Rusiya Azərbaycana güclü silah verməyə hazırlaşır – Şuqayev yeni hərbi planı açıqladı!


Rusiya Azərbaycana “Pantsir-S1” zenit-raket və top komplekslərinin tədarükü ilə bağlı razılaşmanın əldə olunacağını istisna etmir.

Turkustan.az xəbər verir ki, bu barədə Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev “Zvezda” telekanalının efirində bildirib.

Şuqayev Rusiyanın “Pantsir-S1” hava hücumundan müdafiə komplekslərinin xarici sifarişçilər arasında böyük tələbat gördüyünü açıqlayıb.

“Bu məhsula sifarişçilərimiz arasında çox böyük tələbat var. Düşünürəm ki, müəyyən müddətdən sonra Azərbaycanla da razılığa gələcəyik və onlar da bu sistemləri əldə edəcəklər”, – deyə o bildirib.

Rusiya rəsmisi Azərbaycanla hərbi-texniki əməkdaşlığın digər istiqamətləri barədə də məlumat verib.

Onun sözlərinə görə, iki ölkə arasında Azərbaycan Ordusunun silahlanmasında olan zirehli texnikaların təmiri üçün obyektlərin modernləşdirilməsini və yeni müəssisələrin tikintisini nəzərdə tutan proqram imzalanıb.

“Biz bu gün yalnız hazır hərbi məhsullar təklif etmirik, həm də hərbi-texnoloji əməkdaşlıqda iştirak edirik. Azərbaycan Ordusunun silahlanmasında olan zirehli texnikaların təmiri obyektlərinin modernləşdirilməsini və tikintisini nəzərdə tutan bütöv bir proqram imzalanıb”, – deyə Şuqayev vurğulayıb.

“Pantsir-S1” Rusiyanın Tula şəhərində yerləşən Konstruktor Bürosu tərəfindən hazırlanmış zenit-raket və top kompleksidir. Sistemin yaradılması üzərində işlər 1989-cu ildə başlanıb, ilk sınaq nümunəsi isə 1994-cü ildə hazırlanıb. Kompleksin ilkin variantları 2000-ci illərdə istifadəyə verilib, 2012-ci ildə isə Rusiya ordusu tərəfindən rəsmi olaraq silahlanmaya qəbul edilib.

Kompleksin əsas vəzifəsi hərbi obyektləri, aerodromları, strateji infrastrukturu və digər hava hücumundan müdafiə sistemlərini təyyarələrdən, helikopterlərdən, qanadlı raketlərdən və pilotsuz uçuş aparatlarından qorumaqdır.

“Pantsir-S1” kompleksinin əsas texniki göstəriciləri belədir:

- Raketlərin maksimum atəş məsafəsi: 20 kilometr.
- Hədəfləri məhvetmə hündürlüyü: 10 kilometrədək.
- Raket sayı: 12 ədəd idarəolunan zenit raketi.
- Top silahlanması: iki ədəd 30 millimetrlik avtomatik top.
- Topların atəş məsafəsi: 4 kilometrədək.
- Radarın aşkarlama məsafəsi: təxminən 32–36 kilometr.
- Eyni vaxtda vurula bilən hədəflər: 4 hava hədəfi.

Kompleksin əsas xüsusiyyətlərindən biri raket və top silahlarının eyni döyüş maşınında birləşdirilməsidir. Sistem radar və optik-elektron avadanlıqlarla təchiz olunub, müxtəlif hava hədəflərini aşkarlamaq, izləmək və onlara atəş açmaq imkanına malikdir.

“Pantsir-S1”in modernləşdirilmiş variantları da hazırlanıb. Onlardan “Pantsir-S1M” modelinin raketlərlə hədəfi vurma məsafəsi 30 kilometrə, “Pantsir-SM” variantında isə 40 kilometrədək artırılıb. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ