İsrail ordusunun Kəşfiyyat İdarəsinin (AMAN) keçmiş rəhbəri Tamir Hayman ABŞ və İsrailin İranda rejim dəyişikliyinə yönəlmiş gizli planlar hazırladığını iddia edib.
Turkustan.az xəbər verir ki, onun sözlərinə görə, planın ilk mərhələlərindən biri kürd qrupları vasitəsilə həyata keçirilməli idi, lakin sonradan proses dayanıb.
ABŞ-ın PBS televiziya kanalına müsahibə verən Hayman bildirib ki, Vaşinqton və Təl-Əviv İrana qarşı yalnız hava hücumları ilə məhdudlaşmayan daha geniş hərbi və siyasi strategiyalar üzərində işləyib.
Keçmiş AMAN rəhbərinin sözlərinə görə, İranda rejim dəyişikliyini hədəfləyən ssenarilər çərçivəsində ölkənin sabiq prezidenti Mahmud Əhmədinejadın yenidən siyasi səhnəyə qayıtması ehtimalı da müzakirə olunub.
Hayman iddia edib ki, plan bir sıra xüsusi əməliyyatlardan ibarət olub və onların başlanğıcı kimi kürd qruplarının iştirakı nəzərdə tutulub.
“Əhmədinejadla bağlı xüsusi əməliyyatlar planlaşdırılırdı və o da bu prosesin bir hissəsi idi. Kürd əməliyyatı istisna olmaqla, digər əməliyyatların detalları ictimaiyyətə açıqlanmayıb. Çünki bütün əməliyyatlar zəncirinin məhz bu mərhələ ilə başlaması planlaşdırılırdı”, – deyə Hayman bildirib.
O həmçinin iddia edib ki, planın həyata keçirilməsi mərhələsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında aparılan təmaslardan sonra proses pozulub. Lakin Hayman bu iddiasını dəstəkləyən əlavə təfərrüatlar açıqlamayıb.
Qeyd edək ki, İsrail və ABŞ-ın kürd qrupları vasitəsilə İrana təzyiq göstərməyi planlaşdırdığına dair oxşar iddialar daha əvvəl də müxtəlif beynəlxalq media orqanlarında yer alıb. Bununla belə, bu məlumatlar rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.
Aytən Yaşar/ Turkustan.az