Paşinyanın başı üzərində 102-ci hərbi baza bəlası


“Ermənistanın Rusiyanın 102-ci hərbi bazasını ölkədən çıxarmaqla bağlı planları yoxdur. Rusiya Federasiyası ilə sıx tərəfdaşlığımız var, iqtisadi və siyasi əlaqələrimiz möhkəmdir”.

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Polşada diplomatik nümayəndələr və analitiklərlə görüşündə bildirib.

Paşinyan 102-ci hərbi bazanı ölkədən çıxarmaq istəsə belə, bu, hüquqi, siyasi baxımdan mümkündürmü və hansı nəticələri verər?

Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Musavat.com-a bildirib ki, Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazası Ermənistan və Rusiya arasında imzalanmış dövlətlərarası sazişə əsasən fəaliyyət göstərir. 2010-cu ildə sazişin müddəti 2044-cü ilə qədər uzadılıb:

184659.jpg (40 KB)

“Bazanın orada saxlanması Rusiyanın Ermənistanda və Cənubi Qafqazda mövqelərinin qorunması baxımından maraqlarına xidmət edir. Paşinyanın Rusiyanın maraqlarına qarşı bu qədər də getməsinin mümkün olmadığı əvvəldən bəlli idi. Paşinyanın ürəyindən 102-ci bazanı ölkədən çıxarmaq keçsə belə, o, bunu dilinə gətirməz və praktiki addım atmaz. Çünki Moskva üçün bu 102-ci baza məsələsi qırmızı xətt hesab edilir. Kreml heç bir Ermənistan hökumətinə bu qırmızı xətti keçməyi bağışlamaz. Bunu Paşinyan dəqiq bilir”.

Ekspert deyib ki, məsələyə hüquq mexanizm baxımından yanaşsaq, Ermənistan qeyd etdiyimiz sazişi birtərəfli qaydada ləğv edə bilər. Amma bu, Moskva tərəfindən beynəlxalq müqavilənin pozulması kimi qiymətləndiriləcək və siyasi nəticələr doğuracaq:

“Müqavilədə çıxış proseduru və xəbərdarlıq müddəti nəzərdə tutulur. Yəni texniki olaraq mümkündür, lakin asan deyil, ciddi nəticələri ola bilər. Ermənistan iqtisadi baxımdan Rusiyadan ciddi asılıdır, təhlükəsizlik sistemi uzun illər Rusiyaya inteqrasiya olunub. 102-ci bazanın çıxarılması mövzusunu İrəvan gündəmə gətirən andan Rusiya Ermənistana qarşı həm də iqtisadi rıçaqlarını işə salar. Enerji və qaz qiymətlərini qaldırmaqla, daxildə gərginlik yaratmaq və digər üsullarla Ermənistanı qarışdıra bilər. Bir sözlə, 102-ci bazanın 2044-cü il gəlmədən də çıxarılması məsələsi hüquqi baxımdan mümkündür, siyasi və iqtisadi baxımdan isə Ermənistan üçün son dərəcə risklidir”.


MANŞET XƏBƏRLƏRİ