Bizans orduları ərəblər və Mysianı istila etmiş olan bolqarlara qarşı cəbhəyə sürüklənmiş olduğundan Xersones uzun müddət yardımsız qalmışdır”.
Bütün bunlara baxmayaraq, 695-ci ildə hakimiyyətdən devrilən II Yustinian əvvəlcə Xerson qalasına, daha sonra isə xəzərlərin tabeliyində olan Krım Qotyası-na qaçdı. Ancaq məğlubiyyəti həzm edə bilməyən imperator burada sorğu-sual ediləcəyindən qorxaraq bölgənin hakimi olan Xəzər xaqanlığına sığınmalı oldu...
(ARDI VAR)