ABŞ-İran razılaşmasındakı 300 milyard dolları kimlər ödəyəcək? – GİZLİ SAXLANILAN MƏLUMATLAR


ABŞ və İran arasında əldə olunan çərçivə razılaşmasına İrana investisiyaların cəlb edilməsini nəzərdə tutan 300 milyard dollarlıq özəl fondun yaradılması da daxildir. Reuters –in məlumatına görə, bu məbləğin yarıdan çoxu artıq müxtəlif investorlar tərəfindən öhdəlik kimi götürülüb.

Mənbələrin bildirdiyinə görə, fondun əsas məqsədi tərəflər üçün iqtisadi stimul yaratmaq və müharibəyə son qoyacaq yekun sazişin imzalanmasına şərait formalaşdırmaqdır. Plan hələ rəsmi şəkildə açıqlanmadığı üçün məlumatlar anonim mənbələrə əsaslanır.

Bildirilir ki, fond tamamilə özəl sektorun vəsaitləri hesabına formalaşdırılacaq. Buraya ABŞ, Körfəz ölkələri, Asiya, Cənubi Amerika və Afrikada fəaliyyət göstərən şirkətlərin maliyyə öhdəlikləri daxildir. Fondun tərkibində dövlət vəsaitləri və ya hökumət qrantları nəzərdə tutulmur.

İnvestisiyaların əsasən enerji, logistika, istehsal və nəqliyyat sektorlarına yönəldilməsi planlaşdırılır. Mənbələrin sözlərinə görə, bu sahələr İran iqtisadiyyatının bərpasında mühüm rol oynaya bilər.

Tehran ilkin mərhələdə ABŞ-dən müharibə nəticəsində dəyən ziyana görə 400 milyard dollar kompensasiya tələb edib. Lakin Vaşinqton bu tələbi qəbul etməyib. Bundan sonra "Yenidənqurma və İnkişaf Fondu"nun yaradılması ideyası ortaya çıxıb.

Fond çərçivəsində region ölkələrinin müxtəlif formalarda dəstək verməsi nəzərdə tutulur. Bu dəstəyə kreditlərin təmin edilməsi, kredit xətlərinin açılması və müharibədən zərər görmüş obyektlərin birbaşa maliyyələşdirilməsi daxildir. Yenidən qurulacaq obyektlər arasında polad istehsalı müəssisələri, neft emalı zavodları, hava limanları və digər infrastruktur layihələri yer alır.

Son dörd onillikdə beynəlxalq sanksiyalar səbəbindən İran xarici investisiyalar üçün cəlbediciliyini əhəmiyyətli dərəcədə itirib. Buna baxmayaraq, ölkə dünyanın ən böyük təbii qaz ehtiyatlarından birinə və iri neft rezervlərinə malikdir.

Eyni zamanda, 92 milyondan çox əhalisi olan İranın gənc və təhsilli işçi qüvvəsinə, müxtəlif sənaye bazasına və neft-kimya, mədənçilik, turizm və kənd təsərrüfatı kimi sahələrdə istifadə olunmamış potensialına diqqət çəkilir.

Məlumata görə, bu investisiya fondu ABŞ sanksiyalarının ləğvi və xaricdə dondurulmuş İran aktivlərinin azad olunması ilə bağlı paralel danışıqlardan tamamilə ayrıdır. Hər iki mexanizmin fərqli məqsəd və icra müddətləri olduğu bildirilir.

Fond yalnız yekun saziş imzalandıqdan sonra fəaliyyətə başlayacaq. Hazırda tərəflər arasında imzalanması gözlənilən 60 günlük memorandumun bu prosesin hüquqi çərçivəsini müəyyənləşdirməsi nəzərdə tutulur. Bu müddət ərzində fondun idarəçiləri iranlı tərəfdaşlar və investorlarla birlikdə layihələrin miqyasını və istiqamətlərini müəyyən edəcəklər.

Ağ Ev bildirib ki, İran bu fonda yalnız Vaşinqtonla əldə olunacaq razılaşmanın şərtlərinə əməl edəcəyi halda çıxış əldə edə biləcək. Bu şərtlərə nüvə proqramının məhdudlaşdırılması, zənginləşdirilmiş material ehtiyatlarının aradan qaldırılması və ciddi nəzarət mexanizmlərinin qəbul edilməsi daxildir./lent.az


MANŞET XƏBƏRLƏRİ