Bayram Yusifov
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini
Qızıldan imza atdın
Tarixin yaddaşına.
Şanlı bir tarix yazdın
Vətənin savaşına.
Prezidentim İlhamım,
Ali Baş Komandanım!
Azərbaycan xalqının çoxəsrlik tarixində elə günlər var ki, onlar zamanın fövqünə yüksələrək millətin yaddaşına əbədi həkk olunur. 8 Noyabr – Zəfər Günü məhz belə tarixi günlərdəndir. Bu gün xalqımızın milli iradəsinin, sarsılmaz birliyinin, Vətən sevgisinin, dövlətçilik əzminin və qəhrəmanlığının təntənəsidir. Bu, illərlə həsrətində olduğumuz torpaqlarımızın azadlığına qovuşduğu, milli qürurumuzun, tarixi ədalətin və dövlətimizin ərazi bütövlüyünün bərpa olunduğu şanlı tarixdir.
Deyirlər, torpaq uğrunda ölən varsa, Vətəndir! Azərbaycan xalqı bu həqiqəti öz qanı, canı, qəhrəmanlığı və fədakarlığı ilə bir daha təsdiqlədi. Otuz ilə yaxın davam edən işğal və həsrət dövrü xalqımızın Vətən sevgisini, torpaqlarımıza bağlılığını zəiflətmədi, əksinə, bu müqəddəs hissləri daha da gücləndirdi. Nəhayət, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə nəticələndi. Müzəffər Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızı işğaldan azad edərək xalqımıza böyük sevinc və qürur yaşatdı. Bu möhtəşəm Qələbə illərlə aparılan məqsədyönlü dövlət siyasəti, güclü iqtisadiyyat, müasir ordu quruculuğu, xalq-iqtidar birliyi, düşünülmüş diplomatiya və ən başlıcası, qətiyyətli siyasi iradə sayəsində əldə edilmişdir. Zəfər həm də Azərbaycan dövlətinin qüdrətinin, xalqımızın sarsılmaz əzminin və milli birliyimizin dünyaya nümayişi oldu.
Müasir, müstəqil Azərbaycanın bugünkü qüdrətinin və tarixi nailiyyətlərinin təməlində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri dayanır. Müstəqilliyimizin ilk illərində ölkəmizin qarşılaşdığı ağır siyasi, iqtisadi və hərbi böhran, dövlətçiliyimizin parçalanmaq təhlükəsi xalqımızı böyük narahatlıq içərisində saxlayırdı. Belə bir mürəkkəb tarixi şəraitdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi, ölkədə ictimai-siyasi sabitliyi təmin etdi, dövlət müstəqilliyimizin möhkəm təməllərini yaratdı. Ümummilli Liderimizin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə müasir dövlət quruculuğunun əsasları formalaşdırıldı, iqtisadi inkişafın strateji istiqamətləri müəyyənləşdirildi, milli ordunun yaradılması və gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Azərbaycanın beynəlxalq aləmdə nüfuzu yüksəldi, ölkəmiz etibarlı tərəfdaş kimi tanındı. Bütün bunlar gələcək böyük uğurlarımızın, o cümlədən tarixi Zəfərimizin siyasi, iqtisadi və hərbi əsaslarını təşkil etdi.
Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, müasir Azərbaycan Respublikasının memarı, Azərbaycan xalqının gələcəyini bir mayak kimi işıqlandıran Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyası onun layiqli siyasi varisi, möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə böyük inkişaf yolu keçib, güclü iqtisadiyyata, qüdrətli orduya, möhkəm beynəlxalq mövqeyə və müstəqil xarici siyasətə malik nüfuzlu dövlətə çevrilib. Cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, milli maraqlara əsaslanan qətiyyətli mövqeyi, diplomatik məharəti və sarsılmaz iradəsi ölkəmizin qarşısında yeni inkişaf üfüqləri açıb. Ümummilli Liderimizin tarixi sözləri ilə desək, “Azərbaycan dünyaya günəş kimi doğub.” Möhtərəm Prezidentimizin xalqımızın otuz ilə yaxın davam edən Qarabağ həsrətinə son qoyması, torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin bərpasına nail olması sayəsində Azərbaycan dünyanın hər yerindən qalib, qürurlu və möhtəşəm görünür.
Belə bir el məsəli var: müdrik sərkərdə əvvəl müharibəni udur, sonra döyüşə başlayır. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev uzun illər bu müharibəni bütün sahələrdə apardı, əvvəlcə qələbənin siyasi, iqtisadi, informasiya və hərbi əsaslarını yaratdı, sonra isə xalqımıza böyük Zəfər yaşatdı. 44 günlük Vətən müharibəsi bu həqiqətin parlaq təsdiqi oldu. Dövlət başçısı müharibənin ilk günündən son gününədək həm Ali Baş Komandan, həm mahir diplomat, həm də xalqının inam və ümid ünvanı kimi özünü təsdiqlədi. Onun hər gün Azərbaycan xalqına müraciətləri, xarici media nümayəndələrinə verdiyi müsahibələr, tarixi faktlara və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyi informasiya müharibəsində də ölkəmizə böyük üstünlük qazandırdı. Xalqımız həmin günlərdə dəmir yumruq kimi birləşdi. Ön cəbhədə əsgər və zabitlərimiz misilsiz qəhrəmanlıqlar göstərir, arxa cəbhədə isə milyonlarla soydaşımız Ordumuza mənəvi dəstək verir, qələbəyə inanırdı. Hər kəsin ürəyində bir arzu, dilində bir çağırış vardı: Qarabağ Azərbaycandır! Bu birlik, bu inam və bu sarsılmaz iradə Zəfərimizin ən mühüm mənəvi dayaqlarından biri idi.
Vətən müharibəsində Azərbaycan gəncliyinin nümayiş etdirdiyi qəhrəmanlıq isə ayrıca bir tarixdir. Könüllü olaraq cəbhəyə yollanan, Vətən torpağını qorumaq üçün canından keçməyə hazır olan gənclərimiz milli ruhun, vətənpərvərliyin və qəhrəmanlıq ənənələrinin necə güclü olduğunu bütün dünyaya göstərdilər. Onlar sübut etdilər ki, Azərbaycan gəncliyi öz dövlətinə, xalqına, tarixinə və milli-mənəvi dəyərlərinə bağlıdır. Şuşanın sıldırım qayalarından yüksələn üçrəngli bayrağımızın dalğalanması isə bu qəhrəmanlığın ən möhtəşəm rəmzlərindən birinə çevrildi.
Əlbəttə, bu böyük Zəfərin ən ağır və müqəddəs qiymətini şəhidlərimiz ödədilər. Vətən torpağının azadlığı uğrunda canlarından keçən igid əsgər və zabitlərimizin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Onlar öz ömürlərini Vətənə bağışlamaqla ölümsüzlük qazandılar. Bu gün azad Qarabağda dalğalanan hər bir bayraq, ucaldılan hər bir bina, bərpa olunan hər bir kənd və şəhər şəhidlərimizin müqəddəs qanı bahasına qazanılmış Zəfərin təntənəsidir. Qazilərimiz də bu şərəfli tariximizin canlı qəhrəmanlarıdır. Onların fədakarlığı, iradəsi və Vətənə bağlılığı hər birimiz üçün örnəkdir. Şəhid ailələrinə, qazilərimizə dövlət səviyyəsində göstərilən diqqət və qayğı xalqımızın milli-mənəvi birliyinin, şəhidlərimizin əmanətinə sədaqətimizin ifadəsidir. Bizim borcumuz onların qəhrəmanlığını unutmamaq, övladlarımızı bu müqəddəs tarixə hörmət ruhunda yetişdirməkdir.
Bu gün azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın öz torpaqlarına qayıdışı Zəfərimizin davam edən təntənəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həmin ərazilərə göstərdikləri diqqət, həyata keçirilən layihələr, tarixi və dini abidələrimizin bərpası Azərbaycanın gələcəyə inamla baxdığını nümayiş etdirir. İşğaldan azad edilmiş torpaqlarımızda həyat yenidən canlanır, yeni yaşayış məntəqələri, məktəblər, yollar, sosial və iqtisadi infrastruktur yaradılır.
Bu tarixi Zəfərin mahiyyətinin gələcək nəsillərə çatdırılmasında Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin rəhbərliyi ilə respublika ağsaqqalları üzərlərinə düşən vəzifələri həyata keçirmək üçün daim fəaliyyətdədirlər. Ulu Öndər Heydər Əliyev ağsaqqalları milli-mənəvi dəyərlərimizin qızıl fondu adlandırmışdır. Onlar cəmiyyətin mənəvi dayağı, müdriklik və həyat təcrübəsi məktəbidir. Ağsaqqallarımız gənclərə Vətən sevgisini, dövlətə sədaqəti, milli birliyi, tarixi yaddaşa hörməti aşılayır, şəhidlərimizin qəhrəmanlığını və Zəfərimizin əsl mahiyyətini anladır. Bu gün hər bir Azərbaycan vətəndaşı kimi biz ağsaqqallar da dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasını, ölkəmizin daha da inkişaf etməsini özümüzün ən ali vəzifələrindən hesab edirik. Əminik ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da böyük uğurlar qazanacaq, beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcək, xalqımızın rifahı və xoşbəxt gələcəyi naminə yeni nailiyyətlər əldə edəcək.
8 Noyabr – Zəfər Günü bizim üçün sadəcə təqvimdə qeyd olunan bayram deyil. Bu gün milli yaddaşımızın, tarixi ədalətin, dövlətçilik qürurumuzun və xalqımızın yenilməzliyinin təntənəsidir. Bu gün biz şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, qazilərimizə minnətdarlığımızı bildirir, rəşadətli Ordumuzla, Müzəffər Ali Baş Komandanımızla fəxr edirik.
Qoy üçrəngli Azərbaycan bayrağı əbədi olaraq Qarabağımızın və bütün Vətənimizin səmasında dalğalansın! Qoy xalqımızın birliyi, dövlətimizin qüdrəti və müstəqilliyimiz daim möhkəm olsun! Qoy gələcək nəsillər bu Zəfərin hansı böyük fədakarlıq, qəhrəmanlıq və milli iradə hesabına qazanıldığını heç zaman unutmasınlar!
8 Noyabr – Zəfər Günümüz mübarək olsun!
Yaşasın qalib Azərbaycan xalqı!
Yaşasın Müzəffər Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyev!