Xəzər – ayıran dənizdən birləşdirən məkana


Əkbər QOŞALI

Bu gün Xəzərin qarşı yaxasında – qardaş Türkmənistanın dəniz incisi “Avaza” Milli Turizm Zonasında Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Görüşü keçirilib.

Xəzər tarix boyu müxtəlif xalqların, ticarət yollarının və mədəniyyətlərin görüş yeri olub – kiminə aşılmaz dəniz, kiminə “kürək söykənəcək” təbii qorunma imkanı, kiminə yalnız bacarıqlılar üçün mavi keçid…
Çağımızda onun önəmi daha geniş məzmun qazanır.
Bu gün Xəzər bütün dənizin dibindəki və sularındakı sərvətlərdən savayı həm enerji təhlükəsizliyi, həm logistik, yükdaşıma, həm rəqəmsal bağlantılar, həm də ekoloji işbirliyi baxımından strateji məkandır.

Azərbaycanın Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tiflis–Qars Dəmir yolu, Ələt Azad İqtisadi Zonası və digər infrastruktur imkanları Mərkəzi Asiya dövlətlərinin beynəlxalq bazarlara çıxış yollarının şaxələndirilməsinə xidmət edə bilər.

Orta dəhliz isə bu işbirliyinin ən önəmli geoiqtisadi istiqamətlərindəndir. Bəli, dəhliz yalnız relslərdən, limanlardan, gəmilərdən və avtomobil yollarından ibarət olmur – dəhliz həm də gömrük prosedurlarının uyğunlaşdırılması, rəqəmsal sənəd dövriyyəsi, sərhəd keçidlərinin asanlaşdırılması, qarşılıqlı yatırımlar və güvənli tərəfdaşlıq deməkdir.

Başqa sözlə, coğrafi bağlantı iqtisadi inteqrasiyaya çevrilməlidir. Bu prosesdə Azərbaycanla Türkmənistan arasında işbirliyinin xüsusi önəmi vardır. Xəzərin iki yaxasında yerləşən, ortaq oğuz-türk mədəniyyətinə mənsub bu dövlətlərin logistik, yükdaşıma sahəsində birgə çalışması daha geniş bölgəsəl işbirliyinə töhfə verə bilər.

Azərbaycanla Qazaxıstanın Transxəzər yönündə tərəfdaşlığı, Özbəkistanla yatırım və sənaye layihələri, Qırğızıstan və Tacikistanla iqtisadi bağların inkişafı da həmin ümumi mənzərənin tərkib hissələridir. Burada əsas məsələ bölgənin istehsal, ticarət, texnologiya və insan kapitalı imkanlarının bir-birini tamamlamasıdır.

Müstəqilliyin 35-ci ilində Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin işbirliyi gündəliyində üç anlayış xüsusi önəm qazanır: sabitlik, təhlükəsizlik və rifah.
Sabitlik inkişafın davamlılığını təmin edən siyasi və ictimai mühitdir. Təhlükəsizlik dövlətin suverenliyinin, sərhədlərinin, iqtisadi infrastrukturunun və vətəndaşlarının qorunmasıdır. Rifah isə bütün bunların insan həyatında hiss olunan sonucudur. Bu üç anlayış bir-birindən ayrı sanılmamalıdır. – Təhlükəsizlik olmadan sabit inkişaf çətinləşir; sabitlik olmadan uzunmüddətli iqtisadi layihələr risk altına düşür; rifah olmadan isə dövlətlərarası işbirliyinin ictimai dayaqları yetərincə möhkəmlənmir. Bax, buna görə Mərkəzi Asiya – Azərbaycan işbirliyinin yalnız dövlət başçılarının görüşləri ilə məhdudlaşmaması, işgüzar dairələrin, elm müəssisələrinin, universitetlərin, yaradıcı təşkilatların və vətəndaş cəmiyyətinin də iştirak etdiyi geniş platformaya çevrilməsi məqsədəuyğundur. Burada bölgəsəl diplomatiyanın yeni – dövlətlərarası güvənin xalqlararası güvənlə tamamlanması kimi bir özəlliyi meydana çıxmış olur.

Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin inkişafı Türk dünyasının gələcək inteqrasiyası baxımından da önəmli perspektivlər açır.
Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, TÜRKPA, Beynəlxalq Türk Akademiyası, Türk Yatırım Fondu, Türk Mədəniyyəti və İrsi Fondu kimi qurumların fəaliyyəti ortaq tarixi-mədəni bağların çağdaş institusional ifadəsidir; lakin çağdaş Türk dünyasının qarşısında daha geniş vəzifələr dayanır.

Ortaq əlifba yönündə elmi və praktik işbirliyi, rəqəmsal mədəniyyət platformaları, ortaq media layihələri, elmi nəşrlər, universitetlərarası proqramlar, yaradıcı sənaye təşəbbüsləri, gənc alim və sənət adamlarının mübadiləsi yeni mərhələnin başlıca istiqamətləri ola bilər.
Türk dünyasının inteqrasiyası yalnız keçmişin ortaq böyüklüyünü anmaqla məhdudlaşsa, işimiz yarımçıq qalmazmı? – Ortaq gələcək üçün yeni bilik, yeni texnologiya, yeni iqtisadi və mədəni dəyər yaratmaq lazımdır. Bu baxımdan Azərbaycanla Mərkəzi Asiya dövlətlərinin işbirliyi Türk dünyasının institusional imkanlarını daha geniş Avrasiya məkanına bağlaya bilər.

Eyni zamanda, Tacikistanın bu formatdakı iştirakı xüsusi kulturoloji anlam daşıyır. Zamanında Orta Asiyada yaradılan çoxəsrlik ortaq şəhər mədəniyyəti, elm, ədəbiyyat və mənəviyyat mühiti sübut edir ki, mədəniyyətlər arasındakı yaxınlıq yalnız dil birliyi ilə ölçülmür. Gəncəvi, Yəsəvi, Fəraqi, Nəvai, Rudəki və digər böyük ustadların mənsub olduğu zəngin mədəni coğrafiya müxtəlif dillərin, düşüncə məktəblərinin və mənəvi gələnəklərin qarşılıqlı təsirindən güc alıb. Bax, həmin irsə yalnız keçmişin yadigarı deyil, gələcəyin mədəni işbirliyini bəsləyən canlı qaynaq kimi yanaşmağın zamanı deyilmi?..

Beləcə, müstəqilliyimizin 35-ci ilində Xəzərin iki yaxası siyasi iradə, iqtisadi çıxarlar və mənəvi dəyərlər baxımından (da) bir-birinə daha sıx bağlanır. Dünənin ortaq yaddaşından sabahın ortaq uğurlarına uzanan bu yolun ən böyük gücü isə suveren dövlətlərin qarşılıqlı güvəni, xalqların könül yaxınlığı və gələcəyi birgə qurmaq əzmidir!..


MANŞET XƏBƏRLƏRİ