Azərbaycan musiqisi xəzinəsinin inciləri Türkiyədə tapıldı


Kənan Hacı

Xanəndələrimizin 345 səs yazı üzə çıxarıldı

…Bir də var səs arxivi. Azərbaycanın səs xəzinəsi bizim mədəni irsimizdir və göz bəbəyi kimi qorunub gələcək nəslə çatdırılmalıdır. Məndə bu sahəyə marağı iki insan yaratdı. Muğam irsimizin tədqiqatçısı, şair Gülhüseyn Kazımlı və unudulmaz yazıçımız Əzizə Cəfərzadə yadigarı əziz Turan müəllim. Gülhüseyn müəllim rəsmi dövlət vəzifələrində çalışıb, ədəbi mühitdə Gülhüseyn Kazım imzası ilə tanınıb, böyük şairimiz Məmməd Araz vaxtilə ona “Uğurlu yol” yazıb. Şeirlərinə onlarla mahnı yazılıb. Gülhüseyn müəllimlə tanışlığımız mənim həyatıma bir ayrı məna qatdı. Bu haqda çox yazmışam, təkrara hacət görmürəm. O, Beynəlxalq Muğam Mərkəzində ustad xanəndələrimizlə bağlı möhtəşəm tədbirlərin təşkilatçısı və ideya rəhbəri idi. Bütün tədbirlərdə mənə xüsusi diqqət ayırırdı, elmi seminarlarda mənim çıxışlarımı təmin edirdi. O günləri minnətdarlıq hissiylə xatırlayıram. Bu söhbətləri daha sistemli aparmaqdan ötrü Turan müəllim Vatsap üzərindən “Şərq üçlüyü” adlı bir qrup da yaratmışdı. İndi o səs yazılarını dinləyirəm, içimə qəribə hisslər dolur. Gülhüseyn müəllimdən “necəsiniz” deyə soruşanda belə cavab verir: Orta vəziyyətdən bir az yuxarı!” Heç vaxt standart cavablar verməzdi.

Sonra bizə gənc tədqiqatçı Amin Namazlı da qoşuldu və biz artıq Kvartet olduq. Amindən söz düşəndə deyirdi ki, “bu uşaq əməlli-başlı tapıntıdır, onu qorumaq lazımdır”. Amindən diqqət və qayğısını əsirgəmirdi. Onu da yaradıcı əməkdaşlığa cəlb etmişdi. Amin Türkiyədə təhsil alır, Bakıya gələndə görüşlərə onu da aparırdı.

Bizi bir-birimizə daha da yaxınlaşdıran “Salam, Məşədi” kitabı oldu. Demək olar ki, hər gün zəngləşirdik və bu söhbətlərin əvvəli də, sonu da xanəndə Məşədi Məhəmməd Fərzəliyev idi. O kitab demək olar ki, gözümün önündə yazıldı. Rəhmətlik Gülhüseyn müəllim kitabın redaktorluğunu da mənə həvalə etdi. Kitabın yazıldığı müddətdə xeyli sənət adamları ilə görüşlərimiz oldu. Bir neçə yazı yazdım və bu yazılar da geniş marağa səbəb oldu. Bu müddətdə Gülhüseyn müəllim bütün əlaqələrindən istifadə etdi ki, Məşədi Məhəmmədin qürbətdə məzarını axtarıb tapsın. Xəstə halıyla İstanbula getdi, axtarışlarını davam etdirdi. Yeni insanlarla tanış oldu, kitabının orda təqdimat mərasimi keçirildi və türk mediası da bu barədə yazdı.

Bu işdə Gülhüseyn müəllimin ən yaxın köməkçisi məhz Turan İbrahimov idi. Onun dəstəyi olmasaydı, bütün bu işlər başa gəlməyəcəkdi. Bütün bu işlər haqqında mətbuatda yazılar yazmışam. Təfərrüata varmadan mətləbə keçək.

Bu günlərdə Turan müəllim məlumat verdi ki… Mən gedib evində onu ziyarət etdim və geniş söhbətimiz oldu. Sözü elə özünə verək:

“Rəhmətlik Gülhüseyn Kazımlı ilə başladığımız axtarışlarımız nəticəsində xanəndə Məşədi Qafar Qaryağdının itirilmiş bioqrafiyası aşkar edilmişdi və bu haqda 2023-cü ildə kitab yazıb nəşr etdirmişdik. Bu tədqiqatlar nəticəsində onun xeyli səs yazısını da Azərbaycan və eləcə də xarici arxivlərdə tapmışdıq.

Bu günlərdə isə "PATE" kataloqunda onun fotoşəkilini tapa bildik. Qəribəsi odur ki, Məşədi Qafarın boynunda Qacarlar dövrünün "Şiri-Xurşid" ordeni və digər orden medallar var. Bizim bu vaxta kimi onun bu naliyyətləri haqqında məlumatımız yox idi.

Son günlərdə "Qrammafon" firmasında yazılmış kataloqlarında aşkar edilmiş səs yazıları arasında bizim arxivlərdə olmayan 232 yazı aşkar edilmişdir.

9-10 oktyabrda İstanbulda GHT (Gesellschaft für Historische Tonträger - Tarixi Səs Yazıları Cəmiyyəti, Avstriya) və Orient-İnstitut İstanbul (İstanbul Şərqşünaslıq İnstitutu) təşkilatlarının keçirdiyi "Early Sound Recordings of Eastern Mediterranean and Beyond" (“Şərqi Aralıq dənizi və ətraf bölgələrin erkən səs yazıları”) adlı konfransda çıxış üçün dəvət almışdım.

Konfransa “İtirilmiş səslərin yenidən kəşfi: Azərbaycanın erkən dövr səs yazılarının sistemləşdirilməsi və naməlum xanəndələrin müəyyən edilməsi” adlı mövzu ilə qatıldım. Çıxışım çox maraqla qarşılandı. Hörmətli Cumhur bəy Turan xüsusi olaraq bu çıxışa qatılmaq üçün uzun bir səfər qət etmişdi və o, konfransda çıxışım haqqında çəkiliş edib paylaşıb.

Çıxışımda 1915-ci ilə qədər səsi yazılmış 25 xanəndəmiz haqqında danışdım. Xüsusi diqqəti Arxiv və muzeylərdə, şəxsi arxivlərdə saxlanılan səs yazılarının sistemləşdirilməsinə, rəhmətlik Gülhüseyn Kazımlı ilə başladığımız və ondan sonra davam etdirdiyim tədqiqatlara yönəltdim. Şuşalı Məşədi Məhəmməd Fərzəliyevin Azərbaycandan kənarda 1929-cı ildən sonrakı 33 illik fəaliyyəti haqqında 2 kitab (burada yazıçı-tədqiqatçı Kənan Hacının, tədqiqatçı alim Dilqəm Əhməd və başqalarının da məqalələri və zəhməti var), Məşədi Qafar haqqında kitabımızdan, anam Əzizə Cəfərzadənin ilk dəfə səsi vala yazılmış qadın xanəndə Mirzə Güllər haqqında yazdığı "Bir səsin faciəsi" romanından danışdıqlarım çox böyük marağa səbəb oldu.

Çıxışımdan və sual-cavabdan sonrakı fasilədə bir neçə nəfər mənə yanaşdı. Bunlar arasında Istanbul Universitetinin professoru Mehtap Demir xanım da vardı. O Məşədi Məhəmməd Fərzəliyevin (Türkiyədəki adı əvvəllər Mehmet Farzalı sonralar Mehmet Çaylı) nəticəsi Nurşah Gündayı tanıdığını və onun anası Solmaz Çaylının 78 yaşında olduğunu bildirdi. Bu xəbərə görə Mehtap xanıma çox-çox təşəkkürlər. Təəssüf ki, 11 oktyabrda konfransdan sonra dərhal səhər tezdən Bakıya qayıtmalıydım deyə Solmaz xanımın yanına gedib, ondan müsahibə ala bilmədim. İnşallah, yaxın aylarda bunun üçün xüsusi olaraq İstanbula qayıtmağı düşünürəm.

Solmaz xanım Mehtap xanım vasitəsi ilə bizə bizdə olmayan bir ailəvi foto göndərdi. Burada ( sağdan sola oturanlar) Məşədi Məhəmməd Fərzəliyev (1872-1962), Çingiz bəy (nəvəsi, 1944-2005), Solmaz xanım Çaylı (1948) (məşədinin nəvəsi, Solmaz xanımın varlığını təəssüf ki, bu vaxta kimi bilmirdik), Xədicə xanım (xanımı, 1877-1964), (ayaq üstə) Şadan xanım Çaylı (gəlini) və Mahmud Çaylı (oğlu, 1919-1973). 2023-ci ildə Çingiz və Mahmud Çaylı məzarını Feriköy məzarlığında tapıb Gülhüseyn və Validə Kazımlılar, Dilqəm Əhməd oranı ziyarət etmişdilər.

Əlbəttə, çox uğurlu səfər oldu. Konfransda diskoqrafiya ilə məşğul olan təşkilatlar, gözəl mütəxəssis və mehriban insanlarla tanış oldum. Son 4 ildə gündüz çıraqla axtardığım Qrammofon firmasının içərisində Azərbaycan xanəndələrinin 345 səs yazısı olan kataloqlarını tapdım. Bu elə konfransa qatılmağımda ən böyük məqsədim idi.

Mehtap Dəmirçi, Ulaş Özdemir, Ruhi Ayangül kimi türk mütəxəssisləri ilə tanış olub, əlaqə yaratdım. Çoxdan prof. Abbasqulu Nəcəfzadənin vasitəsi ilə qiyabi tanış olub Vatsap üzərindən yazışdığım Cumhur Turan hoca ilə üzbəüz tanış olub, söhbətləşdik.

Cumhur hoca özünün tərtib etdiyi "Azerbaycan üzerine genel kaynaklar (1912-2020” kitabını (anamın da adı bir neçə yerdə çəkilir) və “Bir elgin Azerbaycan hanendesi: Meşedi Mehemmed Ferzeliyev” adlı “Serhat kültür” (Nisan-Mayıs 2026) jurnalındakı məqaləsini mənə hədiyyə etdi.

Əlbəttə ki, gələcəkdə tədqiqatlarımızı bioqrafiyası məlum olmayan Aslan Səfərov, Məşədi Hilal Zeynalov və başqa xanəndələrimizin tapılmasına həsr edəcəyik”.

Əlbəttə, iki saatdan artıq çəkən söhbəti bir yazıya sığışdırmaq mümkün deyil. Bu yazıda əsasən Turan bəyin səs xəzinəmizi zənginləşdirmək naminə apardığı axtarışların uğurla nəticələnməsindən danışdıq. Təsadüf zərurətin övladıdır. Turan bəyin axtarışları davam edir, hələ çox belə “təsadüf”lərlə qarşılaşacağıq. Bu xəbəri eşidəndə Gülhüseyn müəlllimin xəyalı gözümün önündə canlandı. O, Məşədi Məhəmməd Fərzəliyevlə, Məşədi Qafarla bağlı xırda bir informasiya eşidəndə xəstəliyini unudurdu, gözləri gülürdü. Neçə-neçə tanınmayan xanəndələrin izinə də düşmüşdü. Məşədi Hilal haqqında çox söhbətlərimiz olmuşdu. Onun haqqında da ayrıca bir kitab yazmağı düşünürdü. Amma əcəl aman vermədi. Onun başladığı yolu Turan müəllim davam etdirir. Biz də həmişə onun yanındayıq.

İçimdə dərin bir inam var ki, nə vaxtsa Mirzə Güllərin də, Məşədi Məhəmməd Fərzəliyevin də məzarları tapılacaq. Onların on illər boyu itgin düşmüş səsləri bu gün Vətənə qayıdır. Mən o səs yazılarını dinləyəndə qəhərlənirəm, əsrin o tayından gələn bu qədim-qayım səslər fikrimi-xəyalımı çox uzaqlara aparır. Sanki onların ruhları başım üzərində dolaşır. Bu səslər xalqın mənəvi sərvətidir, onlar bizə əmanət qoyub gediblər. Varislərin borcu o əmanəti qoruyub gələcək nəslə ötürməkdir.


MANŞET XƏBƏRLƏRİ