ABŞ, İsrail və İran arasında müharibənin dördüncü günündə şiddət artdığı bir vaxtda Çinin İrana CM-302 səsdən sürətli gəmi əleyhinə raketlər verəcəyi ilə bağlı iddialar rəsmi Pekin tərəfindən təkzib edilib.
Turkustan.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning mətbuat konfransında İranın Çindən CM-302 raketləri almağa yaxın olması barədə xarici mediada yayılan xəbərlərə münasibət bildirərək, “Məlumat doğru deyil” deyib. O, Çinin beynəlxalq öhdəliklərinə əməl etdiyini və dezinformasiyanın yayılmasına qarşı olduğunu vurğulayıb.
Son beynəlxalq xəbərlərdə İranın Çin istehsalı olan CM-302 səsdən sürətli gəmi əleyhinə raketləri almaq üçün danışıqlar apardığı və müqavilənin “tamamlanmaq üzrə olduğu” iddia edilirdi.
CM-302 raketi, Çinin YJ-12 ailəsinin ixrac versiyası kimi təqdim olunur və dəniz hədəflərinə qarşı yüksək sürətli hücum qabiliyyəti ilə seçilir. Belə bir sistemin İrana mümkün təhvil verilməsi ilə bağlı iddialar Hörmüz boğazı və Fars körfəzində dəniz təhlükəsizliyi balansı baxımından diqqət çəkib.
Aytən Yaşar/ Turkustan.az