Nurlana Mustafayeva
Filologiya elmləri doktoru, dosent
Türkiyə – Ardahan Universiteti, Çağdaş türk ləhcələri və ədəbiyyatları kafedrası
Azərbaycan – Bakı Slavyan Universiteti, Balkanşünaslıq kafedrasının müdiri
Cenevrədə səslənən Azərbaycan-Türkiyə çağırışından
Balkanların tarixi yaddaşına uzanan insan hüquqları məsələsi
Bir ana övladına ilk sözləri hansı dildə öyrədirsə, həmin dil evin divarları arasında qalmamalı, məktəbin qapısından da içəri keçə bilməlidir. Bir ata özünü hansı adla tanıyırsa, övladı da o adı çəkinmədən söyləməlidir. İnsan hüquqları bəzən beynəlxalq müqavilələrdə deyil, bir məktəbin taleyində, bir uşağın ana dilində oxuduğu ilk kitabla sınağa çəkilir. Qərbi Trakya türklərinin bu gün yaşadığı çətinliklərin mahiyyətində məhz bu sadə, lakin həyati məsələlər dayanır.
Gümülcinə, İskeçə, Dədəağac... Bunlar Azərbaycan oxucusu üçün uzaq coğrafiyanın adları kimi səslənə bilər. Lakin o yerlərdə yaşayan insanlar üçün hər bir ad nəsillərin yurdu, ata-baba ocağı, məscidin azanı, məktəb zəngi, toy mahnıları, rəqslər, ana laylası deməkdir. Bir toplumun varlığını yaşadan yalnız onun keçmişi deyil eyni zamanda gələcək nəsillərin öz dilində danışmaq və öz kimliyini sərbəst ifadə etmək imkanıdır.
Qərbi Trakya türklərinin problemlərinin araşdırılması müasir türkoloji və azsaylı xalqların hüquqları baxımından aktuallıq kəsb edir. Bu aktuallıq Balkan yarımadasında yaşamalarına baxmayaraq, ortaq dil, tarix və mədəniyyət baxımından türk dünyasının ayrılmaz vacib tərkib hissəsi olan Qərbi Trakya türklərinin keçmişinin araşdırılması ilə məhdudlaşmır, eyni zamanda qloballaşma, miqrasiya və assimilyasiya proseslərinin təsiri altında üzləşdikləri problemlərin, onların tarixi yaddaşının, milli kimliyinin, dilinin, mədəniyyətinin, sosial-iqtisadi və siyasi vəziyyətinin kompleks və sistemli şəkildə tədqiqini zəruri edir.
Qərbi Trakya türklərinin hüquqlarının pozulması, BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmalı çərçivəsində Yunanıstanın insan hüquqları sahəsindəki fəaliyyəti müzakirə olunarkən Türkiyə və Azərbaycanın Cenevrədə bəyan etdikləri mövqeləri hansı əsaslara dayanır.
Qərbi Trakya haradır və oradakı türklər kimlərdir?
Qərbi Trakya Balkan yarımadasının cənub-şərqində, Yunanıstanın şimal-şərqində yerləşir. Şərqdə Meriç (Evros) çayı boyunca Türkiyə ilə həmsərhəddir, şimalda Bolqarıstana, cənubda Egey dənizinə açılır. Qərb istiqamətində isə Karasu (Nestos, Mesta çayına qədər uzanır. Bölgənin əsas ərkəzləri Gümülcinə (Komotini), İskeçə (Ksanti) və Dədəağacdır (Aleksandrupolis). Bu gün onlar Yunanıstanın qədim türk yurdları olan Şərqi Makedoniya və Trakya inzibati bölgəsinin tərkibindədir.
Qərbi Trakya türkləri məhz bu torpaqlarda əsrlərdir yaşayan, türk dilini, dini və mədəni ənənələrini qoruyub saxlamış aborigen əhalidirlər. Onlar Türkiyədən son dövrlərdə köçüb gəlmiş insanlar deyil. Onların böyük bir qismi Osmanlı dövründən əvvəlki nəsillərin davamçıları olan, lakin bu gün Yunanıstan vətəndaşlığı daşıyan insanlardır. Bölgənin müsəlman əhalisi etnik baxımdan yekcins deyil təbii ki. Özünü türk kimi tanıyanlarla yanaşı, pomak və roma mənşəli müsəlman icmaları da yaşayır. Bu müxtəliflik heç kimin öz etnik mənsubiyyətini sərbəst ifadə etmək hüququnu aradan qaldırmır.
Qərbi Trakyadakı müsəlman və türk əhalinin sayı barədə müxtəlif mənbələrdə fərqli məlumatlar verilir. Buna görə vahid, dəqiq etnik saydan danışarkən ehtiyatlı olmaq lazımdır. Lakin rəqəmlərdən asılı olmayaraq bir həqiqət dəyişmir ki, bu insanların dili və mədəniyyəti bölgənin tarixi simasının ayrılmaz hissəsidir.
Qədim zamanlardan yaşamalarına baxmayaraq, türklərin Trakyadakı genişmiqyaslı məskunlaşması XIV əsrdə Osmanlı hakimiyyətinin bölgəyə yayılması ilə möhkəmləndi. Anadolu ərazilərindən köçürülən türk ailələri, o cümlədən yörük (tərəkəmə) icmaları kəndlər saldı, əkinçilik və sənətkarlıqla məşğul oldu. Zaman keçdikcə Gümülcinə və İskeçə ətrafında məscidlər, mədrəsələr, məktəblər, körpülər və vəqflər tikildi. Bu miras yalnız daş abidələrdə deyil, yer adlarında, ailə xatirələrində, şifahi xalq ədəbiyyatı nümunələrində yaşadı.
XX əsrin əvvəlləri həmin coğrafiya üçün sarsıntılar dövrü oldu. 1912-1913-cü illərin Balkan müharibələri Osmanlı idarəçiliyinin sona çatmasına gətirib çıxardı. 1913-cü ildə Gümülcinə mərkəzli qısamüddətli Qərbi Trakya hökuməti quruldu, lakin bölgədə siyasi hakimiyyət yenidən dəyişdi. Birinci Dünya müharibəsindən sonrakı proseslərin ardınca Qərbi Trakya 1920-ci ildə Yunanıstan idarəçiliyinə keçdi. 1923-cü il Lozan sülh müqaviləsi onun yeni beynəlxalq-hüquqi vəziyyətini müəyyənləşdirdi.
1923-cü ilin əhali mübadiləsi haqqında Türkiyə-Yunanıstan razılaşmasında İstanbul yunanları və Qərbi Trakya müsəlmanları məcburi mübadilədən istisna edildi. Bu qərar minlərlə insanın ata-baba torpağında qalmasına imkan verdi. Deməli, Qərbi Trakya türklərinin oradakı varlığı müasir siyasi iddiadan çox daha əvvəllərə uzanan tarixi, sosial və insani gerçəklikdir. Sərhədlər dəyişdi, idarəçilik dəyişdi, amma kəndlərin yaddaşı, ailə adları, ana dili, adət-ənənələri yaşamaqda davam etdi.
Qərbi Trakya türklərinin hekayəsində məktəbin xüsusi yeri var. Türk Maarif Ensiklopediyasında Ayşə Aksunun araşdırması göstərir ki, 1951-ci il Türkiyə-Yunanıstan Mədəniyyət Sazişi dərslik və müəllim mübadiləsinə imkan yaratdı. Gümülcinədə Cəlal Bayar liseyinin, 1964-cü ildə İskeçədə Müzəffər Salihoğlu liseyinin fəaliyyətə başlaması azlıq təhsili üçün mühüm hadisələr idi. Hətta 1954-cü ilin hüquqi sənədlərində “türk məktəbləri” ifadəsi işlədilirdi.
Sonrakı onilliklərdə məktəblərin idarə olunması, müəllimlərin hazırlanması, dərsliklərin təsdiqi və türk dilinin tədrisi məsələləri ətrafında mübahisələr dərinləşdi. Bir zaman məktəbin lövhəsində görünən sözün sonradan hüquqi və siyasi mübahisə predmetinə çevrilməsi Qərbi Trakyada kimlik məsələsinin nə qədər həssas olduğunu göstərir.
Ensiklopediyada 2008-2009-cu tədris ilində bölgədə 193 azlıq ibtidai məktəbinin fəaliyyəti qeyd olunur. Türkiyə Xarici İşlər Nazirliyinin 19 iyul 2026-cı il açıqlamasına görə isə daha səkkiz məktəbin fəaliyyətinin dayandırılması qərarından sonra azlıq ibtidai məktəblərinin sayı 76-ya endirilmişdir. Bu göstəricilər fərqli dövrlərə aiddir və azalma səbəbləri ayrıca təhlil tələb edir. Yunanıstan rəsmiləri məktəblərin bəzilərində tədrisin dayandırılmasını şagird sayının azalması ilə əsaslandırır. Milli azlıqların məktəblərinin hüquqi statusu problemləri vardır.
Lakin bir məktəbin qapadılması heç də bir binanın boş qalması deyil. Bəzən o, kəndin son türk dilli sinfinin, müəllimlə şagird arasında qurulan mənəvi bağın qırılması deməkdir. Əlbəttə, azsaylı şagirdlə təhsil təşkil etməyin çətinlikləri var. Ancaq çıxış yolu uşağın öz dilində təhsil almasını imkansız etmək yox, azlığın ehtiyaclarına uyğun həlli yolunu axtarmaq olmalıdır. Türk-yunan ikidilli uşaq bağçaları, məktəblərin idarəçiliyində valideynlərin iştirakı və keyfiyyətli dərslik təminatı da məhz buna görə aktuallığını saxlayır.
Qərbi Trakya türklərinin problemləri məktəblə məhdudlaşmır. Özünü türk kimi tanıyan icma üzvlərinin dərnək adlarında “türk” sözünü işlətməsi, seçilmiş müftilərin statusu, dini qurumların və vəqflərin idarə edilməsi, nifrət nitqi və ayrı-seçkilik şikayətləri uzun illərdir müzakirə olunur. Avropa İnsan Hüquqları Məhkəməsinin İskeçə Türk Birliyi və digər təşkilatlarla bağlı qərarları birləşmək azadlığının hüquqi əhəmiyyətini açıq göstərir.
Yunanıstanın rəsmi mövqeyinə görə, Lozan müqaviləsi Qərbi Trakyadakı azlığı etnik deyil, dini mənsubiyyət əsasında “müsəlman azlığı” kimi tanıyır. Afina 2022-ci il qanunvericiliyində müftilərin seçilməsi prosesində azlıq nümayəndələrinin iştirakı üçün mexanizm yaradıldığını vurğulayır. Türkiyə və Qərbi Trakyanın türk icmasının təmsilçiləri isə milli kimlik, dini özünüidarə və təşkilatlarının fəaliyyəti sahəsində problemlərin davam etdiyini bildirirlər.
Burada ən vacib məsələ iki ölkənin fərqli izahlarından daha böyükdür. Bir insanın Yunanıstan vətəndaşı olması onun özünü türk kimi tanıtmaq hüququ ilə ziddiyyət təşkil etməməlidir. Vətəndaşlıq dövlətlə hüquqi bağlılığı, milli kimlik isə insanın dilini, mənəvi mənsubiyyətini və yaddaşını ifadə edir. Bir ana qızına türk dilində layla oxuyursa, həmin qızın böyüyəndə “türk” sözünü adında istifadə etməsi niyə qorxu və təhlükə doğurmalıdır?
2026-cı il noyabrın 2-də Cenevrədə BMT İnsan Hüquqları Şurasının Universal Dövri İcmalı çərçivəsində Yunanıstanın insan hüquqları sahəsindəki fəaliyyəti nəzərdən keçirildi. Türkiyə və Azərbaycan eyni iclasda, lakin ayrı-ayrı çıxışlarla Qərbi Trakya türkləri ilə bağlı narahatlıqları gündəmə gətirdilər.
Türkiyə türk kimliyinin tanınmasını, seçilmiş müftilərin statusuna yenidən baxılmasını, türk dərnəkləri haqqında Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarının icrasını, milli azlıq məktəblərinin fəaliyyətinin qorunmasını, ikidilli uşaq bağçalarının açılmasını və vəqflərin idarəçiliyinə dair problemlərin həllini tövsiyə etdi. Ankara türk icmasına qarşı nifrət nitqinin araşdırılmasını da istədi.
Azərbaycan isə etnik və dini azlıqların təhsil, dini həyat və mədəni irs hüquqlarının qorunmasını, xüsusilə siyasi çıxışlarda və mediada türk icmasını hədəfə alan ayrı-seçkiliyə və nifrət nitqinə qarşı səmərəli tədbirlərin görülməsini tövsiyə etdi. Bakı və Ankaranın bu çıxışları vahid imzalanmış bəyanat deyildi. Bununla belə, onların eyni beynəlxalq müzakirədə dil, kimlik və insan ləyaqəti məsələlərinə toxunması Azərbaycan-Türkiyə həmrəyliyinin hüquqi məzmununu da əks etdirirdi.
Azərbaycan və Türkiyənin bu məsələdə eyni mövqedən çıxış etməsi ilk növbədə, ədalətə və hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına əsaslanırdı. Doğrudur, Bakı ilə Ankara arasında 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsi imzalanmışdır. Qərbi Trakya türklərinin hüquqları həmin sənəddən deyil, Yunanıstanın beynəlxalq öhdəliklərindən və ümumi insan hüquqları normalarından irəli gəlir. Beynəlxalq aləmdə Azərbaycan və Türkiyənin bərabər hərəkət etmələri və həmrəyliyi duyğusallıqdan uzaqdır.
Universitetlər və elm adamları nələri edə bilər?
Batı Trakya türklərinin vəziyyəti universitetlərin və elm adamlarının qarşısına bir sıra vəzifələr qoyur.
İlk növbədə, universitetlərdə Qərbi Trakiya türklərinin tarixi, dili, ədəbiyyatı, folkloru, milli kimliyi və hüquqi vəziyyətini araşdıran xüsusi elmi mərkəzlər yaradıla bilər. Bu mərkəzlər Qərbi Trakiya türklərinin tarixi, ədəbiyyatı ilə bağlı arxiv materiallarını toplaya, Osmanlı dövründən müasir dövrə qədər tarixi inkişafı araşdıra, türk icmasının dil, ədəbi və mədəni irsini sənədləşdirə, müasir dövrdə təhsil, dini azadlıq və milli kimlik məsələlərini tədqiq edə bilərlər.
İkincisi, illik elmi hesabatlar və analitik nəşrlər hazırlaya, ana dilində təhsil hüququna, milli və etnik kimliyin qorunmasına, dini və mədəni muxtariyyət məsələlərinə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasına və Balkanlarda türk mədəni irsinin qorunması mövzularında beynəlxalq elmi konfranslar, birgə akademik layihələri həyata keçirə bilər.
Üçüncüsü, alimlər yaşlı nəslin nümayəndələri ilə müsahibələr apara, folklor nümunələrini, xalq mahnılarını, dialektləri, adət-ənənələri və tarixi xatirələri toplayaraq rəqəmsal arxiv yarada bilərlər.
Batı Trakyada türklərin milli kimliyi, ana dili, tarixi, mədəniyyəti, adət-ənənələri düşünülmüş siyasətlə yunan hakimiyyəti tərəfindən itirilməyə çalışılır. Bu isə təkcə Batı Trakya türklərinin deyil, bütün türk dünyasının, ədalətdən danışan dövlətlərin və beynəlxalq təşkilatların qayğısı olmalıdır. Türkiyə və Azərbaycanın fəaliyyəti bir örnək olmalıdır.
Universitetlər, elm adamları Batı Trakya türklərinə dair araşdırmaları artıra və ortaq simpoziyumlar keçirilə bilər. Medianın məsələni daim gündəlikdə saxlaması fayda verər.
Gümülcinədə, İskeçədə və ya Dədəağac yaxınlığındakı bir kənddə məktəbə gedən uşaq çantasına yalnız dərslik qoymayacaq. O, ailəsinin yaddaşını, ana dilinin səsini, nəsillərdən gələn adını da özü ilə aparacaq. Məktəb onun üçün sadəcə sinif otağı deyil, gələcəyə açılan qapı olacaq.
Qərbi Trakya türklərinin səsi eşidiləndə yalnız milli bir azlığın problemi deyil, insanın milli kimliyini, öz adını, öz dilini və öz yaddaşını qorumaq haqqı eşidilmiş olacaq. Çünki bir dilin yaşaması bir toplumun sabaha inamı, bir məktəbin açıq qalması isə həmin inamın gələcək nəsillərə ötürülməsidir.
Salonikidəki Məktəbi Sənayenin tələbələri