İsrailin Baş naziri Benyamin Netanyahu təhlükəsizlik kabinetinin bugünkü iclasında ABŞ-ın tələbi ilə İrana qarşı iyunun 8-nə planlaşdırılan hücumun ləğv edilməsi barədə məlumatın mediaya sızdırılmasına görə Baş Qərargah rəisi Eyal Zamiri tənqid edib.
Turkustan.az xəbər verir ki, İsrailin 12-ci Kanal televiziyasının məlumatına görə, ABŞ və İran arasında əldə olunan razılaşmadan sonra keçirilən təhlükəsizlik kabinetinin iclasında İran və Livanla bağlı məsələlər müzakirə olunub.
Məlumata əsasən, İsrail Hərbi Hava Qüvvələrinin komandanı general-mayor Ömər Tişler iclas zamanı ABŞ prezidenti Donald Trampın xahişi ilə İrana qarşı iyunun 8-nə planlaşdırılan hava hücumunun təxirə salındığını təsdiqləyib. Bundan sonra iclasda gərgin müzakirələr başlayıb.
Netanyahu isə Tişlerin açıqlamasını yanlış adlandıraraq Baş Qərargah rəisi Eyal Zamiri açıq şəkildə tənqid edib.
“Bu məlumat İsrailin birliyinə zərbə vurdu və bizi Trampın qarşısında çətin vəziyyətə saldı”, – deyə Netanyahu bildirib.
Məlumatda təhlükəsizlik kabinetinin iclasında müzakirə olunan digər məsələlər barədə ətraflı açıqlama verilməyib.
Aytən Yaşar/ Turkustan.az