TİBB dünyası ŞOKDA: Hər kəsi pişik kimi görür


Tibb dünyasında nadir və qeyri-adi bir hadisə qeydə alınıb. ABŞ-ın şimal-şərqində yaşayan 28 yaşlı kişi gün ərzində qarşılaşdığı insanların üzündə öz ev heyvanı olan Luna adlı pişiyini görür.

Turkustan.az xəbər verir ki, Karl adlı şəxs artıq iki ildir bu qəribə və narahatedici vəziyyətdən əziyyət çəkir.

Onun bu simptomları beyin qanamasına səbəb ola bilən damar anomaliyası – arteriovenoz malformasiyanın aradan qaldırılması üçün keçirdiyi əməliyyatdan sonra başlayıb.

Qeyri-adi hadisə ABŞ-dakı Dartmut Kolleci və Briqham və Qadın Xəstəxanasının tədqiqatçıları tərəfindən araşdırılıb. Tədqiqatın nəticələri "Cortex" elmi jurnalında dərc olunub.

Alimlərin məqaləsində qeyd edilir ki, bu görmə pozuntuları adətən bir neçə saat davam edir, bəzi hallarda isə gün ərzində təkrarlanır.

Tədqiqatçıların diqqətini çəkən əsas məqam isə kişinin gördüyü görüntülərin xüsusiyyətidir. Belə ki, o, insanların üzündə sadəcə pişiyinin cizgilərini görmür. Pişiyin üz xüsusiyyətləri qarşısındakı insanların sifətinə sanki təbii şəkildə inteqrasiya olunur.

Məqalədə bildirilir ki, insanın baxış bucağı və məsafə dəyişdikcə pişiyin üz cizgiləri də dəyişir və qarşısındakı şəxsin sifəti ilə uyğunlaşır. Bu isə hadisəni daha da qeyri-adi edir.

Elmi dünyaya tamamilə yad olmayan bu fenomenə palinopsiya deyilir, yəni əvvəllər görülmüş bir cismin və ya üzün yenidən peyda olması.

Üz qavrayışında təhriflərlə xarakterizə olunan bu spesifik vəziyyət prosopometamorfopsiya kimi tanınır. Üzün emalı beynin sağ gicgah payından çox asılıdır və Karlın əməliyyatı zamanı bu sahənin bir hissəsi çıxarılmalı idi.

Dartmut Kollecindən psixoloq və beyin alimi Bred Düçeyn bildirib ki, Karlın pişiyinin xüsusiyyətlərini insan üzlərində və ya pişiyində insan xüsusiyyətlərini görə bilməsi, fərdi xüsusiyyətlərin yaddaşdan xatırlana biləcəyini və dərhal qavrayışa təsir etdiyini göstərir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ