Livan rəsmiləri “Hizbullah”ın ABŞ-ın vasitəçiliyi ilə təqdim olunan hücumların dayandırılması təklifini qəbul etdiyini açıqlayıb. Razılaşmaya əsasən, İsrail Beyrutun cənubundakı Dahiya bölgəsinə zərbələri, “Hizbullah” isə İsrailə qarşı hücumları dayandıracaq.
“Hizbullah”la razılaşma İran ətrafında artan gərginlik və müharibənin yenidən başlaması ehtimalına tamamilə son qoya bilərmi? Beləliklə, Yaxın Şərqdə gərginlik azalır?
Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Livan rəsmilərinin açıqladığı razılaşma İsrail–“Hizbullah” xəttində gərginliyin müvəqqəti azalmasına xidmət etsə də, bu, Yaxın Şərqdə bütün risklərin aradan qalxması anlamına gəlmir:
“Hizbullah”ın İranın regiondakı əsas müttəfiqlərindən biri olması səbəbindən əldə olunan anlaşma Tehranın maraqları ilə də əlaqələndirilir. Lakin bölgədə İran–İsrail qarşıdurması, Qəzza məsələsi, Suriyadakı hərbi-siyasi vəziyyət və ABŞ-ın regional siyasəti kimi amillər hələ də qalmaqdadır. Bu səbəbdən razılaşmanı ümumi sülhdən daha çox lokal eskalasiyanın qarşısını alan addım kimi qiymətləndirmək olar.

Züriyə Qarayeva
Bununla belə, İsrail və “Hizbullah” arasında hücumların dayandırılmasının Yaxın Şərqdə gərginliyin müəyyən qədər azalmasına müsbət təsir göstərməsi mümkündür. Əgər bu razılaşma davamlı xarakter alarsa, İran ətrafında yeni hərbi cəbhələrin açılması ehtimalı zəifləyə və diplomatik kanallar üçün əlavə imkanlar yarana bilər. Lakin regionda çoxsaylı aktorların və qarşılıqlı ziddiyyətli maraqların mövcudluğu nəzərə alınarsa, hazırkı mərhələdə müharibə riskinin tam aradan qalxdığını söyləmək hələ tezdir. Bu razılaşma daha çox gərginliyin idarə olunmasına yönəlmiş taktiki addım kimi görünür”.