Qaranlıqdan doğan qurtuluş


Siyasi lirikaya baxın ey...

BALTA

Atıblar bir küncə, pas tutubdur o,
Elə bil nəyəsə yas tutubdur o.
Nə götürəni var, nə işlədəni,
Sapından ayrıdı başı, bədəni.

Yoxsa o düşünür keçən illəri?
Düşünür etdiyi pis əməlləri?
O neçə pöhrəni kökündən vurub,
O neçə ağacın qəsdinə durub...

Amma bir sözünü mən gerçək bildim:
“Kəsdirən olmasa, kəsən deyildim.
Axı nə suçum var, nə də qurğum var,
Mənimlə qırmaq da, qurmaq da olar...”

(Ağa Laçınlı)

Ağa Laçınlının qıpqırmızı imperialist senzurasının qılınclı vaxtında simvolik dillə yazdığı bu siyasi lirika, bu gün də istənilən idarəçilik maşınının, repressiv mexanizmin və ədəbi-ictimai...baltalama..
mühitinin əyninə biçilib.
...Kəsdirən olmasa, kəsən deyildim... misrasındakı o daxili etiraf və ittiham elə hər dövrün gizli təlimatçılarına, qruplaşmalarına verilən ən sümüklü cavabdır, ən dürüst addır.
Mənə elə gəlir ki, bu torpaqların taleyini bütün dövrlərdə o imperialist zehniyyət, yamyaşıl dini təslimçilik və qapqara kölələşən iradə idarə edib. Hələ də küçələrin damarlarında o böyük imperiyaların canından qopan diktatorların qanı axır.
Hətta o ...baltanın sapı özümüzdən olanda... fikrinin özü də əlimizə verilən böyük bir ideoloji yalandır. Bu sözü qəsdən atalarımızın boynuna yıxıblar ki, qurbanda özü-özünü yeyib-tökən günahkarlıq hissi yaratsınlar. Bu, göz yaşına inan fağır məmləktimi içəridən iflic etmək üçün uydurulmuş böyük bir ideoloji tələdir. Əslində isə baltanın sapı da, tiyəsi də başqalarının əlindədir, biz isə sadəcə o oyunda özümüzü günahkar saymaqla, meşənin qırılmağına bəraət qazandırmağa o qədər hazırıq ki...

Bəzən elə misralar var ki, sənət yükü olmasa da tale yükü olur.
​Bir dəfə qədim türk mətnlərindən belə bir bənd oxumuşdum, həmişə gəlib düşür yadıma, müəllifini də bilmirəm,

​Altaylardan doğar səsim,
Kim haraylar, bular səsim?
Sən gəlməsən batar günəş,
Qaranlıqda doğar səsim.

​Niyə xatırlayıram hər dəfə bilmirəm...
​Nəhayətsiz özünü millət kimi, özünü xilaskar kimi hiss etməyin lirikasıdır, bu.
​Qurtuluş günün mübarək, Məmləkətim!


MANŞET XƏBƏRLƏRİ