Dünya silah bazarında onilliklər boyu Rusiya təbliğat maşınının yaratdığı bir mif mövcud idi: “S-300 zenit-raket kompleksləri məğlubedilməzdir, bu sistemin qoruduğu səmadan quş belə uça bilməz”. Rusiya bu “super silahı” xarici ölkələrə milyardlarla dollara satır, alıcılara faktiki olaraq tam hava təhlükəsizliyi vəd edirdi.
Lakin müasir müharibənin reallıqları bu mifi darmadağın etdi. Və ən diqqətçəkən məqam odur ki, Rusiya hərbi sənayesinin bu qlobal reputasiya itkisi Ukraynada və ya Yaxın Şərqdə deyil, məhz Azərbaycanda – İkinci Qarabağ müharibəsində başladı.
Qarabağda partlayan “məğlubedilməzlik” mifi
2020-ci ilin payızında Ermənistan rəhbərliyi və onun havadarları əmin idilər ki, İrəvanın arsenalında olan Rusiya istehsalı “S-300” hava hücumundan müdafiə sistemləri Azərbaycanın aviasiya və pilotsuz aparatlarının qarşısını asanlıqla alacaq. Lakin Azərbaycan Ordusu müasir hərb tarixinə düşəcək innovativ taktika ilə rus silahının zəif tərəflərini bütün dünyaya göstərdi. Azərbaycan hərbçiləri sovet dövründən qalma köhnə “AN-2” (kukuruznik) təyyarələrini pilotsuz rejimə uyğunlaşdıraraq yalançı hədəf kimi havaya qaldırdılar. Ermənistanın “S-300” radarları bu ucuz platformaları real təhlükə kimi qeydə alıb onlara bahalı zenit raketləri atdı və bununla da mövqelərini ifşa etdi.
Növbəti mərhələdə isə səmada pusquda gözləyən Azərbaycanın “Harop” kamikadze dronları işə düşdü. Radar və buraxılış qurğuları bir-bir sıradan çıxarıldı. 44 günlük müharibə ərzində Xocavənd (Şuşakənd), Qubadlı və digər istiqamətlərdə Ermənistana məxsus, dəyəri yüz milyonlarla dollarla ölçülən bir neçə “S-300” divizionu – həm atış qurğuları, həm də əsas “36D6-M” radarları – məhv edildi. Beləliklə, “keçilməz səma” iddiası real döyüş şəraitində ilk dəfə ciddi şəkildə sınağa çəkildi və bu sınaqdan çıxa bilmədi.
İranın “çılpaq” qalan səması: proses davam edir

2020-ci ildə Qarabağda başlanan bu ifşa prosesi bu gün Yaxın Şərqdə – İran-İsrail qarşıdurmasında daha geniş miqyasda özünü göstərir. İran da uzun illər böyük maliyyə vəsaiti xərcləyərək Rusiyadan “S-300” sistemləri almış, paytaxt Tehranı və strateji nüvə obyektlərini məhz bu komplekslərə etibar etmişdi. Lakin son aylarda baş verən hadisələr göstərdi ki, nəticə Ermənistanın yaşadığı təcrübədən köklü şəkildə fərqlənmir. 2024-cü ilin aprelində və xüsusilə oktyabrın 26-da İsrailin İrana endirdiyi zərbələr zamanı Rusiya istehsalı sistemlər yenidən ciddi sınaq qarşısında qaldı. Beynəlxalq media və peyk görüntülərinə əsaslanan məlumatlara görə, İsrail qırıcıları və uzaqmənzilli zərbə vasitələri İranın hava hücumundan müdafiə şəbəkəsinin əsas elementlərini sıradan çıxardı.
Tehran yaxınlığındakı və İsfahandakı radar obyektlərinin zədələnməsi İranın müdafiə zəncirində ciddi boşluqlar yaratdı. Kağız üzərində yüzlərlə kilometr məsafədə hədəf vurmalı olan sistemlər özlərini belə qoruya bilmədilər. ABŞ rəsmilərinin “İran hava hücumundan müdafiə baxımından ciddi zəifləyib” məzmunlu açıqlamaları isə bu prosesin beynəlxalq miqyasda necə qəbul olunduğunu göstərdi.
Rusiya silahının reputasiya böhranı

Qarabağda pilotsuz aparatların “S-300” sistemlərini sıradan çıxarması, Ukrayna cəbhəsində bu komplekslərin müasir Qərb raketləri qarşısında çətinliklərlə üzləşməsi və son olaraq Yaxın Şərqdə baş verən hadisələr eyni sualı gündəmə gətirir: Rusiya bu sistemləri hansı müharibə ssenarisi üçün hazırlayıb? Aydın görünür ki, müasir döyüş meydanında elektron müharibə vasitələri, beşinci nəsil qırıcılar və yüksək dəqiqlikli standoff raketləri hava hücumundan müdafiə konsepsiyasını kökündən dəyişib. Köhnə nəsil arxitektura üzərində qurulmuş sistemlər bu tempə uyğunlaşmaqda çətinlik çəkir.
Bu gün İranın ABŞ və İsrail qarşısında hava məkanını tam qoruya bilməməsinin əsas səbəblərindən biri məhz böyük ümid bəslədiyi Rusiya texnologiyasının məhdudiyyətləridir. Vaxtilə Ermənistanın “məğlubedilməz ordu” mifini Azərbaycan Ordusu necə dağıtmışdısa, “məğlubedilməz S-300” anlayışı da ilk ciddi zərbəni Qarabağda aldı.
İndi isə eyni reallıq Yaxın Şərqdə təkrarlanır. Rusiya hərbi sənayesinin onsuz da sarsılmış imici isə hər sıradan çıxarılan radar və hər məhv edilən batareya ilə daha da zəifləyir. Silah bazarında miflərlə yox, real döyüş nəticələri ilə qiymət verilir. Bu nəticələr isə artıq hamının göz qabağındadır. /Musavat.com/