Fevralın 25-də Bakıya Rusiya Federasiyasının növbəti yüksək səviyyəli hərbi nümayəndə heyəti təşrif buyurub. Nümayəndə heyətinə Rusiya Müdafiə Nazirliyinin Silahlanma İdarəsinin rəisi, Hərbi-Kosmik Qüvvələrin silahlanma üzrə baş komandanının müavini, general-polkovnik Yuri Qrexov rəhbərlik edir.
Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı Namiq İslamzadə ilə görüş keçirib, həmçinin Milli Müdafiə Universitetində təşkil olunan seminarda iştirak edib.

Musavat.com xəbər verir ki, Yuri Qrexov 15 oktyabr 1962-ci ildə Qorkidə anadan olub. O, 1984-cü ildə Qorki adına Hava Hücumundan Müdafiə Ali Zenit Raket Məktəbini, daha sonra 1994-cü ildə Tver şəhərindəki Jukov Hərbi Hava Hücumundan Müdafiə Akademiyasını bitirib.
Xidmət etdiyi müddətdə Uzaq Şərq Hərbi Dairəsinin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Ordusunun Hava Hücumundan Müdafiə Diviziyasında radiotexniki batareya heyətinin rəisindən zenit-raket alayının komandir müavini vəzifəsinə yüksəlib.
1998-ci ildən 2005-ci ilə qədər Sakit Okean Donanmasının aviasiya və hava hücumundan müdafiə qüvvələrinin zenit-raket alayının komandiri və Rusiya Federasiyasının Şimal-Şərqi aviasiya və hava hücumundan müdafiə qüvvələrinin zenit-raket qüvvələrinin rəisi vəzifələrində çalışıb. 2004-cü ilin iyun ayından Rusiya Federasiyasının Şimal-Şərqi Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə İdarəsinin qərargah rəisi və birinci müavini olub.
2007-ci ilin iyun ayından 2009-cu ilə qədər Xüsusi Təyinatlı Qüvvələr Komandanlığının Hava Hücumundan Müdafiə Bölməsinin qərargah rəisi vəzifəsini icra edən və komandir müavini vəzifələrində çalışıb.
2009-cu ildə Aerokosmik Müdafiə Əməliyyat-Strateji Komandanlığının Hava Hücumundan Müdafiə Briqadasının qərargah rəisi və komandir müavini təyin edilib. 2012-ci ilin noyabr ayından Hava və Raket Müdafiə Komandanlığının Hava Hücumundan Müdafiə Briqadasının komandiri olub.
2013-cü ilin dekabr ayından Hava və Raket Müdafiə Qüvvələrinin qərargah rəisi və birinci müavini olub. 2014-cü ildə general-mayor hərbi rütbəsi verilib. 2015-ci ildə Aerokosmik Qüvvələrin Hava və Raket Müdafiə Qüvvələrinin qərargah rəisi və komandir müavini təyin edilib. 2018-ci ilin dekabr ayından etibarən Hava və Raketdən Müdafiə Qüvvələrinin komandanı və Rusiya Aerokosmik Qüvvələrinin baş komandan müavini vəzifələrində çalışıb. General-leytenant rütbəsi verilib.
2021-ci ildə Hava və Raketdən Müdafiə Qüvvələrinin komandanı vəzifəsindən azad edilib və Rusiya Aerokosmik Qüvvələrinin Silahlanma üzrə baş komandan müavini təyin edilib, general-polkovnik rütbəsi verilib.
2022-ci ilin iyunundan Avropa Birliyi ölkələrinə girişi qadağan edilən general-polkovnik MDB Birgə Hava Hücumundan Müdafiə Sistemi çərçivəsində müqavilələrin həyata keçirilməsinə də nəzarət edir. Kreml Qrexova MDB ölkələri üçün vahid hava hücumundan müdafiə sistemi yaratmaq üçün görəvləndirilib. MDB Birgə Hava Hücumundan Müdafiə Sistemi 1995-ci ildə yaradılıb. Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan aktiv iştirakçılar olaraq qalır.