
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli
IV yazı
Ümumiyyətlə, Qərb alimləri özəlliklə, XVIII əsrin ortalarında aşkar edilən “Avesta” (“Zənd-Avesta”) ortaya çıxdıqdan sonra qəsdli ya da qəsdsiz “Turan” və “İran” məsələsiylə bağlı müxtəlif müddəalar ortaya atmışlar. “Avesta”ya əsaslanaraq ən əski dövrlərdə “Aryan/İran” və “Turan” olduğunu iddia edən Qərb alimlərinin əsas müddəalarından birincisi odur ki, “İran”/Arian və “Turan”/Tur əzəldən bir-birinə düşmən iki ayrı-ayrı millətləri kimi dilləri, dinləri və mədəniyyətləri fərqli olmuşdur. Doğrudan da, “Avesta”nın Qatalar bölümündə Tur və Tura adlı qövmdən bəhs olunur ki, Turlar Ariyanların düşməni kimi göstərilir. Belə ki, “Avesta”da Zərdüştün dilindən Divlərə-Şər tanrılara qurban kəsən turanlıların pislənməsi, arilərin isə təriflənməsi faktdır. Yim, Zərdüşt, Kərsasip, Gavə Usan, Xosrava, Paurva, Camasp kimi “ari” soyundan olanların qurbanın qəbul edən zərdüşti allahlardan olan Anahit Ardvisur,[1] turanlı soyundan olan Franqasyan, Arcastp (Əfrasiyab-Alp Ər Tonqa), Arcatpın qardaşı Bandaramanış və başqalarının qurbanını isə rədd edir: “Ona qurban gətirdi əsli Turanlı olan, Uçurum qırağında bədəməlli Franqrasyan”.[2] Ancaq Anahit Turan ölkəsini, Turan Danvalarını[3] məğlub etmək, ələ keçirmək istəyən “arilər”ə uğur diləyir. Maraqlıdır ki, əski Turan mənbələrində də göstərilir ki, Zərdüşt ömrünün axırında öz dinini yaymaq uğrunda müharibələrdə iştirak edərkən Turanlılarla ya da Hunlarla müharibədə öldürülmüşdür.[4]
Qərb alimlərinin “İran” və “Turan”ın tamamilə fərqli ulusları ifadə etməsini doğru hesab edən Türk aydını Mehmet Fuad Köprülü də yazır ki, Arilərlə Turlar başqa-başqa millətlərdir: “İranlılar Tura nisbətlə bu ölkəyə Turan adını verirlər ki, bu ad farsca türk kəliməsinin cəm şəkli olan Tur(k)andan, Tur və ya Turaç da Türkdən başqa bir şey deyildir. Turan xanı Alp Ər Tonqa Turun nəvəsi olub İran, Hindistan, Yunan, Rus ölkələrini fəth edib. Alp Ər Tonqanın dövründə Turanın başkəndi Mərv ya da Bəlx olub ki, bura Ak-Hunlar – Eftalitlərin də paytaxtı idi.[5] “İran” “Turan” qövmi və düşüncə ayrılığına dəlillərdən biri kimi də Turan hökmdarlarının “Xan”, İran hökmdarlarının isə “Şah” adlandırılması göstərilir. Hətta, İran-Fars yazarları “Şahnamə”, Turan-Türk alimləri isə “Xannamə” yazmışlar. Ancaq zaman-zaman “Xan” ünvanını Türk/Turan toplumlarla yanaşı əfqanlar, pakilər, farslar, çinlilər, koreyalılar də işlətmişlər.[6]
Beləliklə, dünya alimlərinin, o cümlədən qərblilərin irəli sürdükləri əsas müddəalardan biri odur ki, Aryanlar Hind-Avropa mənşəli olduğu halda, Turlar türklərin əcdadıdır və onun adını Turan torpağının adından ayırmaq olmaz. Fransız alimi G.Montandona görə də Turan irqi Ari irqindən fərqli olaraq monqoloid və avropeid irqinə aid mələz bir irqdir ki, buraya türklər, tatarlar, yakutlar, altaylılar, monqollar və başqaları aiddirlər. Alman alimi Max Müllerə görə də Türk, Moğol, Tonguz, Macar, Fin dilləri yalnız Turan dillərinə aiddir. Bir zamanlar Şümer, Yapon və Qafqaz dilləri də Turani dillərə aid olmuşdur.[7] L.Rasonyi də hesab edir ki, Ari irqindən tamamilə uzaq olan Turan irqi monqoloid irqiylə də az bağlı olub, daha çox Ön Asiyaya aiddir.[8] Sadəcə, bu günün özündə də ən çox mübahisə doğuran Ön Asiya, Orta Asiya və Kiçik Asiyada uzun müddət hökmranlıq etmiş Troyalılar, Etrusklar, Kimmerler, Skiflər, İskitlər, Sakaların bir-birindən tamamilə ayrı irqlər olan Aryan/İranlı ya da Turan/Turanlı olması məsələsidir.
Qərb alimlərinin ikinci müddəasına görə, İranlılarla /Aryanlarla Turanlılar/Turlar eyni irqin, yəni Hind-Avropa irqinin yuxarı və aşağı budaqlarıdır. Bu məsələylə bağlı isə, Avropa alimlərindən bir hissəsi hesab edirlər ki, eyni kökdən olan Arilər və Turların bir-birindən ayıran əkinçilik-köçərilik və din məsələsi olmuşdur. Bu müddəaya görə, Turlar ya da turanlılar əkinçi İran boylarına qarşı çıxan köçəri İran boyları olub ki, onlar arasında düşmənçilik də yalnız dini inanclarla bağlı olmuşdur. Bu uydurmanın ortaya çıxmasında fars şairi Firdovsinin də rolu az olmamışdır. O, “Şahnamə”də heç bir əsas olmadan yazır ki, İran/Aryan şahı Firudin aləmi üç oğlu arasında bölüşdürür: Rumi Xavəri Səlmə, Çinlə Türküstanı Tura və İranı isə İyrəcə verir.[9]Firdovsinin bu əsərindən belə çıxır ki, guya Səlmlə İyrəcin qardaşı olan Tur türklər yaşayan ölkənin, İyrəc isə İranın sahibi olmuşdur. Firdovsinin “Şahnamə”də Turlarla Arilərin/İranlıların eyni irqdən olması kimi uydurmalara yol verməsi bir neçə məqamda aşkar şəkildə ortaya çıxır. Birincisi, Firdovsi yazır ki, İran/Fars şahı “oğlu” Turu türklər yaşayan Turana, yəni Türküstana və Çinə şah kimi göndərir. Bu o deməkdir ki, Tüküstanla Çinə hökmdar gedən Turun fars/iranlı olması mümkün deyil idi. İkincisi, daha sonra Firdovsi yazır ki, İran/Fars şahlarından Gəştasb (Gərşasb) zərdüştilik dininin yayılması ilə məşğul olduğu halda, Turan hökmdarı Əfrasiyab türklər arasında zərdüştiliyin yayılmasına əngəl olmuşdur.[10] Ümumiyyətlə, Firdovsinin Turan dövlətinin başına “Turu göndərməsi” təsadüfi deyil. Hər halda, bu hadisələr m.ö. VII-V əsrlərdə Midiyayla/Turanla Əhəmənilər/ Parslar arasındakı savaşlar dövründə baş vermişdir. Görünür, Firdovsi sonralar Turan Midiyasının üzərində Əhəmənilərin qalib gəlməsindən çıxış edərək, Türklərin/ Turanlıların başçılarının daima İran tərəfindən təyin olunduğunu ortaya qoymaq istəmişdir. Firdovsidən hələ, öncə Dəqiqi kimi fars şairləri də Zərdüşt zamanında İran şahı Gəştasbla Turan şahı Ərcasp arasındakı savaşlardan bəhs etmişdilər.[11]
Bu o deməkdir ki, Turun xələflərindən olan Alp Ər Tonqa ulu babaları kimi Tanrıçılığa daim sadiq qaldıqları kimi, bu torpaqlara gəlmə olan Gəştasb Arilərin oda pərəstişlərinin davamı kimi zərdüştlüyü qəbul etmişlər. Üçüncüsü, Firdovsi Turanın başına Turu göndərməklə dolayısıyla Türklərin başçılarının daima İran/Arilər tərəfindən təyin olunması uydurmasını ortaya qoymağa çalışmışdır. Halbuki Turan İmperiyasına gəlmə olan arilər/iranlılar Əhəmənilərə qədər Türklərin vassalı olmuşlar. Şübhəsiz, Firdovsi bunu qəbul edə bilmədiyi üçün Arilərin gah Türklər, gah da Sami xalqları üzərində hakimiyyət sürməsi kimi uydurmalara yer vermişdir. Hətta, bunu inandırıcı etmək üçün də, Turanın hökmdarını “İran şahının oğlu” olaraq qələmə almışdır.
Əsil həqiqət odur ki, Firdovsi Turan hökmdarlarının, o cümlədən Oğuz Xaqanın dünya hakimiyyətini öz oğulları arasında bölüşdürməsi gerçəkliyini aryanların adına yazmışdır. Məlum olduğu kimi, Oğuz xaqan dünya hakimiyyətini oğulları arasında bölüşdürmüşdür. Görünür, Hind-Avropa mənşəli hesab olunan iranlılar da bu gerçəkliyi Turanlılardan mənimsəmiş və öz adlarına çıxmağa başlamışlar. Bir sözlə, Firdovsinin turanlıları iranlılarla “qohum etməsi”, əslində hakimiyyətə sahib çıxmaq iddiasıyla bağlı olmuşdur. Ön Asiyaya gəlmə olan iranlıların turanlıları özlərinə bağlamaları da, məhz Turanın qədimliyi və şanlı-şöhrətli tarixə malik olması idi. Bu anlamda Firdovsi kimləri Turanın tarixini və mədəniyyətini mənimsəməklə yanaşı, İranın da Turandan qədimliyini ortaya qoymağa çalışmışlar. Çünki Turanı tamamilə inkar etmək, “İran” əfsanəsini mənasız edirdi. Ona görə də Dəqiqi, Firdovsi kimi uydurma “ustad”lar çıxış yolunu ya Turanın tarixini gəncləşdirməkdə, ya da onu “İran”a bağlamaqda görmüşlər.
Əgər Firdovsinin, Dəqiqinin adlarını çəkdiyi İran şahları Parsua, ya da Əhəmənilər dövrünün hökmdarlarıdırsa, bu zaman onların düşmənləri də Çindən Kiçik Asiyaya qədər hökmranlıq edən Turan Midiyasının, ya da Oğuzların/İş Quzların xaqanlarıdırlar. Çünki həmin dövrdə Şərqdən, yəni Hind-Sinddən gələn Parsların Turan Midiyasından başqa ciddi bir düşməni qalmamışdır.
İran və Turan arasındakı mübarizənin izləri fars şairləri Dəqiqinin, Firdovsinin “Şahnamə”si ilə yanaşı, Türk bilgələri Xaqaninin, Nizami Gəncəlinin, Mahmud Kaşğarlının əsərlərində və bəzi tarixi mənbələrində də öz əksini tapmışdır. Məsələn, “Töhfətül-İraqeyn” əsərində özünü Oğuz türkü adlandıran Xaqani türklərin qədim vətəni kimi Turan və Xəzranın adlarını çəkmişdir.[12] Nizami Gəncəlinin əsərlərində də “Türk” amili xüsusilə önə çəkilmiş və türklərin qədim vətəni kimi Turan, Xəzəran, Türküstan açıq şəkildə qeyd edilmişdir. “Xosrov və Şirin” poemasında “Dərbənd dənizinin bir sahmanında”, “Arrandan başlamış Ərmənə qədər” hökmdarlıq edən Məhin Banunun dilindən Nizami türklüyümüzün/ turanlığımızın qədimliyini bu cür ifadə edir: “Əgər o aydırsa, biz afitabıq, O, Keyxosrov, bizsə Əfrasiyabıq (Alp Ər Tonqa – F.Ə.)”.[13] Deməli, Arran-Bərdə hökmdarı Məhin Banu özünü Əfrasiyabın, yəni türklərin/turanlıların nəsilindən hesab etmişdi. N.Gəncəvi də Məhin Banunun dilindən bu xalqın kökünün Türk/ Turanlı olması və Türklərin Əfrasiyab/Alp Ər Tonqa kimi hökmdarının olması ilə fəxr edir.
[1] Qədim Şərq ədəbiyyatı müntəxəbatı. Bakı, “Şərq-Qərb”, 2007, s.481-490
[2] Yenə orada, s.485
[3] Yenə orada, s.490
[4] Avesta. (tərc.: İ.Şəms) Bakı, Azərnəşr, 1995, s.10
[5] Köprülü Mehmet Fuad. Türk edebiyatı tarihi. Ötüken yay., İstanbul 1986, s.47
[6] Cevizoğlu Hüseyin. Coğrafiyadan tarihe. Türk tarihi içinde Anadolu. TSAEM yay., İstanbul 1991, s.45
[7] Turan Osman. Türk cihan hakimiyeti mefkuresi tarihi. İstanbul, Boğaziçi yay., 1995, s.40