Rəqəmsal texnologiyaların vüsət alan inkişafı informasiya mühitini əsaslı surətdə dəyişdirib. Bu gün sosial media platformaları insanların ünsiyyət qurduğu, xəbərləşdiyi, fikir mübadiləsi apardığı, həmçinin ictimai proseslərdə iştirak etdiyi başlıca məkanlardan birinə çevrilib.
Bununla yanaşı, virtual müstəvidə anonimlik imkanlarının da genişlənməsi yeni problemlərin yaranmasına da yol açıb. Həmin platformalarda saxta hesabların çoxalması, əlaqələndirilmiş trol fəaliyyətləri və şəxsiyyəti gizlədilən istifadəçilərin informasiya dövriyyəsinə təsiri hazırda sosial medianın ən ciddi çağırışlarından biri olaraq qəbul edilir.
Ümumiyyətlə, anonimlik internetin ilk dövrlərindən bu yana istifadəçilərin məxfilik hüquqlarını qoruyan vasitələrdən biri hesab olunub. Lakin zaman keçdikcə anonimlik hüququndan sui-istifadə hallarının artması nəticəsində məxfilik bir çox hallarda məsuliyyətsiz davranışın, yalan məlumatların yayılmasının və məqsədli manipulyasiyaların aləti kimi çıxış etməyə başlayıb.
Odur ki, sosial şəbəkələrdə yaradılan saxta hesabların əsas məqsədinin heç də həmişə şəxsi məlumatları gizlətmək olmadığı artıq şübhə doğurmur. Belə profillərin bir hissəsindən ictimai rəyi yönləndirmək, müəyyən mövzular ətrafında süni fəallıq yaratmaq və ya konkret şəxsləri hədəfə almaq üçün istifadə edilir. İlk baxışdan adi istifadəçi kimi görünən belə hesablar əslində koordinasiyalı fəaliyyət göstərərək eyni məzmunu paylaşır, eyni fikirləri təlqin edir və qısa müddətdə ictimai müzakirələrin istiqamətini dəyişməyə çalışırlar.
Bu prosesdə trol şəbəkələrinin roluna xüsusi diqqət yetirilməsi lazım gəlir. Müasir informasiya mühitində trol şəbəkələri sistemli şəkildə fəaliyyət göstərən, müəyyən siyasi, iqtisadi və ya ideoloji məqsədlərə xidmət edən koordinasiyalı qruplar qismində çıxış edirlər. Onların fəaliyyəti cəmiyyət daxilində qarşıdurma yaratmağa, ictimai etimadı sarsıtmağa, bəzən isə dezinformasiyanın daha sürətlə yayılmasına hesablanıb.
Belə şəbəkələrin təsir mexanizmi sadə olsa da, kifayət qədər effektivdir. Təsəvvür edin, eyni mövzuda hazılanan yüzlərlə material fərqli saxta hesablar vasitəsilə yayılır və bununla da həmin materiallardakı konkret fikir cəmiyyətə kütləvi rəy kimi təqdim olunur. Adi istifadəçilər çox sayda eyni məzmunlu paylaşımların arxasında geniş ictimai dəstəyin dayandığını düşünərək bu görüntünün süni şəkildə yaradıldığını bəzən fərq etmirlər. Bu isə o deməkdir ki, informasiya manipulyasiyası yayılan məlumatın məzmunu ilə bərabər, onun təqdimat üsulu ilə də birbaşa bağlıdır.
Sosial media alqoritmlərinin də bu problemin kəskinləşməsində müəyyən rol oynadıqları vurğulanmalıdır. Platformalar bir qayda olaraq istifadəçilərin daha çox reaksiya verdikləri məzmunları ön plana çıxarmağa çalışır. Emosional və qalmaqallı paylaşımlar daha çox baxış və paylaşım topladığı üçün onların auditoriyası da genişlənir. Bu vəziyyətdən faydalanmaq imkanını qaçırmayan trol şəbəkələri isə diqqət çəkən, cəmiyyətdə gərginlik yaradan mövzular ətrafında xüsusi fəallıq göstərirlər.
Amma bu problemin həlli yalnız platformaların texniki tədbirləri ilə məhdudlaşmamalıdır. Təbii, saxta hesabların aşkarlanması və koodinasiyalı fəaliyyət göstərən şəbəkələrin əngəllənməsi zəruridir. Ancaq burada yenə də istifadəçilərin media savadlılığının artırılmasının vacibliyi diqqətdən qaçmamalıdır. Fərdlər bunun sayəsində onlara təqdim edilən məlumatların real, yoxsa saxta olduğunu ayırd edə bilməlidirlər. Bu məsələdə təhsil müəssisələri, media və vətəndaş cəmiyyətinin imkanlarından maksimum istifadə olunmalıdır.
Müzakirə olunan məsələnin əhəmiyyətini vurğulayan Mətbuat Şurasının Sosial Media ilə Əlaqələr Komissiyasının sədri Hacıbəy Heydərli sosial şəbəkə platformalarında anonimlik imkanlarından sui-istifadə hallarının kifayət qədər geniş yayıldığını bildlrib:
“Xüsusilə, saxta hesablar və trol şəbəkələri həm ayrı-ayrı insanlara, həm də bütövlükdə cəmiyyətə ciddi problemlər yaradır. Bu gün sosial şəbəkələrdə real istifadəçi ilə saxta hesabı fərqləndirmək getdikcə çətinləşir. Bəzi şəxslər anonim profillərdən istifadə edərək insanları təhqir edir, böhtan atır, dezinformasiya yayır və ictimai rəyə təsir göstərməyə çalışır. Ən narahatedici məqamlardan biri isə odur ki, bu cür fəaliyyətlə məşğul olanlar əksər hallarda anonimlik hesabına məsuliyyətdən yayınacaqlarını düşünürlər.
Digər tərəfdən, trol şəbəkələri artıq fərdi təşəbbüs deyil, təşkilatlanmış fəaliyyət formasına çevrilib. Müəyyən məqsədlərlə idarə olunan bu şəbəkələr süni gündəm formalaşdırır, cəmiyyətdə qarşıdurmanı dərinləşdirir və insanların etibarlı informasiyaya çıxışını çətinləşdirirlər. Hesab edirəm ki, sosial mediada söz azadlığı ilə yanaşı, məsuliyyət anlayışı da gücləndirilməlidir. Virtual məkanda yazılan hər fikir və paylaşılan hər məlumat real həyatda olduğu kimi müəyyən məsuliyyət yaradır. Əgər sağlam informasiya mühiti formalaşdırmaq istəyiriksə, həm platformalar, həm dövlət qurumları, həm də istifadəçilər bu məsələyə daha həssas və məsuliyyətli yanaşmalıdırlar”.
Onun sözlərinə görə, sosial şəbəkələrdə saxta profillərlə mübarizəyə həm platformaların, həm də istifadəçilərin birgə məsuliyyəti kimi yanaşılmalıdır:
“İlk növbədə, belə hesabların vaxtında aşkar edilməsi və kütləvi şəkildə şikayət olunması mühüm əhəmiyyət daşıyır. Sosial media şirkətləri süni intellekt alqoritmləri vasitəsilə saxta hesabları müəyyənləşdirməyə çalışsalar da, istifadəçilərin göndərdiyi şikayətlər bu prosesin səmərəliliyini artırar. Eyni zamanda, hesabların şəxsiyyət təsdiqi mexanizmlərinin təkmilləşdirilməsi, telefon nömrəsi və digər təhlükəsizlik vasitələrinin tətbiqi saxta profillərin sayının azalmasına töhfə verə bilər”.
H.Heydərlinin fikrincə, maarifləndirmə də bu mübarizənin vacib istiqamətlərindən biridir və eyni zamanda, son dövrlərdə sosial media platformalarının da bu istiqamətdə daha fəal addımlar atdıqları müşahidə edilir:
“İnsanlar bilməlidirlər ki, anonim və ya saxta hesabların yaydığı məlumatlara yoxlamadan inanmaq düzgün deyil. Xüsusilə, trol şəbəkələri və koordinasiyalı dezinformasiya kampaniyaları ilə mübarizədə dövlət qurumlarının, vətəndaş cəmiyyətinin, medianın və sosial media platformalarının əməkdaşlığı mühüm əhəmiyyət kəsb edir. Burada əsas məqsəd fikir müxtəlifliyini məhdudlaşdırmaq deyil, saxta kimliklərdən istifadə etməklə həyata keçirilən manipulyasiya, təhqir və dezinformasiya fəaliyyətinin qarşısını almaqdır.
Son dövrlərdə sosial media platformalarının bu istiqamətdə daha fəal addımlar atdığını da müşahidə edirik. Süni intellekt texnologiyalarının imkanlarından istifadə etməklə uzun müddət aktiv olmayan və ya şübhəli fəaliyyət göstərən milyonlarla saxta profil müəyyən edilərək platformalardan silinib. Bu fakt onu göstərir ki, sosial şəbəkələr də saxta hesabların mövcudluğunda maraqlı deyillər və informasiya mühitinin daha təhlükəsiz olmasına çalışırlar. Bununla belə, saxta profillərin və troll şəbəkələrinin pozucu fəaliyyəti tam aradan qalxmayıb. Məhz buna görə də bu istiqamətdə mübarizənin davamlı aparılması, texnoloji imkanların təkmilləşdirilməsi və cəmiyyətin məlumatlılığının artırılması bu gün də öz aktuallığını qoruyur”.
A.Zeynalov
Yazı “Jurnalist Araşdırmaları Mərkəzi” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi "Dezinformasiya ilə mübarizənin təşviqi" layihəsi çərçivəsində hazırlanıb.

Məqalələrin məzmununda əks olunan fikirlərə görə “Jurnalist Araşdırmaları Mərkəzi” məsuliyyət daşıyır. Fikir və mülahizələr Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.