İnanc və sınanclar da həyat konsepsiyasıdır



Famil Hacısoy
Filoloq-pedaqoq

(Dünyanı birləşdirən folklor silsiləsindən)

İnsan cəmiyyətləri mövcud olandan inanclar və sınanclar böyük bir əxlaq fəlsəfəsi sayılır, desək yanılmarıq. Bunlar əslində bir həyat yoludur. Hər bir insanın davranış yoludur. Onlar gündəlik həyat hadisələrindən doğub törəmişdir. Bu sınanclar vaxt-zaman içərisində təcrübələrdə bərkiyərək bir təlim şəklini almışdır. Əsasını təlimləşən hikmətamiz kəlamlar təşkil edən qaydalar bir növ mövcud əsrlər əvvəl ifadə olunmuş mənəvi insan hüquqları və həyat tərzi konsepsiyasının forması idi. Bu mənada bunlar aid olduqları xalqın əxlaq kodeksidir. Həmin inanc və sınanclarda göstərişlər müəyyən bir xalqa məxsus olsa da, ümumiyyətlə insanın şəxsi baxışı, dini, dili, milliyyəti deyil, adam olması, necə davranmalı olduğu əsas meyar sayılırdı. İnsan yalnız çörəklə yaşamır, insan yalnız hakimiyyət üçün çarpışmır, insan yalnız qorxu içində yaşamaq üçün yaradılmayıb. İnsan ümumilikdə həyatda həqiqəti tanımaq, ədaləti qorumaq, ilk öncə güzaranını qurmaq, öz rahatlığını təmin etmək və mənəvi kamilliyə yüksəlmək üçün yaradılıb. Buna görə də onlar yalnız öz dövrlərinə aid olmurlar, zamanın sərhədlərini aşır, millətlərin, dinlərin, coğrafiyaların fövqünə yüksəlirlər. Tarix dəyişir, imperiyalar dağılır, sərhədlər yenilənir. Lakin bu sınanc və inanclar yaşayır və yaşamaqda davam edir. Günümüzə gəlib çatan, oxuculara təqdim olunan bu dəyərli materiallar vasitəsilə bütün bəşəriyyətin ortaq mənəvi irsi olaraq əsrləri aşan dünənimizlə bugünümüz arasında görünməz bir körpü yaranır. Bu baxımdan da biz onlara sadəcə söz yığımı kimi baxmırıq. O sınanclarda məxsus olduğu xalqın mədəniyyəti var, dili var, yaddaşı var, adət-ənənəsi var, əxlaqı var, dövlətçilik ağlı var, tanrı anlayışı var, savaşı var, yası var, toyu var. Orada bir xalqın özünü təcrübələrindən keçirmiş inamla zamana yazmaq cəsarəti var. Mədəniyyətlərin bənzər və fərqli dünya görüşlərini görmək üçün bəzi xalqların sınanclarına nəzər salaq:

*Sağsağan hasarın yaxud həyətdəki ağaclardan birinin üstünə qonub üzü evə tərəf qarıldayarsa təzə xəbər olacağı yaxud evə qonaq gələcəyi gözlənilir. (S.Alışarlı “yay vidalaşmaları” hekayəsindən)
*Cahiliyyət ərəbi səfərə çıxarkən qarşısına hüdhüd çıxardısa, səfərin uğurlu olması gözlənilirdi. Bəzən də hüdhüd sözünün kökündəki (dağıntı, fəlakət) mənasını əsas götürüb bu quşla qarşılaşmanı pis yozardılar. (A.Qasımova “Quran qissələri” əsərindən)
*qədim inanclarda belə göstərilir ki, əgər Moskvada məhz oktyabrın yeddisində lap bircə zərrə də qar dənəciyi göydən ensə, deməli, düz beş həftədən sonra qar dizdən olacaq, həm də qış çox sərt keçəcək. (Zahid sarıtorpaq “Dərdin sarı çəpkəni” romanından)
*Gecə evdən pul, duz və çörək verməzlər, yoxsa evin bərəkəti azalar.
*Səfərə gedən adamın dalınca su atarlar. (el sınamalarından)
* Evdə fit çalmazlar, kasadlıq düşər. (OqtayƏhmədov: “İsgəndərin buynuzu” povestindən)
* Köhnənin cırılması bitməz, qoca inləməyi bitirməz. (gürcü ata sözlərindən)
* Seyrək saçları və ziyilli burunları olan adamlar pis olurlar. (Brit Troqen: “Marqaret və pərvanə ağacı” əsərindən)
* Hindistanda belə bir təriqət sahibləri var ki, ölənlərin ruhunun başqa bir canlıya - lap qarışqaya keçdiyinə inanırlar. Onlar iddia edirlər ki, insan hələ dünyaya gəlməmişdən əvvəl mütləq nə vaxtsa bir quş, ya adicə bir ev heyvanı, ya vəhşi heyvan fərqi yoxdu, ya da adicə böcək olub. Buna görə də onlar hansı canlı olursa olsun fərqi yoxdu, onu öldürməyi günah sayırlar. (Çingiz Aytmatov: “Gün var, əsrə bərabər” romanından)
* Ölülər keçmişini unutmaq üçün romalılar cəsədlərin kəlləsində od qalayırdılar. (italyan ata sözlərindən)
* Kürdlərdə bir dəfə bir evdə gecələmiş müsafir gələn dəfə də o evə düşməlidir, yoxsa ev yiyəsini incitmiş olar. (kürd ata sözlərindən)
* Gürcülərdə kiməsə təklif edilən hədiyyədən imtina etmək, onu götürməmək, yaxud geri qaytarmaq olmaz. Bu həmin adamı təhqir etməkdir.
* Rusiyada və Qafqaz xristianları kimisə səfərə yola salanda uğur diləmək üçün, həm də səfərdən sağ-salamat qayıtması münasibətilə şampan şərabı içirlər.
* Adətə görə ruslar bir-biriylə vidalaşarkən qucaqlaşıb üç dəfə öpüşürlər. (A. Düma: “Qafqaz səfəri” əsərindən)
* Qədim misirlilər burunları ilə öpüşürdülər, dodaqları ilə yox. (A.Qasımova: “Quran qissələri” əsərindən)
* Tuşinlər heç vaxt döyüşdə dostlarına kömək etmirlər, bunu vuruşan adam özü kömək istəsə edirlər.
* Heç vaxt iki döyüşçü bir çeçenə hücum eləmir. Bir nəfər bir nəfərə qarşı vuruşur təkbətək. Əgər iki döyüşçüdən biri kimisə köməyə çağırarsa, onda bir adama iki nəfər qarşı vuruşa bilər, ancaq heç kəs başqasını köməyə çağırmır. Əgər bir nəfər ovçuya iki, üç, dörd nəfər dağlı hücum etmişsə, onda onun da köməyinə bir o qədər adam gəlir. Nə bir nəfər artıq, nə bir nəfər əskik... (A. Düma: “Qafqaz səfəri” əsərindən)
* Subay qocalanın günahı ətrafdakıların və qohum-əqrabanın boynuna düşür. (Natavan Dəmirçioğlu: “Yetim” povestindən)
* Şənbə günü düşərli və xeyirli olduğu üçün toy və şənlik mərasimlərini bu günə salmaq əhəmiyyətlidir. (M. İsmayıl: “Qara Yusif” romanından)
* İridöşlü qadınlar çox südlü olurlar. (Corc Sand “Konsuella” romanından)
* Qorxan adamın qorxuluğunu götürmək üçün kimsə əlini yerə toxundurub sonra qorxmuş şəxsin başına çəkir. Bu, üç dəfə təkrarlanır. Buna başına əl-ayaq qoymaq deyirlər. (Rəhim Əliyev: “Qoşulub qaçmayan qız” romanından)
* Yapon adətinə görə, məktub aparanda, mütləq yanında hansısa bir çiçək açmış ağacın budağı olmalıdı.
* Qədim Yaponiyada adətə görə, hər hansı bir tikilməsi nəzərdə tutulan körpü və ya binanın özülünün qoyulmasında insan qurban verilirdi. (Akutaqava Rünoske – “Cəhənnəm iztirabları” hekayəsindən)
* Sufilər Allahdan başqa bütün varlığı aləm adlandırır və onu, əsasen, iki yerə bölürlər: dünya (yaşadığımız aləm) və axirət (ölümdən sonrakı aləm). Başqa bir bölgüyə görə, beş aləm vardır: Zat (Lahut) aləmi, ilk təəyyün aləmi, Mələkut aləmi, Nasut aləmi, insan aləmi. Zat (Lahut) aləmində Mütləq Varlıq olan Allah heç bir sifətlə vəsf edilməz. İkinci aləmdə Allah zühura meyil edir və qələmlə lövhü yaradır. Mələkut aləmində əşyanın həqiqətləri Allah bilgisində sabit olur ve sifətlər, ruhlar aləmi ortaya çıxır. Zaman və məkan xaricində olan bu üç aləm Qeyb və əmr aləmi də adlanır. Dördüncü Nasut aləmində Allah bilgisində sabit olan həqiqətlər ortaya çıxır. Beşinci İnsan aləmi isə bu dörd aləmin cəmi olan varlığa deyilir. Son iki aləm həm də eyn və Xalq Şəhadət aləmi adlanır. Qurana görə, Mələkut aləminin bir günü Nasut aləminin min ilinə bərabərdir. ( Şeyx Mahmud Şəbüstəri “Gülşəni-raz” əsərindən)
* Brahmaçarya—insanın öz nəfsinə hər yönlü hakim olması və qadınla da, ancaq övlad doğurmaq üçün cinsi ilişkiyə girməsidir.
* Tibet rahibləri ayaqüstə yata bilirlər.
(Mahadba Qande “Bütün insanlar qardaşdır” fəlsəfi əsərindən)
*Əfqanlara görə, adam yelda gecəsində qarpız yesə, qarşıdan gələn yayda su istəməyəcəkdi. (X.Hüseyn “Çərpələng uçuranlar” romanından)
*Yapon mifologiyasında vahiməli yuxu, kabus və qarabasmaları məhv edən bir xəyalət var. Kökü Çin folklorundan gələn bu məxluq bir növ Ximeradır. Qədim miflərdə Ximera, bir bədəndə müxtəlif canlıların orqanları birləşmiş xəyalətdir. Dərisi yer-yer xallı olan bu xəyalət aslan bədənli, fil başlı, kərgədan gözlü, pələng pəncəli və inək quyruqludur. Yapon ailələri evlərinin yataq otağına onun rəsmini asır, bəzən də xəyalətin kiçicik heykəlciyini – “netske”sini yerləşdirirlər. Və əgər yuxun kabusa çevrilsə, “Qara səni bassa” qorxudan gözünü açan kimi xəyaləti adı ilə bərkdən çağırmaq lazımdır. Xəyalət özünü yetişdirir, bütün pis, vahiməli yuxuları, qarabasmaarı yeyərək udur. Rahatlayan çocuk və ya böyük kəsildiyi yerdən yuxusuna mışılca davam edir. (ayna.az saytından)
* Xalq təbirincə, yuxunun söylənmə vaxtı da çox böyük əhəmiyyət kəsb edirdi. Məsələn, indi də xalq arasında belə bir inanc vardır ki, şər vaxtı yuxu danışmazlar, əgər danışsalar da mütləq "İşığa danışıram" söylənməlidir.
sübh tezdən, görülən yuxular adətən çin olursa, günorta yuxuları heç bir mahiyyət daşımır.
(Leyla MƏMMƏDOVAnın “Bayquşun harayı" hekayəsindən)
*Qədimdən bəri qurban vermək insanın malının Tanrıya təqdim edilməsi deməkdir. Qurban dualarla müşayət olunan dini mərasimdir. Qurbanlar qanlı və qansız deyə iki yerə ayrılırdı. Məsələn, ilk məhsul toplanan zaman buğdadan hazırlanan çörək, şirniyyat, ət tanrının önündəki kürsüyə tökülərək yandırılırd. Kürsüyə süd də tökülürdü. Bunlara qansız qurban deyilirdi. Qanlı qurbanlar isə canlı olurdu. Qurbanlıq heyvan bəzənir, başına hətta çiçəklərdən çələng də qoyulur, kürsüdə kəsilirdi. Heyvanın bir qaba yığılan qanı mərasim iştirakçılarının üstünə sürtülürdü. Anadoluda da (o cümlədən bizlərdə-müəllif.) alına qurban kəsilən heyvanın qanının sürtülməsi adəti buradan yaranıb...
(ardı var)


MANŞET XƏBƏRLƏRİ