İranda Xameneinin öldürülməsi ilə bağlı cinayət işi başlayıb


Tehran Prokurorluğu İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və onun ailəsinin 4 üzvünün ölümü ilə bağlı cinayət işi üzrə ittiham aktının hazırlandığını açıqlayıb.

Tehran Prokurorluğunun məlumatına əsasən, ibtidai istintaq başa çatdırıldıqdan, daxili və beynəlxalq sübut və sənədlər araşdırıldıqdan sonra iş üzrə ittiham aktı hazırlanıb və baxılması və qərar qəbul edilməsi üçün məhkəməyə göndərilib.

Prokurorluq bildirib ki, bu iş üzrə cinayətin bütün səbəbkarları, iştirakçıları və təşkilatçıları barəsində hüquqi təqib başlanıb.

İttiham aktında qeyd olunub ki, İran İslam Respublikasının ən yüksək siyasi və dini rəhbərinin hədəfə alındığı bu əməliyyatla hakimiyyət strukturuna zərbə vurmaq və ölkənin siyasətinə zorakı təsir göstərmək kimi məqsədlər güdülüb.

Bildirilib ki, beynəlxalq terrorizmlə mübarizə ilə bağlı hüquqi sənədlər və cinayət hüququ baxımından belə bir əməl onun icraçıları, əmr verənləri və planlaşdırıcıları üçün cinayət məsuliyyəti yaradır.

Tehran Prokurorluğu əlavə edib ki, ittiham aktında daxili qanunvericiliklə yanaşı, beynəlxalq hüququn və humanitar hüququn prinsip və normalarına, xüsusilə mülki şəxslərin müdafiəsi və bu cür hücumların qadağan olunması ilə bağlı müddəalara istinad edilib.

Tehran prokuroru həmçinin İranın cənubunda yerləşən Minab şəhərində Şəcərəyi-Təyyibə məktəbinin şagirdlərinin ölümü ilə bağlı cinayət işi üzrə də ittiham aktının hazırlandığını bildirib.

APA


MANŞET XƏBƏRLƏRİ