İşıqlı Atalı
Ürəyinizdə Ata Günəş olsun! İllərdir uzunömürlülük haqqında düşünürəm, artıq bu yöndə yaratdığım sistem əsasında yaşayıram. Ruhsallıq (Mənaçılıq) aşkarlanırsa, deməli, İnsana güclü Bədən də gərəkdir.
Fiziki sağlığın özülündə Ruhsal sağlıq durur.
İnsanın iç dünyasına bələdliyi sağlığını yaradır: nöqsanlarından arınan Ruhunu kökdə saxlaya bilir.
İnstinktləri tanımaq, bilmək çətin işdir, bu proses dərin idraki bilik tələb edir. Bunu bacaran sağlığını daha sistemli qurmağı bacarar.
***
“Özü ilə üz-üzə qalmaq” anlayışı çağımızda insanın insana mənəvi doğmalığının artması, formalaşması baxımından çox gərəklidir. İnsan əslində ətrafında nə varsa öyrənir, özünü də anatomik cəhətdən araşdırır, ancaq mənəvi yön tam şəkildə araşdırılmır. Burada özünüöyrənmə əsas məsələdir. Yəni insan ilk növbədə mənfi cəhətlərini (qorxu, həsəd, köləlik, xəbislik, cahillik, hərislik, zalımlıq və s.) araşdırmalı, sonra isə onları aradan qaldırmağa çalışmalıdır. Əlbəttə, özünü bu sarıdan araşdırmaq çox çətindir, ancaq qaçılmazdır. Bu, artıq özünüöyrənmə mərhələsidir. Sonrakı mərhələ özündəki nöqsanlarla barışmamaq, sonuncu mərhələ isə həmin mənfi duyğuların yerinə müsbət cəhətlərin (cəsarət, heyrət, vüqar, saflıq, doğruluq, insanilik, ləyaqət, mərhəmət və s.) qoyulmasıdır.
***
Çox zaman ruhsallıq əsasında yaşayanların bədəni sağlam olmur. Təbii ki, Şərqdə bu əsasda yaşayan, uzun ömür sürənlərin olduğunu kimsə inkar etmir. Bizdə bu ənənə tam inkişaf etməyib.
Mütləqə İnam Dünyabaxışı varsa, sağlam Bədənlə bağlı da axtarışlar ardıcıl olmalıdır. Sayıram, Mütləqə İnam əsasında yaşamaq insanların sağlam Bədənlə bağlı imkanlarını da artıracaq.
İnsanlar uzun ömrü həm də mənalı yaşamaq üçün çalışacaqlar. Yoxsa ki, uzun fiziki ömrü ruhsallıqdan (mənəvilikdən) ayırmaq, insanlığı düşünməmək, İnsanlıq əsasında yaşamamaq – mənasızlaşmaqdır, ömrü yelə verməkdir.
Doğadan yararlanmaq: Günəşdən, Sudan, Havadan; meyvə-tərəvəz əsaslı (daha çox çiy) yeməklər insanların ömrünü artıra bilər, artırır. Qənaətlərimi yazılaşdırıram, İnsanlara gərək olacağını düşünürəm.
***
Son illərdə ürək, onkoloji, şəkər və s. xəstəliklərin bu dərəcədə artması artıq hamını narahat edir, ancaq insanların sağlıqla bağlı tərpənişləri çox azdır. Sağlığın yaranması insanın anadangəlmə imkanları ilə də bağlıdır, ancaq əsas məsələ hər kəsin öz həkimi olmasıdır. Bizə bunu ənənəvi olaraq nə ailədə, nə də orta və ali məktəblərdə öyrətməyiblər.
Türkəçarə qaydamızı tərgitmişik, indi də çağdaş yeniliklərin təbabətə tətbiqindən yararlanmağa çalışırıq. Yeniləşən təbabətin uğurları insanlara fayda verir, ancaq bu, əsasən tibbi profilaktikada, cərrahiyyədə daha xeyirli ola bilər. Başqa qaçılmaz nədənlər də yarana bilər, yaranır...
***
Elə xəstəliklər var, cərrahiyyəyə gedib çıxmalı deyil, zamanında önləyə bilərik. Ruh-Bədən birliyinin nizamlanması əslində ömürlük işdir.
İnsan sağlıq sarıdan ömrünü qura bilsə, ardıcıllıqla gedəcək, vaxtı mənasız gərginliklərə itməyəcək. Ancaq hər birimiz bu gərginliyi indiyə kimi özümüz, doğmalarımız sarıdan çox yaşamışıq, yaşayırıq. Bizə elə gəlir ki, bu, doğal prosesdir, belə də olmalıdır. Belə ard edəndə isə acı sonucların artdığını, çıxılmazlığa vardığımızı aydın görürük.
***
Xəstələnmək adi hal sayılır. Anlaşılandır, bədən öləridir, zamana uyğundur, dəyişkəndir. Ancaq əsas məsələ Ruh-Bədən “birliyinin” ömrünü uzatmaqdır. Ona görə “birliyinin” sözünü belə yazıram ki, Ata demişkən, “Təzadlar arasında birlik omur”.
İnsan bir ömür boyunca bu təzadla yaşayır, yaşamağa məcburdur.
Ömürdə bu qoşalığı – təzadı sağlam aparmaq olar.
Bunu hər birimiz bacara bilərik.
Ruhsallıq – İnsanın hər anlamda ömrünə yiyə durması deməkdir. Xəstə Bədənlə uzun ömür yolu getmək olmur. İnsan tez-tez xəstələnir, qayğıları yaxınlarının, doğmalarının çiyninə ağır yük kimi düşür, əsəbilik, gərginlik doğal gediş kimi artdıqca xəstəliklərinin sayı, ölçüsü də genişlənir.
Yaşamaq gözdən düşür, fərəhsizlik çeşidləri sıralanır, aqibətin ilahilikdən asılılığı xofu artır, ağlın, iradənin imkanları dərinliklərə çəkilir. Ona görə ki, İnsanın ümidsizliyi başlayır, artır. Ətrafda kim varsa, hamının özü kimi yaşadığını görür, daha da ümidsizləşir, imkansızlıqdan çıxış yolu tapa bilmir.
***
Məsləhətçilik isə həmişə var! Hamı öyrətmək istəyir, öyrədir də. Adamlar yaşamadıqları gözəllikləri, sağlıq ölçülərini – gerçəkləri başqalarında görmək istəyirlər, tələb edirlər, umurlar.
Həkimdən sağlıq umurlar. Doğmalarından sağlıq umurlar.
Çox zaman yaxşı nəsə baş vermir. Ancaq ayılmaq olayı gec də olsa var. Gerçək budur ki, bizim yerimizə kimsə nöqsanlarımızla döyüşməyəcək.
Kimsə sağlıq imkanlarımızı bizim kimi bilməyəcək, bizim üçün aşkarlamayacaq.
Ruhlu İnsan – mahiyyətcə nöqsansız İnsandır.
Bədənini kökləyən insan öncə Ruhuna yiyə durandır.
Ruhlu İnsan Bədbinlik tanımır, Nikbinlik tanıyır. Yəni Bədbinlikdən qurtulur, Nikbinliyə yetir.
Ruhsal (İnsani) imkanlarına yetənin Bədənini kökləməsi daha uğurlu alınır.