Ulus yaddaşı, dövlətçilik fəlsəfəsi və Zəfərin ucaltdığı qürurumuz üzərinə bir neçə söz


Əkbər QOŞALI

Biz bayrağı yalnız boyaların, biçimlərin, rəmzlərin bir araya gəldiyi dövlət atributu saymırıq; bayraq – bir ulusun tarixi yaddaşının, mənəvi kimliyinin, siyasi iradəsinin və gələcək idealının göylərə yazılmış imzasıdır.
Cəfər Cabbarlı 1919-cu ildə yazırdı:
“…Bu Ay, yıldız, boyaların qurultayı nə demək?
Bizcə böylə söyləmək!
– Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,
Bir türk oğlu olmalı!
Yaşıl boya islamlığın sarsılmayan imanı,
Ürəklərə dolmalı!
Şu al boya azadlığın, təcəddüdün fərmanı,
Mədəniyyət bulmalı.
Səkkiz uclu şu yıldız da səkkiz hərfli OD YURDU
Əsarətin gecəsindən fürsət bulmuş quş kimi,
Səhərlərə uçmuşdur.
Şu hilal da türk bilgisi, düzgün sevgi nişanı,
Yurdumuzu qucmuşdur!”

Bəli, bayraq dövlətin görünən ruhu, ulusun ucalıq duyğusu, bərəkətli torpağın işıqlı göyüzü ilə danışan dilidir. Elə buna görə də bayrağın ucalığını yalnız dirəyinin hündürlüyü ilə ölçmürük, onun təmsil etdiyi dövlətin qüdrəti, ulusun ləyaqəti və həmin bayraq altında qurulan həyatın mənası ilə ölçürük.

Azərbaycanın üçrəngli, Ay-ulduzlu dövlət bayrağı bax, belə bir tarixi-fəlsəfi məzmun daşıyır. O, dünənimizin yaddaşı, bugünümüzün qüruru, sabahımızın məsuliyyətidir!

9 Noyabr – Dövlət Bayrağı Günü isə bu böyük mənəvi-siyasi bütövlüyün ayrıca bayramıdır.
100 ildən artıq yol gələn üçrəngli ucalıq…
1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qəbul etdiyi üçrəngli bayraq, əslində, milli dövlətçilik düşüncəmizin mükəmməl ifadələrindən biri idi. Cümhuriyyət qurucularımız yalnız yeni dövlətin rəmzini müəyyənləşdirmirdi; onlar Azərbaycanın hansı tarixi-mədəni qaynaqlardan güc aldığını və hansı gerçəkliklər üzərindən gələcəyə yönəldiyini də rəsmən açıqlamış oldu.

Əlbəttə, bu üç boya bir-birindən ayrı düşüncələrin mexaniki birləşməsi sayıla bilməz; onlar Azərbaycan milli kimliyinin üç böyük mənəvi-mədəni dayağının birliyini yaradırdı.
Burada kökümüz, dəyərlər dünyamız, gələcəyə açılan üfüqlərimiz şəkillənib.
Başqa sözlə, üçrəngli bayrağımız milli-mədəni özünəxaslıqla ümumbəşəri tərəqqi idealının bir araya gəldiyi mükəmməl dövlətçilik düsturudur.

Cümhuriyyətin ömrü qısa oldu, ancaq onun ucaltdığı bayrağın mənəvi ömrünü heç bir işğal, heç bir ideoloji basqı sona çatdıra bilmədi.

1920-ci ildə dövlət müstəqilliyimizə son qoyuldu, üçrəngli bayrağımız rəsmi məkanlardan endirildi; lakin onun ulusun yaddaşından endirilməsi mümkün olmadı.
Çün bayraq yalnız dirəkdə dalğalanmır; o, milli şüurda, tarixi irsdə, qurtuluş arzusunda da yaşayır.

1990-cı il noyabrın 17-də Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə üçrəngli Cümhuriyyət bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi tarixi varisliyin bərpasında mühüm mərhələ oldu.
Bu, keçmişə sayğduyarlıqdan daha üstün hadisə – gələcək müstəqil Azərbaycanın siyasi-mənəvi əsaslarının möhkəmləndirilməsi idi.

1991-ci ildə bayrağımız yenidən Azərbaycanın Dövlət Bayrağı statusunu qazandı. Beləliklə, Cümhuriyyətin yarımçıq qalmış dövlətçilik idealı yeni tarixi ortamda davam etdirildi.
Burada xüsusi bir məqamı da vurğulamaq gərəkdir: 9 Noyabrın Dövlət Bayrağı Günü kimi təsis edilməsi 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyevin imzaladığı Sərəncamla gerçəkləşdi. Belə bir dövlətçilik qərarının tarixi-mənəvi qaynağında isə Cümhuriyyət irsi dayanır.
Beləcə, bayrağımızın tarixi ayrı-ayrı dönəmləri birləşdirən mənəvi körpüyə çevrildi: 1918-in dövlətçilik idealı, 1990–1991-ci illərin müstəqillik iradəsi və XXI yüzilin qüdrətli Azərbaycan hədəfi eyni rəmzdə qovuşdu.

Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda Dövlət Bayrağı Meydanının yaradılması dövlət rəmzimizə göstərilən dərin sayğının möhtəşəm ifadəsidir.
2007-ci ildə bu məqsədlə verilmiş Sərəncam, 2010-cu ildə Meydanın açılışı, sonrakı illərdə həyata keçirilmiş yenidənqurma işləri və 2024-cü ildə dövlət bayrağımızın yenidən ucaldılması xüsusi tarixi-mənəvi ardıcıllıq təşkil edir.

Bakının Xəzərə açılan yaxasında ucaldılmış nəhəng Bayraq dirəyi və dünya rekordları ilə tanınan bayrağımızın yalnız mühəndislik başarısı olmadığı bəllidir; o, dövlətin öz rəmzinə verdiyi dəyərin, milli qürurun və müstəqillik iradəsinin monumental ifadəsidir.

2025-ci ildə ölçüləri 40X80 metr olaraq təsdiqlənən, 201 metrdən artıq hündürlüyü olan dirəkdə dalğalanan bayrağımızın miqyası heyranlıq doğurur. Ancaq bu ucalığın daha dərin anlamı vardır: Azərbaycan öz dövlətçilik rəmzini yalnız qorumaqla yetinmir, onu dünya miqyasında görünən, tanınan, sayğı doğuran bir dəyərə çevirir.

Bununla belə, bayrağımızın ən böyük ucalığı nə paytaxtın göyüzünə ucalan dirəklə, nə də Ginnes rekordları ilə məhdudlaşır. – Onun ən böyük ucalığı Şuşadadır, Xankəndidədir, Xocalıdadır, Laçındadır, Kəlbəcərdədir – bir sözlə, Vətənin azad edilmiş bütün şəhər və kəndlərindədir!
Bir zamanlar həsrətlə baxdığımız torpaqlarda bu gün öz bayrağımız dalğalanır, öz!..

2010-cu ildə Dövlət Bayrağı Meydanının açılışında Prezident İlham Əliyevin Şuşada və Xankəndidə Azərbaycan bayrağının dalğalanacağına dair ifadə etdiyi qətiyyət tarixi gerçəkliyə çevrildi.
2020-ci ilin 44 günlük savaşı və 2023-cü ilin sentyabrında dövlət suverenliyimizin tam bərpası bayrağımıza yeni tarixi anlam qazandırdı.

Müzəffər Ali Baş Komandanın azad edilmiş torpaqlarımıza səfərlərində dövlət bayrağımızı şəxsən ucaltması suverenliyin bərpasının, tarixi ədalətin və milli iradənin təsdiqidir.
O şan-şərəfli anlarda bayraqla bərabər tarix öz yerinə qayıdırdı, tarix!..

Dəmir Yumruğun qətiyyəti ilə qazanılmış Zəfər bayrağımızı Vətənin bütöv göyüzündə bəngü dalğalandırmaq əzminin ifadəsinə çevrildi.

8 Noyabrdan 9 Noyabra keçən saatlar – Zəfərin Bayrağa, Bayrağın Gələcəyə qovuşmasının özüydü!
Azərbaycan təqvimində 8 Noyabr Zəfər Gününün ardınca 9 Noyabr Dövlət Bayrağı Gününün gəlməsi özlüyündə dərin rəmzi anlam daşıyır.
Bir gün torpağın qurtuluşuna, ertəsi gün həmin azadlığın ən uca dövlətçilik rəmzinə həsr olunur.
Sanki tarix özü bu iki günü yanaşı gətirməklə bizə böyük bir həqiqəti anlatmaq istəyir: Zəfər Bayrağı ucaldır, Bayraq isə Zəfəri bəngüləşdirir!
Dünən Şuşanın qurtuluşunu bayram etdik, bu gün Şuşada və respublikamızın bütün suveren ərazisində dalğalanan bayrağımızı salamlayır, alqışlayırıq.
Bu iki bayramın mənəvi vəhdəti Azərbaycanın çağdaş dövlətçilik fəlsəfəsinin də özəyini təşkil edir. – Bayraq həm keçmiş uğurların rəmzi, həm bugünümüzün mahiyyəti, həm də gələcək qarşısında öhdəlikdir.
Onunla qürur duyan hər bir vətəndaş dövlətin güclənməsinə, toplumun mənəvi yüksəlişinə, hüququn aliliyinə, mədəniyyətin zənginləşməsinə və milli birliyin qorunmasına öz töhfəsini verməlidir. Bayrağa layiq olmaq ləyaqətin düsturudur. – Bayrağa sayğı yalnız onu bayram günlərində ucaltmaqla olmur; onun təmsil etdiyi dəyərlərə gündəlik yaşamımızda sədaqət göstərməliyik. – Dövlət Bayrağı həm də vətəndaş məsuliyyətinin mənəvi ölçüsüdür.

Üç boya – bir Vətən, bir dövlət, bir gələcəyin rəmzidir!
Bayrağımızın boyaları ayrı-ayrı tarixi-mədəni qaynaqları ifadə etsə də, onların yaratdığı anlam Bütöv Azərbaycan kimliyidir.
Bu bayraq altında ölkəmizdə yaşayan bütün etnik və dini toplumların nümayəndələri eyni dövlətin vətəndaşları olaraq birləşir. Onların ortaq siyasi Vətəni Azərbaycandır.

Bayrağımız türk kimliyimizin, həm mənəvi-mədəni irsimizin, həm də çağdaş və dünyəvi dövlətçilik idealımızın ifadəsidir.
O, Türk dünyası ilə ortaq tarixi yaddaşımızı yaşatdığı kimi, müstəqil Azərbaycanın uluslararası aləmdə özünəxas yerini də təcəssüm etdirir.

Qutlu bayrağımız BMT-nin önündə, diplomatik nümayəndəliklərimizdə, uluslararası toplantılarda, elm, mədəniyyət və idman meydanlarında dalğalanır – Azərbaycan adlı dövlətin varlığını, iradəsini və ləyaqətini dünyaya nümayiş etdirir.
Ancaq onun ən doğma məkanı yenə də bizim könlümüzdür.
Bayrağın ən böyük dayağı ulusdur!
Bayrağın ən güclü qoruyucusu ulus birliyi, dövlətçilik şüuru və vətəndaş sədaqətidir!
Bayrağın ən böyük gələcəyi isə onu sevən, onunla azad, bilikli, yaradıcı və ləyaqətli yaşamağı bacaran yeni nəsillərdir!

Bəli, 2026-cı ilin 9 Noyabrında biz artıq müstəqilliyini bərpa etmiş dövlətin bayrağı ilə birgə ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş Azərbaycanın üçboyalı qürurunu bayram edirik!
Bu şanlı günün arxasında şəhidlərimizin qutlu anısı, qazilərimizin yenilməzliyi, ulusumuzun birliyi, dövlətimizin siyasi iradəsi – Dəmir Yumruq dayanır.

Bayrağımızın ucalığına baxarkən yalnız göyüzünü görmürük; Cümhuriyyət qurucularımızın ideallarını, istiqlal mübarizəmizin ağrılarını, Zəfərimizin əzəmətini və gələcək nəsillərin ümidlərini də görürük.
Bayraq – keçmişdən gələcəyə uzanan dövlətçilik körpümüzdür. Bayraq – bərəkətli torpağın işıqlı göyüzündəki imzası, ulusun özgüvəni, dövlətin haqlı bəngülük iddiasıdır!
Nə qədər ki bu bayraq ucalır, Azərbaycan da öz tarixi yolunda ucalmaq, yenilənmək, güclənmək əzmində olacaq!
Qutlu bayrağımız yalnız küləklə dalğalanmır; o, tariximizin nəfəsi, şəhidlərimizin ruhu, ulusumuzun iradəsi ilə dalğalanır!

BAYRAĞIMIZ UCALARDAN UCALARDA DALĞALANSIN!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

9 NOYABR – DÖVLƏT BAYRAĞI GÜNÜMÜZ QUTLU OLSUN!


MANŞET XƏBƏRLƏRİ