Balkan Türk uşaq ədəbiyyatının görkəmli siması Nəcati Zəkəriyyə və Orxanın dünyası


Nurlana Mustafayeva
filologiya elmləri doktoru
Bakı Slavyan Universiteti Balkanşünaslıq kafedrasının müdiri

Ölümünün 38-ci ilində böyük yazıçıya ehtiramla ...

Sevginin şəkli varmı,

Nəyə bənzəyir sevgi?

Gözləri, qulaqları varmı?

Şəklini çəkə bilərmi rəssam dayı?

Müharibənin ortasında böyüyən, lakin ürəyində hər zaman uşaq sevgisiylə yaşayan böyük yazıçı...

Makedoniya doğumlu Türk şair, hekayə yazarı, jurnalist, tərcüməçi və mütəfəkkir Nəcati Zəkəriyyə, İkinci dünya müharibəsindən sonrakı Makedoniya Türk ədəbiyyatının ən önəmli nümayəndələrindən biridir. O, 1928-ci ildə Üsküp (Skopye) anadan olub. Yaşadığı dövrün tarixi prosesi və siyasi prosesləri nəzərə alındıqda, onun təhsil ala bilməməsinin səbəblərini də başa düşmək olur. Şairin uşaqlıq illəri müharibələr və siyasi çalxantılar içində keçir. Daha on iki yaşında olarkən İkinci dünya müharibəsi başlayır, doğulub böyüdüyü torpaqlar işğal edilir. O, müharibələrin şahidi olmuş, yurdunun düşmən işğalından azad edilməsini və yeni bir dövrün başlamasını böyük həyəcanla yaşamışdır. Həm ağrını, acı, həm də sevinci dərindən hiss etmişdir. Bütün bunlar, uşaqlığın çəhrayı xəyallarla dolu günlərində baş vermişdir.

İbtidai təhsilinə ərəb dilli müəllimdən aldığı dərslərlə başlayır və təhsilini tədrisin serbcə aparıldığı Yuqoslaviya Krallıq ibtidai məktəbində davam etdirir. İkinci dünya müharibəsinin başlaması ilə təhsilinə ara verən Nəcati Zəkəriyyə, müharibədən sonra bir sıra müəllimlik kurslarına qatılaraq təhsilini tamamlamağa çalışır. Ali təhsilini Üsküp Universiteti Fəlsəfə fakültəsində davam etdirir.

1928-ci ildə Üsküpün dar küçələrindən birində, tarixin ən çətin dövrlərində doğulan körpənin uşaqlıq illəri bombaların səsi altında keçmiş, məktəblər bağlanmış, özündən yaşca böyük olan dostları müharibəyə aparılmışdı. Lakin bütün bu dumanlı mənzərənin içində Nəcati böyüyərək bir gün elə həmin çətinlikləri yaşayan minlərlə uşağa ümid, sevgi və dostluq işığını yayır. O, sadəcə yazıçı deyildi, o, müharibənin yaralarına dərman olmağa çalışan, uşaqlara Türkcənin gözəlliyini öyrədən, onları dostluğa, sevgiyə və həmrəyliyə səsləyən biri idi. Bu gün də bu səs Balkanlarda, Anadoluda, bütün Türk dünyasında əks-səda verir.

Nəcati Zəkəriyyənin zəngin yaradıcılığı

Nəcati Zəkəriyyə təkcə hekayə yazıçısı deyildi. Onun yaradıcılığı çoxşaxəli və zəngin idi. Nəcati Zəkəriyyənin Balkan türklərinin milli kimliyini qorumaq üçün göstərdiyi mətbuat fəaliyyəti xüsusi yer tutur. O, 1950-1951-ci illərdə sosialist dövrün ruhuna uyğun olaraq "öncü" mənasını verən "Pioner" uşaq jurnalının redaktoru olur, bir il sonra jurnalın adı "Sevinс" olaraq dəyişdirilir. 1957-ci ildə "Tumurcuq" (Tomurcuk) uşaq jurnalının da redaktorluğunu öz üzərinə götürür. 1969-1973-cü illər arasında 1944-cü ildən çıxan və Makedoniya türklərinin səsi olan "Birlik" qəzetinin baş redaktoru olur. Onun gəlişindən sonra həftədə 1 dəfə çıxan qəzet həftədə 3 dəfə nəşr olunmağa başlayır. Belə ki, 1944-cü ilin 23 dekabrından Üsküpdə nəşr edilən "Birlik" qəzeti Makedoniya türklərinin həyatında bir məktəb rolunu oynayan, onların səsini dünyaya çatdıran, təhsil və mədəniyyət sahələrində zəngin məqalələr təqdim edən, müasir Makedoniya Türk ədəbiyyatının təməllərinin formalaşdığı, milli kimliyin qorunmasında çox əhəmiyyətli töhfələri olan son dərəcə vacib bir qəzet idi. Ədib Birlik qəzetinin nəzdində nəşriyyat quraraq Türkcə kitabların kütləvi çapını təmin edir. 1965-2001-ci illərdə çıxan məşhur "Səslər" dərgisinə böyük töhfələr verir. 1975-ci ildə Kosova Priştinada "Tan" qəzetinin müxbiri işləyir və "Quş" uşaq jurnalının redaktoru olur.

Nəcati Zəkəriyyanın ədəbi mühiti

Atasının kaman, qardaşlarının ud və qanun çaldığı bir mühitdə böyüməsi onun yaradıcılığına musiqililik və ahəng vermişdir. O, uşaq yaşlarında evlərində eyni heyranlıqla oxunan və müzakirə edilən iki fərqli qütbün Yəhya Kamal Bəyatlı (ənənəvi, klassik sənət) və Nazim Hikmətin (modern, inqilabi şeir) təsiri ilə böyüyüb, hər ikisini də dərindən mənimsəyib və sevib. Balkanlarda əsrlər boyu formalaşan xalq türküləri və təsəvvüf şeirinin zəngin ənənəsini dərindən dərk edib. İlk şeiri 1947-ci ildə "Birlik" qəzetində çıxır. 1950-ci ildə ilk kitabı "Şeirlər" çap olunur. O və digər Türk yazıçıları rejimin təzyiqi altında yaşasalar da, milli kimliklərindən və ana dillərindən (Türkcədən) əsla güzəştə getməyiblər.

Onun ən məşhur əsərləri "Bizim küçənin uşaqları" (1961) (Bizim Sokağın Çocukları), "Yeni küçənin uşaqları" (1967) (Yeni Sokağın Çocukları), "Köhnə küçənin uşaqları" (1967) (Eski Sokağın Çocukları), "Bizim küçənin Romeosu və Cülyettası" (1978) (Bizim Sokağın Romeo ve Jülyeti), “Gözəl nədir, çirkin nədir? (1968) (Güzel Nedir Çirkin Nedir), “Köhnələri alaram yeniləri sataram (1981) (Eskiler Alırım Yeniler Satarım) hekayə kitablarıdır. Bu əsərlərdə əsas obraz Orxan vasitəsilə müharibədən sonrakı Üsküpdə böyüyən uşaqların həyatı, dostluğu, sevinci, kədəri, dəcəlliyi və tənbəlliyi realist şəkildə təsvir olunur.

Şeir kitabları

Nəcati Zəkəriyyə uşaqlar üçün "Məktəb zəngi" (1952) (Okul Çanı), "Silah dovşan" (1953) (Silahşör Tavşan), "Qırmızı sırğalar" (1958) (Kırmızı Küpeler), "Laylalar" (1964) (Ninnilər), "Yaşıl haradadır" (1975), “Harada olsam da (1953) (Nerde Olsam), “Lalə (1954) (Gelincik), “Sevgi”(1965), Damlalar” (1967), “Yaşıl haradadır (1975) (Yeşil Nerde), “Ağaclar dilə gəlsə” (1985) (Ağaçlar Dile Gelse), “Hərflər nə yeyir?(1988) (Harfler Ne Yer), “Çayxana şeirləri(1989) (Çayhane Şiirleri) şeir kitabları vardır. Onun şeirlərində sadəlik, aydınlıq və ahəng uşaqların ruhuna, qəlbinə birbaşa toxunur.

O eyni zamanda “Makedon hekayələri antologiyası” (1969) (Makedon Hikayeleri Antolojisi), “On makedoniyalı ozan” (1971) (On Makedon Ozanı), “Müasir yuqoslav hekayələri antologiyası (1975) (Çağdaş Yugoslav Hikayeleri Antolojisi) , “Uçun quşlar uçun” (uşaq hekayələri antologiyası, 1978) (Uçun Kuşlar Uçun), “Makedoniya şeiri antologiyası” (1979) (Makedon Şiiri Antolojisi) kimi antologiyaları ilə Balkan Türk ədəbiyyatının ən gözəl nümunələrini bir araya toplamış, Yuqoslaviya və Türkiyə arasında mədəni körpü rolunu oynamışdır.

Uşaq jurnalları

Uzun illər "Sevinc", "Tomurcuk", "Quş" kimi uşaq jurnallarını redaktə etmiş, minlərlə uşağın Türkcə oxumasına, milli kimliyini unutmamasına və ana dilini sevməsinə səbəb olmuşdur.

Uşaqlara dostcasına yanaşmaq

Nəcati Zəkəriyyə deyirdi: "Uşaqlar yaşlarına baxmayaraq ciddi qəbul edilməlidirlər. Çünki onlar da böyük insanlar kimidirlər. Onlarla zarafat etmək olmaz." Bu sadə, lakin dərin sözlər onun bütün yaradıcılığının mahiyyətini açır. O, uşaqları özündən kiçik olaraq görmür, onların duyğularını, hisslərini, sevinclərini və qayğılarını başa düşürdü. Əsərlərində nə ağır nəsihət var, nə də uşaqları qorxudur. Əvəzində, bir dost kimi, bir yol yoldaşı kimi onlarla danışır.

Onun ən məşhur qəhrəmanı Orxan da məhz belə yaranıb. Yazıçı bir yazısında etiraf edir ki, 1941-ci ildə Üsküp bombalanarkən itirdiyi ilk məktəb dostunu illər sonra xatırlayaraq yaratdığı ovraza "Orxan" adını verib. O vaxtdan bəri uşaqların sevincini, qorxusunu, dəcəlliyini və tənbəlliyini Orxanın timsalında qələmə almışdır. Orxan sadəcə bir hekayə qəhrəmanı deyil. O, hər bir insanın özünü gördüyü, öz çətinlikləri ilə üzləşdiyi bir dostdur.

Bir dəqiqəlik tənbəllikdən yaranan hikmət

Nəcati Zəkəriyyənin hekayələrindən birində bir səhər Orxan təkbaşına evdəykən telefon zəng çalsa da, o yerindən qalxmır. Yenə telefon zəng çalır, yenə qalxmır. Aşağıdan onu çağırırlar, özünü eşitməzliyə vurur. Qapı döyülür, açmır. O, sadəcə bir az tənbəllik edir. Amma bu bir dəqiqəlik tənbəllik ona nələrə başa gəlir? Atası onu gəzməyə aparacağını söyləmək üçün zəng edir, anası onun üçün narahat olur, dostları futbol oynamaq üçün onu gözləyir, poçtalyon atasına kitab qonorarı gətirir, bir nəfər isə onun itirdiyi çantasını tapıb ona təslim etmək istəyir. Lakin Orxan heç birinə cavab vermir. Beləliklə, bir anlıq laqeydliyə görə onu gözləyən bütün xoşbəxt anlar əldən gedir.

Bu kiçik, lakin dərin mənalı hekayə birbaşa uşağın ruhuna toxunur, onu düşündürür. Axı hansı birimiz vaxtaşırı tənbəllik etmirik? Amma Nəcati Zəkəriyyə çox yumşaq bir dillə, heç kəsi təhqir etmədən uşağa deyir: "Bax, bir anlıq laqeydlik səni nələrdən məhrum edə bilər."

Orxan, Əhməd, Ökkeş, Fadiş və bənzərləri: Türk dünyasının uşaq qəhrəmanları

Orxan varmıdır?

Orxan uşaqmıdır?....

Bəli, Orxan vardır...

Türk uşaq ədəbiyyatı zəngin və rəngarəngdir. Azərbaycan ədəbiyyatında Mirzə Cəlilin "Danabaş kəndinin əhvalatları" əsərindən Əhməd obrazı Orxanla çox oxşardır. Əhməd də Orxan kimi sadə, təbii, öz kəndinin problemləri ilə yaşayan, lakin ürəyi təmiz bir uşaqdır. Orxan şəhər küçələrində formalaşarkən, Əhməd kənd həyatının təbii axarında böyüyür. Lakin hər ikisi öz dövrlərinin çətinliklərini uşaq qəlbi ilə yaşayır və oxucuya saflıq, dürüstlük aşılayır.

Türkiyə uşaq ədəbiyyatında Gülten Dayıoğlunun "Fadiş" romanındakı Fadiş obrazı, yaxud Muzaffer İzgünün "Ökkeş" əsərindəki Ökkeş qəhrəmanları tarixi və milli dəyərləri uşaq gözü ilə oxucuya çatdırır. Fazil Hüsnü Dağlarcanın "Çocuk ve Allah" kitabındakı "Çocuk" obrazı ilə Orxan arasında isə maraqlı paralel vardır. Dağlarcanın "Çocuk"u kainatı sorğulayarkən, Orxan da gündəlik hadisələrlə həyatın mənasını anlamağa çalışır. Hər ikisi uşaqlığın o saf, təmiz, axtarışda olan tərəfini təmsil edir.

Orxan, Əhməd, Ökkeş, Fadiş... Onların hamısı fərqli coğrafiyalarda danışır, lakin eyni həqiqəti söyləyirlər. Uşaqlar ürəklərində nifrət bəsləmirlər, onlar sevgi, dostluq və ümidlə yoğrulmuşlar.

Nəcati Zəkəriyyənin hekayələrində ən çox diqqətçəkən cəhət ayrı-seçkilikdən uzaq olmasıdır. Orxan Türkdür, amma onun ən yaxın dostları makedon, alban uşaqlardır. Yazıçıya görə uşaqların dünyasında din, dil və irq heç bir əhəmiyyət daşımır. Uşaqlar üçün yeganə ortaq dil sevgidir. "Üç dost" ("Üç Arkadaş") hekayəsində yazırdı ki, Yuqoslaviyada beş millət, on beş xalq yaşayır, ayrı-ayrı dillərdə danışır, lakin eyni şəkildə gülürlər. Bu gülüşün və dostluğun milliyyətinin olmadığını göstərirdi.

Çox çətin bir dövrdə Türkcə üçün mübarizə

Yaşadığı dövr heç də asan deyildi. Müharibələr, siyasi qarışıqlıqlar, Türklərə qarşı ayrı-seçkilik... Lakin o, ana dilində yazmaqdan, Türkcənin gözəlliyini uşaqlara sevdirməkdən əl çəkmədi. Onun tərtib etdiyi antologiyalar sadəcə Makedoniyada deyil, bütün Yuqoslaviyada, hətta Türkiyədə də uşaqların əlindən düşməzdi. Bir zamanlar Yuqoslaviyada makedon, serb, xorvat, sloven, alban məktəblərinin məcburi oxu siyahılarında Türk yazarlarından yalnız bir nəfərin adı var idi. O da Nəcati Zəkəriyyə idi. Bu bir yazıçıya nə qədər böyük hörmət və sevgi əlamətidir!

Nəcati Zəkəriyyənin rolu: dil elçisi, uşaq dostu

Nəcati Zəkəriyyə sadəcə yazıçı deyil, eyni zamanda böyük bir mədəniyyət elçisi, dil qoruyucusu və uşaq psixoloqu idi. Onun ən böyük rolu, müharibə və qarışıqlıqlar içində itib-batmış bir nəslə kimlik və özünəinam vermiş olmasıdır. Orxan obrazı bu mənada Türk uşağının dünyaya açılan pəncərəsidir. O, təkcə yazmaqla kifayətlənmirdi, eyni zamanda uşaq jurnallarını redaktə edir, uşaqların məktublarına cavab yazır, onların problemlərini dinləyirdi.

Uşaqlar niyə onu sevir?

Çünki Nəcati Zəkəriyyə uşaqları danlamır, mühazirə oxumur, qorxutmurdu. O, sadəcə gülümsəyir və deyirdi: "Görün, baş verənlərə bir baxın..." Hekayələrinin sonunda nəticə çıxarmağı oxucunun ixtiyarına buraxırdı. Onun qəhrəmanları realdır - həm dəcəl, həm tənbəl, həm də çox mehriban. Məhz bu səbəbdən hər bir uşaq özünü Orxanın yerinə qoya bilirdi.

Vida məktubu fatı (1988)

Bir gün öldüyüm zaman bir gün

məzarımı axtarmayın çəmənlərdə, çiçəklərdə

Bir gün öldüyüm zaman bir gün

məzarımı axtarmayın mənzillərdə, evlərdə

Bir gün öldüyüm zaman bir gün

məzarımı axtarın uşaq gülüşündə...

Uzun illər sağlamlıq problemləri yaşayan Nəcati Zəkəriyyə 1988-ci ildə Serbiyanın Novi Sad şəhərinin yaxınlığında yerləşən Sremska Kamenitsa xəstəxanasında vəfat edib və Üsküpdəki Butel qəbiristanlığında dəfn olunub.

Onun yaxın dostu Ethem Baymak onun ölümünü "Bir körpü yıxıl. Nəhəng bir körpü..." sözləri ilə ifadə edib ki, bu ifadə də onun Yuqoslaviyadan Türkiyəyə mədəni körpü olmasına işarədir.

Yazıçının xəstəxanadan yazdığı son məktubunda dediyi, "Dostlar salam! İlk dəfə çox-çox yorğunam... Ölüm qorxusunu çoxdan silib atmışam üzərimdən. Burada yeni bir şey öyrəndim. Ümiddir insanı ən son tərk edən...." sözləri onun nə qədər nikbin və humanist dünyagörüşünə sahib olduğunu göstərir.

Vardar çayı üzərində əbədiləşən xatirə

Vardar çayı üzərində qurulan və Makedoniya Mədəniyyət Nazirliyinin binasına doğru uzanan Sənət Körpüsü, ölkənin ən görəmli simalarının heykəllərinə ev sahibliyi edir. Nəcati Zəkəriyyə də bölgə ədəbiyyatına və Türk mədəniyyətinə verdiyi böyük töhfələrə görə bu körpüdəki seçkin şəxsiyyətlər arasında yerini almışdır. Bu, onun yarım əsrlik yaradıcılığının, minlərlə uşağın qəlbində iz buraxmış Orxan obrazının və Türk dilinə verdiyi dəyərin simvoludur. Halbuki Zəkəriyyə yalnız Türk uşaq ədəbiyyatının deyil, bütün Balkanların ortaq dəyəridir. Onun Orxan obrazı makedon, alban, serb uşaqları tərəfindən də sevilir, əsərləri illərdir məktəb proqramlarına daxil edilir.

Günümüz uşaqları necə olmalıdır? Orxanın bu günü

Bu gün dünya dəyişib. Uşaqlar ekranlar qarşısında vaxt keçirir, kompüter oyunları oynayır, sosial şəbəkələrdə boşuna zaman keçirirlər. Lakin Orxanın yaşadığı dostluq, tənbəllik, məktəb, ailə, məsuliyyət duyğusu hələ də aktualdır. Orxan bizə xatırladır ki, uşaqlar tənbəllik etməməli, çünki bir anlıq laqeydlik böyük fürsətləri əldən verə bilər. Dostlarına qarşı açıq və səmimi olmalı, fərqli millətlərdən olan uşaqlarla birlikdə oynamağı bacarmalıdır. Ailəsinə hörmət etməli, böyüklərini dinləməlidir. Səhv edə bilər, amma səhvlərindən dərs çıxarmağı bacarmalıdır. Öz dilini, mədəniyyətini sevməli, lakin bunu başqalarına qarşı üstünlük kimi istifadə etməməlidir.

Orxan, Əhməd, Fadiş, Ökkeş, Dağlarcanın Çocuğu və digər uşaq obrazları hamısı bizə göstərir ki, uşaqların dünyası təmiz, səmimi və ümid doludur. Biz böyüklərin vəzifəsi isə bu dünyanı qorumaq, onu sevgi, dostluq və biliklə zənginləşdirməkdir.

Altmış yaşında ikən vəfat edən Nəcati Zəkəriyyənin əsərləri bu gün də Şimali Makedoniyadakı məktəblərdə oxudulur, əsərləri dünyanın bir çox dillərinə tərcümə olunur. Onun ən məşhur üçlüyü "Bizim küçənin uşaqları", "Yeni küçənin uşaqları" və "Bizim küçənin Romeosu və Cülyettası" hələ də uşaq ədəbiyyatının ən sevilən nümunələri sırasındadır.

Bu gün Azərbaycanda, Türkiyədə və bütün Türk dünyasında Nəcati Zəkəriyyənin adını daha çox eşitməliyik. Onun Orxanı bizim də uşaqlarımızın dostu olmalıdır. Çünki Orxanın problemləri universaldır. Onun yaşadığı küçə istər Üsküpdə olsun, istər Bakıda, istər İstanbulda uşaqların nifrət deyil, sevgi və ümidi öyrəndiyi bir yerdir. Nəcati Zəkəriyyə deyirdi: "Mən, həyatım boyunca əsərlərimə estetik-sənət kimi baxmış bir insanam və inanıram ki, bir şeir və ya bir hekayə bütün ideologiyalardan daha uzun ömürlüdür."

Bu sözlərin üstündən on illər keçsə də, Orxan hələ də gülümsəyir, oynayır, səhv edir və səhvlərindən nəticə çıxarır. Çünki əsl uşaq ədəbiyyatı heç vaxt köhnəlmir. Nəcati Zəkəriyyənin qələmi bu gün də uşaqların ürəyində yaşayır. Üsküpün küçələrindən başlayıb bütövlükdə Türk dünyasına yayılan bu işıq heç vaxt sönməyəcək. Vardar çayı üzərindəki Sənət Körpüsündə əbədiləşən heykəli də bu işığın bir nişanəsidir.


MANŞET XƏBƏRLƏRİ