Rusiyada azərbaycanlı tələbəyə 15 il həbs cəzası VERİLDİ – DETALLAR


Rusiyada Murmansk Arktika Universitetinin 23 yaşlı tələbəsi, etnik azərbaycanlı Rafael Məmmədov İsmət oğlu barəsində ağır məhkəmə hökmü çıxarılıb.

Turkustan.az Rusiya KİV-ə istinadla xəbər verir ki, Məhkəmə gənci «dövlətə xəyanət» və «terror təşkilatında iştirak»da təqsirli bilib.

Məhkəmənin qərarına əsasən, o, cəzasının ilk 3 ilini həbsxanada, qalan 12 ilini isə ciddi rejimli islah-əmək müstəmləkəsində (koloniyada) keçirəcək. Bu cür ağır cinayət təqibinə səbəb Məmmədovun hazırda 340-dan bir az çox abunəçisi olan «Azad Laplandiya» («Свободная Лапландия») adlı “Telegram” kanalı olub.

Kanalın müəllifi burada Kola Şimalının tarixi, mədəniyyəti və mifologiyasına həsr olunmuş postlar və memlər paylaşırmış. Tarixi kontentlə yanaşı, kanalda mövcud Rusiya hakimiyyətini tənqid edən və regionun dekolonizasiyası (müstəmləkəçilikdən azad edilməsi) ehtiyacına dair mülahizələr əks olunan materiallar da yer alıb.

Qeyd edək ki, Ötən il Rusiyanın hüquq-mühafizə orqanları və məhkəməsi bu kiçik regional resursu terrorçu elan edib. Güc strukturları iddia ediblər ki, kanalın Rusiya Federasiyasında qadağan olunmuş «Post-Rusiya Azad Dövlətləri Forumu» ilə guya birbaşa əlaqəsi var.

​Onu da bildirək ki, istintaq Təcridxanasında (SİZO) olduğu müddətdə Rafael Məmmədovun iki dəfə intihara cəhd etdiyi iddia olunur./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ