​​​​​​​İNAM ATANIN (ASİF ATANIN) İNSANLIQ İDEALI



İŞIQLI ATALI

I yazı

Ürəyinizdə Günəş olsun!

İnam Atanın (Asif Atanın) İnam Fəlsəfəsinin mayasında İnsanın mütləqləşmək – var olmaq imkanına inam dayanır. Lakin burada söhbət insanı yalnız bioloji varlıq, sosial fərd və ya müəyyən bir cəmiyyətin üzvü kimi anlamaqdan getmir. Ata Fəlsəfəsində İnsan yüksək, bənzərsiz bir mənəvi imkandır. İnsan dünyaya naqis gəlir. İndiyə kimi onun tərbiyəsi cəmiyyət qaydaları ilə baş tutub. Sonucda insan mahiyyətcə var olmayıb. Bəşər tarixinin qanlı-qadalı yaşantıları bunu aydınca göstərir. Məqsəd İnsanın İnsanlığa uyğun yaşatmasıdır. İnam Atanın Fəlsəfəsinin hədəfi budur. Buna görə də Atanın Dünyabaxışında İnsanlaşma adi tərbiyə anlayışından daha geniş məna daşıyır, insanın içində mahiyyətini daşımasına, Mütləqləşməsinə, var olmasına İnama əsaslanır.

Bu bənzərsiz yöndən baxanda Atanın Mütləq, Vətən, Ulus, Bəşər, İnam, İdrak, Mənəviyyat, İradə və Sabah haqqında fikirləri ayrı-ayrı mövzular təsiri bağışlamır. Onların hamısı İnsan məsələsinin müxtəlif tərəflərini açır. İnsan mahiyyətinə bələd olur, bu əsasda yaşayır, Vətənin kutsal ruhu ilə ruhu arasında üzvi bağlılığı anlayır, Vətənini dünya sayır, İnsanlığa uyğun yaşamı ömrünün mənası sayır, ulusal yaddaşının yiyəsi olur, yurddaşlığı bəşərsevərliyinə bərabər olur.

İnam Atanın İnsanlıq idealını anlamaq üçün ilk növbədə onun insanı hazır və tamamlanmış varlıq kimi deyil, özünü yaratmaq – var etmək imkanına malik varlıq olduğuna inandığını, bunu əsaslandırdığını nəzərə almaq lazımdır. İnsan burada sadəcə “olan” deyil, həm də “olmalı olan”dır. Ata bunun örnəyini şəxsində təsdiq edib, Mütləqə İnamının ölçüsünə uyğun kamilliyini yaradıb.

İnsan öz mövcud vəziyyəti ilə kifayətləndikdə onun həyatı şəraitin, mühitin, adətlərin və hazır düşüncə qəliblərinin təkrarına çevrilə bilər. İnsan özündə - içində daha yüksək imkan – Mütləqilik olduğunu dərk etdikdə isə həyatına başqa – bənzərsiz yaradıcı münasibət yaranır: artıq yalnız yaşamaq istəmir, var olmaq istəyir, özünü hansı ölçü ilə qiymətləndirməli olduğunu düşünür. Belə bir ölçü isə artıq İnsan üçün var: Mütləqə İnam. İnsan Mütləqə İnamla nəyə inanmalı, nəyi doğru, hansı əməli mənəvi (ruhsal) saymalı olduğunu müəyyənləşdirməyə çalışır. Ata Fəlsəfəsində İnsanlaşmaq - İnsanlaşdırmaq məhz bu nöqtədən başlayır.

İnam Atanın Yola çağırışı budur: “Bəşərin nicatı İnsanlaşmaqdadır. İnsanlaşın – İnsanlaşdırın!” Bu fikir onun dünyabaxışının canlı ifadəsidir, bütöv fəlsəfi istiqamətidir. Atanın bütün Əsərlərində bu çağırış əsas ideya xətti kimi sunulur.

Burada “İnsanlaşın” və “İnsanlaşdırın” sözlərinin yanaşı gəlməsi təsadüfi, qafiyə xatirinə deyil. İnsan əvvəlcə özündə İnsanlığı aşkarlamalı, var olmalıdır. Özündə yaratmadığı mənəvi keyfiyyəti başqasından tələb etmək mümkün deyil. İnsanlaşdırmaq isə özündə təsdiq etdiyi İnsanlıq ölçüsünü həyata, münasibətlərə və cəmiyyətə gətirməkdir. Deməli, İnsanlaşma şəxsi kamillik məsələsi olduğu dərəcədə insanın başqalarına münasibətini də dəyişir, habelə başqaları da İnsanlaşmanın qaçılmaz ruhsal imkan, sərvət olduğunu anlayırlar. İndi dünyanın texnoloji cəhətdən ən yüksək həddə çatdığı, Süni intellektin cövlan etdiyi vaxtda bu qənaətlər qəribə səslənmirmi? Səslənsə belə, faktdır ki, Sİ-nin yiyələrinin bugünlərdə “yapay zəka”nın əlindən bəzi informasiyalarını gizlədiklərini demələri bəşərin halının aşkar şəkildə faciəli olduğunu deməyə əsas verir.

İnsanlaşmaq-İnsanlaşdırmaq İnam Atanın İdealıdır, Sabahımızda gerçəkliyə gələcəyinə şübhə yoxdur, olmayacaq. Ata demişkən, İnsanlar İnama pənah gətirəcəklər. İnsan özünü dəyişmədən dünyanı dəyişmək istəyirsə, dəyişiklik zahirdə olur, içdə olmur, bu səbəbdən də mahiyyətcə heç nə alınmır. Atanın İnam Fəlsəfəsində əsas məsələ də buradadır: İnsan dəyişməyəcəksə, dünya da düzəlməyəcək. Bu baxımdan İnsanlaşma insanın qaçılmaz ruhsal gərəkliyi kimi yaranır.

İNSAN VƏ MÜTLƏQ. İNSANDA MÜTLƏQ. Ata fəlsəfəsində İnsan anlayışını Mütləqdən ayrı təsəvvür etmək çətindir. Çünki insanın yüksək mənəvi imkanından danışmaq üçün həmin imkanın nədən qaynaqlandığını da müəyyənləşdirmək lazımdır. Ata yazır: “İnsan – özündə Mütləqilik gəzdirən, bu səbəbdən də Şəraitdən, Mühitdən, Zamandan, Cəmiyyətdən Üstün olan, Mütləqə can atan və Mütləqləşməyə qadir olan Ruhani varlıqdır. O, Kamiliyə çata bilər, çatmalıdır. Bu, onun əsas məqsədidir”.

Atanın “Mütləqə İnam” Bitiqində Mütləq Həqiqət, Mütləq Ədalət, Mütləq Xeyir anlayışları xüsusi şəkildə ifadə edilir. O, Mütləqə İnamı sadəcə nəzəri müddəa kimi deyil, ömrün həmin dəyərlərə biryolluq həsr olunması ilə bağlayır. Burada Mütləq anlayışının fəlsəfi əhəmiyyəti aydınlaşır. İnsan dəyişkən həyatın içində yaşayır, qarşısında müxtəlif maraqlar, müxtəlif həqiqət iddiaları, müxtəlif əxlaq ölçüləri dayanır. Lakin insanın mənəvi mövqeyi yalnız dəyişən şəraitlə müəyyənləşərsə, içdən dayaq nöqtəsi zəifləyər, necə ki, zəifləyir. Mütləq anlayışı insan üçün daha yüksək, bənzərsiz, dəyişməz mənəvi ölçünün mövcudluğunu ifadə edir. Həqiqət yalnız faydalı olduğu üçün həqiqət deyil. Ədalət yalnız güclünün marağına uyğun gəldiyi üçün ədalət deyil. Saflıq zahiri təmizlik deyil, əsas içdən təmiz olmaqdır. Xeyir yalnız insana həmin anda fayda gətirən davranış deyil. Mütləqə yönəlmək, bütövləşmək eşqi bütün bunların nisbi mənfəətlərdən üstün mənəvi ölçüsünü axtarmaqdır. Bu səbəbdən Mütləqə İnam insanı mənəvi məsuliyyətə kökləyir. İnam yalnız söz olaraq qalırsa, insanın həyatında dəyişiklik yaratmır, İnamın həqiqiliyi onun insanın davranışında görünməsi ilə bağlıdır. Deməli, İnsan inanmalıdır ki, dünyada, Həyatda, İnsanda Mütləq var, İnsanın Mütləqləşmək – var olmaq imkanı var. İnsan Mütləqə yüksəldikcə mənəvi imkanları aşkarlanır. Atanın “Evladlarıma” adlı içsəsində deyilir: “Mütləq Mahiyyətlisiniz! Gerçək imkanları ötmək imkanına maliksiniz!” Bu fikir İnsan anlayışının mahiyyətini açan əsas məqamlardan biridir. İnsan yalnız mövcud imkanlarının cəmi deyil. Onun gerçək durumunu aşmaq imkanı var. Ata əmindir ki, İnsan öz gerçək vəziyyətindən daha yüksək bir mənəvi səviyyəyə qalxa bilər. Əgər insan özünü dəyişə bilməyəcəyinə inanırsa, mənəvi inkişaf üçün əsas zəifləyir. Əgər insan özündə dəyişmək – var olmaq, yaranmaq imkanını görürsə, mütləq inanırsa, onda İnsanlaşma gerçək məqsədə çevrilir.

İNAM, İDRAK, MƏNƏVİYYAT VƏ İRADƏ. Asif Atanın İnsan anlayışı yalnız İnamla məhdudlaşmır. İnsan həm də imkan baxımından İdrak, Mənəviyyat və İradə yiyəsidir. Bunların birliyi İnsanlığın daxili quruluşunu meydana gətirir: “İnsanı İnsan eləyən 4 keyfiyyətdir: İnam. İdrak. Mənəviyyat. İradə. Ruh bu keyfiyyətlərin Birliyidir. Vicdançılıq, Təmənnasızlıq, Fədakarıq. Vicdan – İnsanın Özünə Hakim olması- Zahiri Hakimliyin rədd edilməsi, Daxili Hakimliyin Mütləq Təsdiqidir. Təmənnasızlıq – Münasibət Ləyaqətidir. Fədakarlıq – Təmənasız Xeyirdir. Xeyirin Xeyirdən başqa Mükafatı yoxdur. İradə – İnsanın Zamandan Üstünlüyünün təsdiqidir”. İnam insana mütləq yön verir. İdrak həmin yönün həqiqətini təsdiq edir. Mənəviyyat - insanın münasibətlərinin Vicdançılıq, Təmənnasızlıq, Fədakarlıq ölçüsündə yaşanmasıdır. İradə qəbul edilmiş mənəvi ölçünü əmələ çevirir. Bu dörd keyfiyyətdən biri zəiflədikdə insanın bütövlüyü də zədələnir. İnam İdraksız olduqda kor-koranə yaşam yaranar. İdrak Mənəviyyatdan ayrıldıqda insan həqiqəti bilsə də, ona uyğun yaşamaz. Mənəviyyat İradəsiz olduqda istək ölçüsündə qalar. İradə isə mənəvi ölçüdən ayrıldıqda sadəcə gücə çevrilər. Ona görə İnsanlaşma bu keyfiyyətlərin vəhdətini tələb edir. İdealda İnsan yalnız bilən deyil, dərk etdiyini yaşadan, yalnız inanan deyil, inandığını əmələ çevirən, mənəvi sözlər söyləyən deyil, mənəviyyatı davranışında təsdiq edən varlıqdır. Bu mənada İnam Atanın fəlsəfəsində İnamın həqiqi dəyəri insanın həyatında görünməsi ilə müəyyənləşir.

İNSAN VƏ ÖZÜYLƏDÖYÜŞ

İnsanlaşma asan proses deyil. Çünki insanın qarşısında yalnız xarici maneələr dayanmır, öz içində də mənəvi yüksəlişə mane olan anadangəlmə hallar var. Qorxu, xudbinlik, mənfəətçilik, təqlidçilik, yalan, məsuliyyətsizlik və s. insanın özümlüyünü zəiflədir, ruhsuzlaşdırırr. İnsanlaşma ilk növbədə də insanın öz içindəki nöqsanlarla döyüşüdür. Bu döyüş insanın başqası yerinə özü ilə, içindəki halsızlıqla üz-üzə qalmasını, onu yenməsini tələb edir.

İnsan öz içindəki xudbinliyi görmədən xudbin cəmiyyətə qarşı mübarizə aparanda ziddiyyət yaranır. Çünki xaricdə mübarizə apardığı keyfiyyətin bir hissəsini özü içində daşıyır. İnam Ata təsadüfi yazmır ki, ən böyük qələbə insanın öz üzərindəki qələbəsidir. Buradakı “qələbə” başqasının məğlubiyyəti deyil: İnsan öz içindəki mənəvi maneəni aşır, öz üzərində qələbə qazanan insanın başqasına münasibəti də dəyişir, insaniləşir. Bu baxımdan İnsanlaşma-İnsanlaşdırma carının qaynağı olan Mütləqə İnam Fəlsəfəsi ilk növbədə İnsanın var olmaq (Özüldə döyüş) fəlsəfəsidir, onun meydanı insanın öz içidir.

İNSAN VƏ VƏTƏN. İnamAtanın Vətən haqqında düşüncəsi də İnsanlıq idealından ayrılmır. Vətən onun fəlsəfəsində sadəcə coğrafi məkan deyil. İnsan Vətənə münasibəti ilə öz mənəvi məsuliyyətini də göstərir. Ata Fəlsəfəsindən yaranan qənaət budur, İnsan Vətənin yalnız ərazi kimi mövcudluğunu yetərli saymamalıdır. Vətən anlayışının mənəvi məzmun qazanması nədir? İnsan doğulduğu torpağı seçmir, ancaq həmin torpaqda necə yaşayacağını, Vətən qarşısında hansı məsuliyyəti daşıyacağını ruhsal imkanlarını aşkarlamaqla aqibətində yarada bilər. Vətəni sevmək yalnız onu tərifləmək deyil, onun dilinə, mədəniyyətinə, tarixinə və mənəvi yaddaşına yiyə çıxmaqdır, öz əməyinə vicdanla yanaşmaqdır, onun insanına hörmət etməkdir, Vətənin içində ədalətsizliyə, mənəvi aşınmaya biganə qalmamaqdır. Bu mənada Vətən yaratmaq insan yaratmaqdan ayrı deyil. İnsan nə qədər ləyaqətli olarsa, yaratdığı Vətən anlayışı da bir o qədər mənəvi məzmun qazanar. Atanın Müstəqil Vətən idealı da burada öz fəlsəfi məzmununu tapır. Müstəqillik yalnız siyasi asılılığın olmaması deyil: İnsan öz düşüncəsində, mənəviyyatında, özümlüyündə də müstəqil olmalıdır.

Vətənə bağlılıqla bəşərilik də bir-birini inkar etmir. Öz Vətənini sevmək başqa ulusu inkar etmək demək deyil. Öz ulusal kimliyini qorumaq bəşəriyyətə qapalı olmaq demək deyil, əksinə, özünü tanıyan insanın bəşəriyyətə deyəcək sözü olur. Bu mənada Vətən torpağı – kutsallaşan məkandır.

ULUSALLIQ VƏ BƏŞƏRİLİK. Atanın düşüncəsində ulusallıq özünəqapanma kimi başa düşülməməlidir. Ulusun özümlüyü onun bəşəriyyət içində özünəməxsus sözünü demək imkanını yaradır. İnsan əvvəlcə özünü tanıyır, sonra başqasını tanımaq imkanına çatır. Ulus da eyni mənada özünü dərk etmədən bəşəriyyətə həqiqi töhfə verə bilməz. Məsələ ulusal bağlılığın hansı məzmun daşımasıdır. Ulusallıq başqa uluslara qarşı üstünlük iddiasına çevrilirsə, mənəvi məzmununu (ruhsallığını) itirir. Özünüdərk, yaddaş, dil, mədəniyyət və mənəvi məsuliyyət üzərində qurulursa, bəşəriliklə ziddiyyət yaratmır. Atanın Əsərlərində millətin (ulusun) öz dəyərləri ilə yaşaması ilə bəşərin mənəvi birliyinin qarşı-qarşıya qoyulmaması qənaəti ulusallıq-bəşərilik birliyinə, mahiyyətcə ayrılmazlığına inamdan irəli gəlir. Burada əsas məsələ insanın öz kimliyini başqa kimlikləri yox etmək vasitəsinə çevirməməsidir. Özü olmaq başqasının var olmasına mane olmamalıdır. Əksinə, həqiqi özümlük başqasının özümlülüyünə də hörmət etməyi tələb edə bilər.


MANŞET XƏBƏRLƏRİ