İranla ABŞ arasında 14 bənd – Kim hansını qəbul edəcək?


Xəbər verildiyi kimi, ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumunun tam mətni dərc edilib. Sənəd 14 bənddən ibarətdir:

The memorandum between the US and Iran will be like this - - Medianews.az

1. İran İslam Respublikası və ABŞ, eləcə də hazırkı müharibədə onların müttəfiqləri memorandumun imzalanması ilə eyni vaxtda bütün cəbhələrdə, o cümlədən Livanda müharibənin dərhal və daimi dayandırıldığını elan edir. Tərəflər bir-birinə qarşı hər hansı düşmənçilik hərəkəti etməməyi, habelə güclə hədələməkdən və güc tətbiqindən çəkinməyi öhdələrinə götürür. Yekun saziş bu və digər maddələrin müddəalarını təsdiqləyəcək.

2. İran İslam Respublikası və ABŞ bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyi, həmçinin bir-birinin daxili işlərinə qarışmamağı öhdələrinə götürür.

3. İran və ABŞ maksimum 60 gün müddətində, qarşılıqlı razılıq əsasında uzadıla biləcək müddətdə danışıqlar apararaq yekun saziş əldə etməyi öhdələrinə götürür.
4. Memorandum imzalandıqdan dərhal sonra ABŞ dəniz blokadasını aradan qaldıracaq, İrana qarşı hər hansı müdaxilə və ya maneələrin qarşısını alacaq və maksimum 30 gün ərzində gəmiçilik hərəkətini tam həcmdə bərpa edəcək. Gəmi hərəkətinin həcmi İranın müharibədən əvvəlki daşınma həcminə uyğun olmalıdır. ABŞ yekun sazişdən sonra 30 gün ərzində öz qüvvələrini ətraf bölgələrdən çıxarmağı da öhdəsinə götürür.

5. Memorandum imzalandıqdan sonra İran dərhal addımlar atacaq ki, Fars körfəzi ilə Oman dənizi arasında ticarət gəmilərinin hərəkəti 30 gün ərzində müharibədən əvvəlki səviyyəyə qaytarılsın. Bu zaman texniki maneələrin aradan qaldırılması və minaların zərərsizləşdirilməsi nəzərə alınacaq.

6. ABŞ regional tərəfdaşları ilə birlikdə İranın bərpası və iqtisadi inkişafı üçün hər iki tərəfin razılaşdıracağı geniş proqram hazırlamağı öhdəsinə götürür. Bunun üçün ən azı 300 milyard dollar maliyyələşmə təmin ediləcək. Proqramın icra mexanizmi yekun sazişin bir hissəsi kimi 60 gün ərzində hazırlanacaq.

7. ABŞ yekun saziş çərçivəsində razılaşdırılacaq qrafik üzrə İrana qarşı qüvvədə olan bütün sanksiyaları ləğv etməyi öhdəsinə götürür. Buraya BMT Təhlükəsizlik Şurasının qətnamələri, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İdarəçilər Şurasının qərarları, eləcə də ABŞ-ın bütün ilkin və ikinci dərəcəli birtərəfli sanksiyaları daxildir.

8. İran bir daha bəyan edir ki, heç vaxt nüvə silahı istehsal etməyəcək. İran və ABŞ zənginləşdirilmiş materialın taleyinin, eləcə də İranın nüvə ehtiyacları da daxil olmaqla qarşılıqlı razılaşdırılmış bütün nüvə məsələlərinin yekun sazişdə tənzimlənməsi barədə razılığa gəliblər.
9. Yekun saziş əldə olunana qədər tərəflər status-kvonu qoruyacaq. İran nüvə proqramında mövcud vəziyyəti saxlayacaq, ABŞ isə İrana qarşı yeni sanksiyalar tətbiq etməyəcək və regiondakı qüvvələrini gücləndirməyəcək.

10. ABŞ memorandum imzalandıqdan dərhal sonra və sanksiyalar qaldırılan günə qədər İranın xam neftinin, neft-kimya məhsullarının və onların törəmələrinin ixracı, eləcə də bankçılıq, sığorta, nəqliyyat və digər əlaqəli xidmətlər üçün istisna icazələr verəcək.

11. ABŞ yekun sazişə doğru danışıqlarda irəliləyiş fonunda İranın dondurulmuş və ya məhdudlaşdırılmış vəsait və aktivlərinin açılmasını və tam istifadəyə verilməsini təmin etməyi öhdəsinə götürür. Bu vəsaitlər İran Mərkəzi Bankının müəyyən etdiyi ödənişlər üçün istifadə olunacaq və ABŞ bunun üçün bütün zəruri icazələri verəcək.

12. İran və ABŞ yekun sazişin uğurlu icrasına və gələcək öhdəliklərə nəzarət etmək üçün icra mexanizmi yaradacaqlar.

13. Memorandum imzalandıqdan və onun 4, 5, 10 və 11-ci maddələrinin icrasına başlanmasına dair təminatlar əldə olunduqdan sonra İran və ABŞ qalan maddələr üzrə yekun saziş danışıqlarına başlayacaqlar.

14. Yekun saziş BMT Təhlükəsizlik Şurasının məcburi qüvvəyə malik qətnaməsi ilə təsdiqlənəcək.

ABD-İran anlaşmasının detayları belli oldu

Bəs bu bəndlərdən hansılarının ABŞ, hansılarının İran tərəfindən sonadək yerinə yetirilməsi mümkünsüz görünür?

Siyasi ekspertlərin fikrincə, bu mətn doğrudursa, o, adi atəşkəs sənədindən daha çox genişmiqyaslı siyasi-iqtisadi saziş layihəsinə bənzəyir. Lakin sənəddəki bəzi müddəalar real geosiyasi şərtlərdə son dərəcə çətin, hətta bəzi hallarda praktiki olaraq mümkünsüz görünür.

1-ci bəndin yerinə yetirilməsi ABŞ üçün nisbətən mümkündür. İran üçün isə çətin tərəfi odur ki, Livan, Yəmən, İraq və Suriyadakı təsir etdiyi silahlı qrupların hamısına tam nəzarət etmir. Məsələn, Hizbullah və digər qrupların davranışına yüz faiz zəmanət vermək çətindir. Ona görə də gedişatda İran "müttəfiqlərimin hamısına tam nəzarət etmirəm" arqumentini gətirə bilər.
Suverenliyə hörmət və daxili işlərə qarışmamağı nəzərdə tutan 2-ci bənd diplomatik sənədlərdə standart maddədir. Ona görə də hər iki tərəf üçün mümkündür, lakin praktikada tərəflər bir-birini yenə də kəşfiyyat fəaliyyəti, informasiya müharibəsi və s. ilə ittiham edə bilərlər.

3-cü bənd isə ən problemli maddələrdən biri sayılır. ABŞ Konqresi, müttəfiqlər və daxili siyasi müzakirələr prosesi uzada bilər. İrana gəlincə, bu cür məsələnin reallaşması üçün ali dini rəhbərlik, parlament və təhlükəsizlik strukturlarının razılığı lazımdır. 4-cü bəndin yerinə yetirilməsi üçün isə böyük problem görünür. ABŞ qarşıdakı müddətdə dəniz əməliyyatlarını dayandıra bilər, lakin bütün regional qüvvələri çıxarmaq çox çətindir. ABŞ-ın Qatar, Bəhreyn, Küveyt kimi ölkələrdəki hərbi bazaları bağlanmış müqavilələr əsasında fəaliyyət göstərir. 30 gün ərzində bu müqavilələri pozmaq və hərbi bazaları bölgədən çıxarmaq mümkün görünmür. 5-ci bəndin reallaşması isə əsasən İranın əlindədir. Minaların təmizlənməsi və təhlükəsizliyin təmin edilməsi texniki məsələdir və mümkün görünür. 6-cı bənddə nəzərdə tutulan öhdəliyin yerinə yetirilməsi də çətin hesab edilir. ABŞ Prezidenti təkbaşına bu qədər vəsait ayıra bilməz. Konqres təsdiqi lazımdır.

ABD-İran anlaştı savaş sona erdi! - Haberler Milliyet

Ekspertlər bu baxımdan 6-cı bəndi reallaşdırılması çətin bəndlərdən biri sayırlar. İrana qarşı bütün sanksiyaların ləğvini nəzərdə tutan 7-ci bəndə gəlincə, burada isə hüquqi problemlər meydana gələ bilər. ABŞ Prezidenti bir çox sanksiyaları ləğv edə bilər, lakin Konqres qanunları ilə tətbiq edilən sanksiyalar, BMT mexanizmləri, ayrı-ayrı terrorizm və insan hüquqları əsaslı sanksiyalar bir qərarla aradan qaldırıla bilməz. Ona görə də bu bəndin tam şəkildə yerinə yetirilməsi çox çətin qiymətləndirilir.
8-ci bəndə gəlincə, İran nüvə silahı hazırlamadığını onsuz da illərdir bəyan edir. Əsas mübahisə uranın zənginləşdirmə səviyyəsi və ehtiyatların taleyi ilə bağlı olacaq. Status-kvonun qorunmasını özündə ehtiva edən 9-cu bənd isə nisbətən realist maddə sayıla bilər. Lakin tərəflərdən biri qarşı tərəfin hansısa addımını pozuntu kimi də qəbul edə bilər.

10-cu bəndin əhatə etdiyi məsələni isə ABŞ prezident sərəncamları və lisenziyalarla həll edə bilər. Bu maddə texniki baxımdan həyata keçirilə biləndir. 11-ci bənd İranın dondurulmuş aktivlərinin açılmasını nəzərdə tutur. Burada problem aktivlərin harada yerləşməsidir. İran vəsaitləri ayrı-ayrı ölkələrdədir. ABŞ onlara təsir göstərə bilər, lakin bütün aktivlərin tam açılmasına zəmanət verə bilməz.

12-ci bənddə əksini tapan məsələ standart beynəlxalq praktikadır və həlli tam real hesab edilir. 13-cü bənd də texniki xarakter daşıyır və həyata keçirilməsi mümkün qiymətləndirilir. Sonuncu 14-cü bəndin yerinə yetirilməsi isə əsasən özündən əvvəlki bəndlərin yerinə yetirilməsindən asılı olacaq. Beləliklə, ən çox şübhə doğuran və icrası ən çətin bəndlərin 3-cü bənd, 4-cü bəndin ikinci hissəsi, 6-cı və 7-ci bənd olduğu görünür. Digərləri qismən problemli olsa da, nisbətən reallaşa bilən hesab edilir.

/Musavat.com


MANŞET XƏBƏRLƏRİ