Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) qeydiyyatçısı Osvaldo Zavala Giler Avropa Komissiyasını ABŞ sanksiyaları fonunda məhkəmə ilə əməkdaşlıq edən şirkət və təşkilatların hüquqi statusunu mümkün qədər tez aydınlaşdırmağa çağırıb.
Turkustan.az xəbər verir ki, Zavala Giler bu barədə Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaja Kallasın BCM-yə səfəri ərəfəsində “Politico”ya müsahibəsində danışıb. O, ABŞ sanksiyalarının məhkəmənin gündəlik fəaliyyətinə təsirini və Aİ-dən gözləntilərini dəyərləndirib.
BCM rəsmisi bildirib ki, Avropa Komissiyasının aydın mövqe ortaya qoymaması şirkətləri və qeyri-hökumət təşkilatlarını qeyri-müəyyən vəziyyətdə saxlayır. Onlar ABŞ sanksiyalarına əməl etməli olub-olmadıqlarını, əks halda hansı risklərlə üzləşə biləcəklərini bilmirlər.
Məhkəmənin qorunması üçün konkret addımların atılmasının vacibliyini vurğulayan Zavala Giler Aİ-nin ABŞ-la dialoqa üstünlük verməsinə də münasibət bildirib:
“Ümid edirəm ki, dialoq üçün açılan məkan Məhkəməni qorumaq üçün gözləmə müddəti kimi şərh olunmayacaq”.
Aytən Yaşar/ Turkustan.az