
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli
VIII yazı
Türk xalqlarının Xəzər dənizinin bütün ətrafında yaşayan yerli millət olması məsələsinin kəsinləşməsi yalnız Azərbaycan türkləri deyil, bütün türklərin problemidir. Zatən, Turan İmperiyasının nüvəsi olan türklərdən bir hissəsinin sonralar daha çox “Azərbaycan türkləri” kimi tanınması onların ümumtürk xəzər/azər/ kaz/quz /kas adlarını daşımasıyla bağlıdır. Bu günə qədər Xəzər dənizinə onlarla adlar verilmişdir ki, ancaq onlar arasında Xəzər, Türk, Quz, Kaspi, Kas, Oğuz kimi adların önə çıxmışdır. Deməli, Xəzər dənizinə verilən adlarla, onun hər iki sahilinə verilən yer adları Azərbaycan, Xəzər, Qazaxıstan, Oğuz, Qafqaz, Kazbek, Kepez bir-birini tamamlamışdır. Bu anlamda Xəzər dənizinin bütün ətrafında yaşayan türkləri dar anlamda birləşdirən Azərbaycan/ Xəzərbaycan, Qazax Eli, Türkmən Eli, Oğuz Eli, Qıpçaq Eli geniş anlamda isə Turan İmperiyası olmuşdur. Bu anlamda sonralar və hazırda Azərbaycan türklərinin Xəzərlərin davamçısı kimi “Azərbaycan” ya da “Xəzərbaycan” anlayışlarıyla yanaşı Turan ülküsünə sahib çıxmaları təbiidir.
Yaqut əl-Həməvi də Azərbaycan sözünün kökündəki “azər” kəliməsinin “xəzər” sözüylə eyni mənalılığından bəhs etmişdir.[1] Türkmən şairi Əndalıp “Oğuznamə” əsərində Azərbaycanı Xəzərbeycan kimi qələmə vermişdir.[2]Türkmənlərin Koroğlusu da özünü xəzərbeycanlı adlandırır.[3] Türkmənistan türkmənləri indinin özündə də Xəzərbecan, Xəzərbaycan ifadələrini işlədirlər ki, [4] deməli, bütün zamanlarda azər (as ər) və xəzər (kas/qaz/ xaz ər) sözləri eyni mənanı, türklüyü və turanlılığı ifadə etmişdir.
Firudin Ağasıoğluna görə aslar/azlar türklərlə bağlı olub, azər, ya da xəzər sözləri onlarla bağlıdır.[5] O, yazır: “Türk boy (tayfa) adlarının ər sözü ilə işlənməsi geniş yayılmış hadisədir. Məsələn, xəzər, suvar, avar, tatar, qamər, göyər, dügər, nadar, qacar və sairə. Ona görə də, mütəxəssislər düzgün olaraq, azər boyadını (etnonimi) az və ər hissələrinə ayrırlar. Eyni qayda ilə xəzər boy adı da belə hissələrə bölünür. Və hər iki adın başında gələn az və xəz sözünün eyni ad olması ortaya çıxır”.[6] Bu baxımdan biz də, F.Ağasıoğlu kimi o fikirdəyiz ki, Oğuzlar, Xəzərlər/Azərlər ölkəsi anlamına gələn Azərbaycan kəliməsinin Strabonun irəli sürdüyü Atropatena, Aturpatakan anlayışılarına heç bir aidliyi yoxdur.[7] Başqa sözlə, iranlıların/arilərin oda sitayişdən dolayı bu əraziləri “odlar ölkəsi”, “od tanrısının yeri”, “od evi”, “od qoruyucusu”, “odla abadlaşdırılmış ölkə” adlandırması bir şey, turanlıların/türklərin isə milli kimlikləri ilə bağlı yaşadıqları coğrafiyaya “xəzərlər/azərlər ölkəsi”, “oğuzlar ölkəsi”, “türklər/ turanlılar ölkəsi”, “bayların uca yeri” adlandırması tamam başqa şeydir.[8] Sadəcə biz, F.Ağasıoğlundan fərqli olaraq Azərbaycan türklərinin millət və dil adının uyğun olaraq “azər xalqı” və “azər dili” adlandırılmasını doğru saymırıq.[9]
Məhəmmədtağı Zehtabi yazır ki, Türk xalqları bu coğrafiyanın aborigen, yerli əhalisi olub, Şumerlərdə Türk mənşəli xalq olmuşdur.[10] O, bu əsərində göstərməyə çalışır ki, farsdillilər isə çox sonralar türklərin yaşadığı bu ərazilərə gəlmiş və bir çox yerli mədəniyyətlərdən faydalanmışdır. Zehtabi yazırdı: “Aparılan əsaslı araşdırmalara görə, türklər İranda altı min il əvvəl yaşamış və əhalinin əksəriyyətini təşkil etmişlər. Bu nisbət bu gün də dəyişməmişdir. Güney Azərbaycan sərhədlərindən xeyli uzaqlarda olan və İranın mərkəzi əyalətlərindən sayılan Həmədan, Savə, Zərənd, Əsədabadın əhalisi həmişə farsdilli kimi qələmə verilmişdir. Bu, tamamilə yanlışdır. Bu gün də, bütün tarix boyu da oranın sakinləri türklər olmuşdur. Bunu oradakı qazıntılar zamanı tapılmış gil lövhələr, o yerlərin toponimikasi, folkloru, ədəbiyyatı təsdiq edir”.[11]
O yazırdı ki, aryan-fars qövmlərinin bu bölgəyə gəlişinə qədər, burada 3500 illik möhtəşəm mədəniyyətlər və dövlətlər olmuşdur. Zehtabiyə görə, bu kültürü yaradanlar günümüz İraq coğrafiyasında əski Şümerlər, günümüz İranın qərbində, mərkəzində və bütün Azərbaycan və Xəzərin güneyində Arattalar, Elamlar, Kassilər, Hurrilər, Kutilər, Lillibilər, Gilzanlar, Amerdlər, Kaspilər, Mannalar və Urartular olmuşdur; Əski tarix uzmanlarının böyük bir qrupu bu boyların iltisaqi dillərdə danışdığını və Mərkəzi Asiyadan gəldiyini təsbit etmişlər.[12]
O, iltisaqi dilləri bugünkü Türk dilinin kökü olaraq görmüş, bu coğrafiyadakı əski qövmlərin tamamının iltisaqi dillərdə danışdığı, iltisaqi dillərin mütləq Türkcə olduğu mövzusunda elm dünyasında bir-birindən fərqli görüşlərin mövcudluğunu yazmışdır. Zehtabiyə görə, ancaq fars qövmlərinin gəlişinədək burada Hind-Avropa dillər qrupuna daxil olan xalqların yaşaması elm tərəfindən bilinməməkdədir. Hind-Avropa tayfaları bu bölgəyə gələnə qədər burada daha çox Türk xalqları olmuş, ondan sonra Sami, Elam və digər xalqlar da mövcud olmuşdur. Zehtabi yazır ki, Pasagard qəbiləsinin öndərliyində, şərqdən İran coğrafiyasəna gələrək on dənə fars qəbiləsindən oturaq həyata keçən üçü Fars əyalətində, yeddisi isə Kirmanda yerləmişdir: “Bu on Hind-Avropa dilli qövm, Firdovsinin “Şahnamə”də göstərdiyi kimi İran yaylasına gəlincə, tamamilə fərqli həyat sürmüşlərdir. Onların yerləşdiyi bölgədə inkişaf etmiş mədəniyyətə sahib iltisaqi dillə danışan yerli xalqların (elamlar, kassilər, elliplər) bir neçə yüzil idarəsi altında yaşayaraq onlardan kültür, inkişaf etmiş həyat və yaşayış tərzi, əlifba, yazı və s. öyrənmişlərdir”.[13]
Zehtabi “İslama qədər İran türklərinin dili və ədəbiyyatı” əsərində də yazırdı ki, ana dilimiz və ədəbiyyatımızın neçə min illik vəziyyəti, keçdiyi yolları, uğradığı müsbət və mənfi hadisələri bilmək və araşdırmaq üçün Azərbaycan Türk xalqının ümumiyyətlə, çağadaş İran türklərinin o dövrdəki durumuyla tanış olması zəruridir.[14] Zehtabi daha sonra yazırdı ki, tarixə məlum olan miladdan 4-5 min il əvvəldən İslama qədərki uzun bir dövrdə cağdaş “İran”ın bütün Qərbi, Mərkəzi və Xəzərin cənub əyalət və mərkəzlərində, Quzey və Güney Azərbaycan da daxil olmaqla, həmişə Türk soylu ellər, qəbilələr, el birləşmələri və xalqları yaşayıb, bəşəriyyətin və “İran”ın ən əski və ən zəngin mədəniyyətini, hünəri və sənətini yaradaraq, onunla bütün Yaxın Şərq, Misir və hətta Avropaya örnək olmuş və yol göstərmişlər. O, yazır: “Cağdaş İranın bu göstərdiyimiz yerlərinin həmişə türk olmuş əhalisi, göstərdiyimiz min illiklərdə vahid Türk dilində danışmış, bəşəriyyətin ən yuksək mədəniyyətlərindən birini yaratmışlar”.[15]
Beləliklə, demək istədiyimiz odur ki, Azərbaycan Türk alimləri Ön Asiyada, Orta Asiyada, Kiçik Asiyada türklərin yerli olması məsələsini ortaya qoymaqla dar anlamda Azərbaycan türklüyünü, geniş anlamda isə Turan türklüyünü müdafiə etmiş olurlar. Türklərin Ön Asiyaya və ona həmhüdud ərazilərə “gəlmə” xalq olması nəzəriyyəsinin puçluğunun ortaya çıxarılması, yalnız Azərbaycan türkləri deyil, onun Qərbində olan Anadolu türkləri və Şərqində olan Türküstan türkləri qədər eyni dərəcədə önəmlidir. Ona görə də, Qərb ideoloqlarının bütün uydurmalarına baxmayaraq, bunun təsirindən az-çox kənarda qalan Türk və əcnəbi alimlərdən M.Ə.Rəsulzadə, N.Qrablis, Hommel, Oppert, Says, M.H.Vəliyev, Ziya Bünyadov, Y.Yusifov, O.Tuna, T.Hacıyev, M.Adcı, F.Ağasıoğlu və başqalarının Turanlıların yalnız Ön Asiyaya deyil, Kiçik Asiyaya da guya “gəlmə” xalq olması nəzəriyyəsinə qarşı çıxaraq, bu ərazilərin yerli əhalisi olması müddəasını dəstəkləmələrini çox vacib hesab edirik. Bu baxımdan Azərbaycan, Türkiyə, Türküstan alimləri arasında məhdud türklükdən deyil, Turan türklüyü kimi geniş anlamdan çıxış edilib Ön Asiya və Kiçik Asiyada Türklərin “gəlmə” deyil, yerli olması nəzəriyyəsini dəsətəkləyənlərin sayının artırılması da diqqətçəkicidir. Əgər əvvəllər Qərb alimlərinin təsiri altında Türk alimlərinin çoxu Türklərin hətta, iranlılardan sonra ya da onlarla birlikdə Ön Asiyaya, Kiçik Asiyaya gəlməsi fikrini müdafiə edirdilərsə, əsil həqiqətlər gün işığına çıxdıqca artıq vəziyyət xeyli dərəcədə dəyişməkdədir.
Turanın İrandan qədimliyi mülahizəsini “Avropamərkəzçiliyə” zərbə sayan qərbçi ideoloqlar bir tərəfdən Turanı Ariyanın aşağı budağı, digər tərəfdən isə türklərin çox sonralar Ön Asiyaya gəlməsini yazmaqla çıxış yolu tapmağa çalışmışlar. Bununla da, “Avropamərkəzçilər” Turana aid əski yerli tayfaları ya zorla Hind-Avropa nəzəriyyəsinə bağlamağa çalışmış, ya da bu baş tutmadıqda onları naməlum tayfalar elan etmişlər.[16] Başqa sözlə, İranlılarla müqayisədə Turanlıların aborigenliyinin daha inandırıcı olduğunu görən “Avropamərkəzçi”lər, bundan çıxış yolu kimi iki versiyanın üzərində dayanmışlar: 1) Turanlılar Ari/İranın aşağı budağıdır, yəni turanlılar iranlılarla bir yerdə Ön Asiya və Orta Asiyaya gəlmişlər, 2) Sadəcə, çox sonralar Turan adını mənimsəyən Türklərin əsas vətənləri isə Ural-Altay ərazisidir (“Ural-Altay Türk ailəsi” nəzəriyyəsi).
[1] Yenə orada, s.25
[2] Əndəlib. Oğuznamə. Bakı, “Ulu”, 2010, s.44
[3] Ağasıoğlu F. Azər xalqı. Bakı, “Ağrıdağ”, 2000, s.33
[4]Ağasıoğlu Firudin. Azərbaycan Türklərinin İslamaqədər tarixi. III Bitik: Azərbaycanda qurulan qədim dövlətlər. Bakı, “Ağrıdağ”, 2014, s.370
[5] Ağasıoğlu F. Azər xalqı. Bakı, “Ağrıdağ”, 2000, s.12-17
[6] Yenə orada, s.33
[7] Ağasıoğlu F. Azərbaycan Türklərinin İslamaqədər tarixi. I Bitik: Tarixi qaynaqlar. Bakı, “Ağrıdağ”, 2014, s.15, 22
[8] Ağasıoğlu F. Azərbaycan Türklərinin İslamaqədər tarixi. II Bitik: Tarixi coğrafiya. Bakı, “Ağrıdağ”, 2014, s.108, 117
[9] Ağasıoğlu F. Azər xalqı. Bakı, “Ağrıdağ”, 2000, s.23
[10] Zehtabi M.T. İran Türklərinin qədim tarixi. Bakı, “Şəms”, 2010, s.46