CHP bələdiyyəsində korrupsiya əməliyyatı: Saxlanılanlar var


Türkiyədə İzmir Respublika Baş Prokurorluğunun Seferihisar Bələdiyyəsinə qarşı apardığı korrupsiya və rüşvət istintaqı çərçivəsində ikinci əməliyyat dalğası həyata keçirilib.

Turkustan.az xəbər verir ki, əməliyyat zamanı bələdiyyə sədrinin müavini İbrahim Gökhan Pehlivan və CHP Malatya millət vəkili Vəli Ağbabanın müşaviri olduğu bildirilən Özlem Akyılmaz da daxil olmaqla 6 nəfər saxlanılıb.

İstintaq çərçivəsində İzmir və ətraf ərazilərdə eyni vaxtda əməliyyatlar keçirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları səhər saatlarında İbrahim Gökhan Pehlivanın bələdiyyədəki iş otağında da axtarış aparıblar.

Əməliyyat zamanı çoxsaylı rəqəmsal materiallar götürülərək araşdırma üçün müsadirə edilib.

İstintaq materiallarında iddia olunur ki, tikinti və şəhərsalma prosedurları ilə bağlı qanunsuz əməliyyatlar müqabilində ümumilikdə 6 milyon türk lirəsi məbləğində rüşvət alınıb və verilib.

Seferihisar Respublika Prokurorluğunun koordinasiyası ilə aparılan araşdırmada bələdiyyə əməkdaşları və özəl sektor nümayəndələrinin də daxil olduğu iddia edilən rüşvət şəbəkəsinin fəaliyyəti araşdırılır.

İstintaq davam edir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ