Ölüm yoxluq deyil


İnsan oğlu min illərdir ölümü öldürə bilmədi. Dünyadan köçüb gedən hər bir insan hər gün bizə bu ölümsüz həqiqəti xatırlatdı. Heç kim ölümdən qaça bilmədi. Ən qüdrətli hökmdarlar, ən igid sərkərdələr belə onun qarşısında boyun əydilər. Ən böyük həkimlər belə ondan xilas ola bilmədilər. Nə qədim dövrdəki ölümsüzlük iksirləri, nə də indiki dövrdəki tibbi imkanlar həyatın bu amansız “düşməni” ilə başa çıxa bilmədi. Və ölüm şan-şöhrət bilmədən, varlı-kasıb tanımadan bütün qapıları döydü.

Bəs ölüm olmasaydı, həyat necə olardı? Yəqin ki, ilk növbədə bu günkündən qat-qat izdihamlı bir dünyada və yeddi nəsil əvvəlkilərlə bir yerdə yaşamaq məcburiyyətində qalardıq. Təkcə elə bu baxımdan ölüm insanlar üçün bir nemətdir. Hətta Platon da ona nemətlərin ən böyüyü deyəndə heç də haqsız deyildi.
Əslində, ölümü özümüzə düşmən edən bizik. Zamana və məkana sığmayan arzularımızı əlli-altmış illik dar bir çərçivəyə sığdırmağa çalışırıq və sonra da ölümü özümüz üçün soyuq bir zindana çeviririk. Halbuki ruhumuzu bədənimizin ixtiyarına verdiyimiz gündən daxili dünyamızda vurnuxmalar başladı. Sonra da bu vurnuxmalar bizi hər şeyə şübhə ilə baxmağa vadar etdi. Çünki, əbədiyyət arzusu yaradılış torpağımıza əkilən ən güclü toxumdur. Əslində, elə buna görə ötəri şeylər bizə rahatlıq vermir və hər ayrılıq bizi ağrılara-acılara qərq edir. Əsrlərdir əbədi həyatın düsturunu axtarmağımızın səbəbi də elə budur. Bəşər tarixi də insandakı əbədiyyət arzusunu açıq-aşkar ortaya qoyur. Məsələn, tarixçi və sosioloq Riçard Kavendiş insanların qədimdən bəri bəzi təbiət hadisələrindən çıxış edərək ölümdən sonra həyatın varlığına inandıqlarını bildirir. Qış-yaz, gecə-gündüz, günəşin batması və çıxması, ayın kiçilməsi və böyüməsi, ipəkqurdunun kəpənəyə çevrilməsi və s. əsrlərdir insanlığa ölümdən sonra həyatın varlığından xəbər verir. Məsələn, qədim misirlilər günəşi, yunanlar isə kəpənəyi axirətin simvolu kimi qəbul edirdilər. Asteklər üçün axirətin simvolu günəş, hindular üçün isə çiçək (həm də solmuş çiçək) idi.

Ölümdən sonra həyat haqqında araşdırmaları ilə tanınan Elizabet Kubler-Ross ölümə məhkum olan xəstələrin əksəriyyətinin kəpənəyi özləri üçün yeni həyatın müjdəçisi hesab etdiklərini bildirirdi. Bütün səmavi dinlər də ölümdən sonrakı həyatdan bəhs edirlər. Ölümdən 190 yerdə bəhs edilən Qurani-Kərimdə bütün ayələrin üçdə biri ölümdən sonra dirilmə ilə bağlıdır.

Əsasını qədim yunan və Roma fəlsəfələrindən götürən materialist təfəkkür isə ölüm haqqında düşüncələri dəyişdi. Artıq materialistlər üçün əbədi həyat yox idi. Təsadüfi deyil ki, pozitivizmin banisi Ogüst Kont da: “Ruhu və əbədiyyəti axtarmaq insanlığın təkamülü daxilindəki bir mərhələnin məhsuludur”, - deyirdi.
Ölümdən sonra həyatın inkar edilməsinin əsas səbəbi onun isbat edilməməsi idi və tədricən bu düşüncə öz yerini “Ölüm heçliyə açılan qapıdır” düşüncəsinə verdi. Dünyada son iki əsrdə müşahidə edilən və daha çox özünü xaoslarla büruzə verən ictimai-sosial hərəkətliliyin də səbəbi əslində əbədi həyatın inkar edilməsidir. Ölümün yoxluq kimi qəbul edilməsi və insanın ölümə məhkum olması arasındakı ziddiyyət insanları müxtəlif yollara sövq etdi. Bu yolların ən dəhşətlisi isə intihar idi. Beləliklə, ziddiyyətlər burulğanında çabalayan insan “qurtuluşu” onda görürdü. Qədim yunanlardakı sofizm təfəkkürü nihilizm donuna bürünərək yenidən ortaya çıxdı. Nihilizm insanın onsuz da yox olduğunu, yox olan bir şeyin bir daha yox olmayacağını təlqin edərək guya ölümün verdiyi iztirabı, dəhşəti yüngülləşdirmək istəyirdi. Digər tərəfdən, ölüm qorxusunu özünə belə etiraf edə bilməyən insan yalançı oyuncaqlar icad etməyə başladı. Hər gün yeni-yeni oyuncaqlar ixtira olundu. İnsan artıq vaxtının çoxunu radio, televizor, kino, avtomobil, kompüter və s. kimi oyuncaqlara sərf etməyə başladı. Ancaq insan yenə də dərdli idi. Dərdini daha dəhşətli bir dərdlə - alkoqolla və ya narkotika ilə unutmağa çalışdı. Və nə dünəni, nə sabahı xatırladı. Bəziləri isə arxada qoyduqları əsərlərlə yox olmaqdan xilas olacaqlarını düşünərək təsəlli tapdılar. Ancaq XX əsrin ilk yarısında baş verən iki dəhşətli müharibə insanlığa unutduğu bəzi şeyləri xatırlatdı. İnsana dünya həyatının əbədi olmadığını göstərdi. Əbədiyyət arzusunu yenidən oyandırdı. Sanki insanı qış yuxusundan qaldırdı. Artıq ölümdən sonra həyata inananların sayı gündən-günə artmağa başladı.

“Life after life” (“Həyatdan sonra həyat"”) kimi kitablar ən çox satılan kitablar siyahısına daxil oldu. Böyük mütəfəkkir Məhəmməd İqbalın illər əvvəl dediyi kimi dağılan dünyanın küllərindən yeni bir adəm və yeni bir aləm çıxmağa başladı. Sanki insan həyatı da, ölümü də yenidən kəşf etdi. İnsan ölümün heçliyə, yoxluğa, çürüməyə, məhv olmağa... açılan bir qapı olmadığını anladı. yeniavaz.com/


MANŞET XƏBƏRLƏRİ