ABŞ Prezidenti Donald Tramp İrana qarşı daha bir hərbi əməliyyat keçirə biləcəklərini bildirib. O, bu barədə noyabrın 3-də keçiriləcək ara seçkilər ərəfəsində Floridada təşkil olunan tədbirdə çıxışı zamanı danışıb.
Turkustan.az xəbər verir ki, Tramp İranın artıq “tamamlandığını” iddia edərək Vaşinqtonun qarşısında iki seçim olduğunu deyib: ya yeni hərbi əməliyyat başlatmaq, ya da Tehranla razılığa gəlmək.
“Biz daha bir kiçik “Epik Qəzəb” əməliyyatına başlaya bilərik, yoxsa onlar razılığa gələcəklər. Əgər ağıllıdırlarsa, deyəcəklər ki, “Gəlin bununla məşğul olaq”. Amma şübhə edirəm ki, bunu edəcəklər, çünki bəlkə də ağıllı deyillər”, – Tramp bildirib.
ABŞ-ın Ankaradakı səfiri və İraq və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak bu həftəsonu İrana hücum ehtimalının olduğunu desə də, Tramp məsələ ilə bağlı hər hansı məlumata malik olmadığını bildirib.
Tramp çıxışında Kubaya da toxunub. O, “Kuba üçün narahat olmayın. İrandan qayıdarkən Kuba ilə münasibətlərimizi yoluna qoyacağıq”, – deyə qeyd edib.
Aytən Yaşar/ Turkustan.az