Almaniya müvafiq şərait yaradılacağı təqdirdə Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinə hərbi töhfə verməyə hazır olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merz Fransanın Evian şəhərində keçirilən G7 liderlərinin görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.
Merz qeyd edib ki, o, ABŞ Prezidenti Donald Trampa sülhün təmin olunması istiqamətində Almaniyanın da öz töhfəsini verməyə hazır olduğunu çatdırıb.
“Buna Hörmüz boğazında uzunmüddətli və müvafiq şərait yaradıldıqdan sonra hərbi yolla sərbəst naviqasiyanın təmin edilməsinə dəstək də daxil ola bilər”, – deyə kansler bildirib.
O, ABŞ və İran arasında əldə olunan razılaşmadan sonra prosesin növbəti mərhələsinin sürətlə danışıqların ikinci mərhələsinə keçid olmalı olduğunu vurğulayıb.
Merz əlavə edib ki, Hörmüz boğazında gəmiçiliyin məhdudiyyətsiz və təhlükəsiz şəkildə bərpa olunması, İranın nüvə proqramının isə beynəlxalq nəzarət altında dayandırılması vacibdir.
Aytən Yaşar/ Turkustan.az