ABŞ-ın vitse-prezidenti JD Vens bildirib ki, Prezident Donald Tramp heç vaxt İranın devrilmiş şahı Məhəmməd Rza Pəhləvinin sürgündə yaşayan oğlu Rza Pəhləvini hakimiyyətə qaytarmağı hədəfləməyib.
Turkustan.az xəbər verir ki, onun sözlərinə görə, Vaşinqtonun əsas məqsədi İranın nüvə proqramına son qoymaqdır.
Jurnalist Meqin Kellinin YouTube kanalında yayımlanan müsahibədə çıxış edən Vens Tramp administrasiyasının İran siyasətinə dair fikirlərini bölüşüb.
Trampın İranda rejim dəyişikliyini hədəfləmədiyini vurğulayan Vens deyib: “ABŞ prezidenti heç vaxt məqsədinin Rza Pəhləvini İranın yeni lideri etmək olduğunu bildirməyib”.
Vitse-prezident qeyd edib ki, İran xalqının mövcud rejimə qarşı üsyan edib-etməməsi onların öz qərarıdır.
“Tramp bildirib ki, əgər İran xalqı üsyan etmək istəyirsə, bu onların seçimidir. Bu məsələ İran xalqı ilə hökuməti arasında olan daxili məsələdir”, – deyə Vens əlavə edib.
O, həmçinin vurğulayıb ki, ABŞ-ın əsas məqsədi İranın nüvə proqramını diplomatik yollarla, zərurət yaranacağı təqdirdə isə hərbi vasitələrlə dayandırmaqdır.
Aytən Yaşar/ Turkustan.az