G7 ölkələri Ukraynaya hava hücumundan müdafiə sistemləri, tutucu qurğular və uzaqmənzilli silahların tədarükünün artırılması barədə razılığa gəliblər.
Turkustan.az xəbər verir ki, bu barədə G7 liderlərinin Fransada keçirilən sammitdən sonra yaydıqları birgə bəyanatda bildirilib.
Bəyanatda qeyd olunub ki, tərəflər Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə əlavə hava hücumundan müdafiə sistemləri və tutucu vasitələrin göndərilməsini, həmçinin uzaqmənzilli silah təminatının genişləndirilməsini razılaşdırıblar.
“Biz hava hücumundan müdafiə sistemlərinin, əlavə qurğuların və tutucu vasitələrin, eləcə də uzaqmənzilli silahların tədarükünü artırmaq barədə razılığa gəldik. Həmçinin Ukraynanın öz hərbi istehsalını genişləndirməsi üçün lisenziyaların verilməsi imkanını nəzərdən keçirməyə hazırıq”, – deyə bəyanatda vurğulanıb.
G7 liderləri eyni zamanda Rusiyanın hərbi iqtisadiyyatına təzyiqin artırılacağını bildiriblər.
“Xüsusilə neft və qaz sektorlarına yönəlmiş sanksiyaları daha da sərtləşdirəcəyik. Hesab edirik ki, əlavə tədbirlərin görülməsi üçün əlverişli vaxtdır”, – bəyanatda qeyd olunub.
Aytən Yaşar/ Turkustan.az