Mark Rutte avropalıları ABŞ-ın addımları ilə bağlı narahatlığı kənara qoymağa çağırıb.
Turkustan.az xəbər verir ki, Rutte bildirib: “Mən avropalıları ABŞ-ın nə edəcəyi barədə narahat olmağı dayandırmağa və öz mandatları və məsuliyyətləri çərçivəsində əllərindən gələni etməyə çağırıram”.
Rutte Brüsseldəki NATO qərargahında Litvanın Baş naziri İnqa Ruginiyene ilə birgə mətbuat konfransı keçirib.
O bildirib ki, NATO hava hücumundan müdafiə sistemlərini gücləndirmək istiqamətində səylərini hər gün artırır. Rutte alyansın hava hücumundan müdafiə qabiliyyətinin 400 faiz artırılmasının vacib olduğunu, lakin bunun zaman tələb etdiyini vurğulayıb.
Baş katib qeyd edib: “Bu gün özümüzü müdafiə etmək mövqeyindəyik. Amma əmin olmaq istəyirik ki, 2, 4 və ya 6 il ərzində NATO ərazisinin hər qarışını müdafiə edə biləcəyik. Buna görə də bu məsələ bizim üçün prioritetdir”.
Avropadakı ABŞ qüvvələrinin mümkün azaldılması ilə bağlı isə Rutte bildirib ki, Vaşinqton NATO-ya və Alyansın 5-ci maddəsinə tam sadiqdir.
Aytən Yaşar/ Turkustan.az