Azərbaycanda iş saatlarının azaldılması və ya dəyişdirilməsi, eləcə də evdən işləmə modelinin geniş tətbiqi məsələsi yenidən gündəmin əsas mövzularından birinə çevrilib.
Böyük şəhərlərdə, xüsusilə paytaxt Bakıda səhər və axşam saatlarında müşahidə olunan sıx nəqliyyat axını, uzun tıxaclar, işə gecikmələr və bunun yaratdığı stress fonunda çevik iş rejimi artıq zərurət kimi təqdim olunur.
Müzakirələr təkcə sosial rahatlıqla məhdudlaşmır. Söhbət həm də iqtisadi səmərəlilikdən, əmək məhsuldarlığından, hüquqi tənzimləmədən və maliyyə dayanıqlığından gedir. Əmək bazarında çevik iş rejiminə keçidin mümkün nəticələri həm işəgötürənlər, həm də işçilər üçün müxtəlif suallar doğurur.
Bəs iş saatlarının azalmasının məhsuldarlığa, ÜDM-ə, işəgötürən xərclərinə və əmək bazarına necə təsir edə bilər?
Hazırda qüvvədə olan qaydalara görə, standart iş günü 8 saat, həftəlik iş vaxtı isə 40 saat təşkil edir. Lakin son illərdə dünyada 6 saatlıq iş günü, 4 günlük iş həftəsi və hibrid iş modelləri ilə bağlı təcrübələr genişlənib. Bir sıra ölkələrdə aparılan pilot layihələr göstərib ki, iş vaxtının azaldılması hər zaman məhsuldarlığın azalması demək deyil. Ekspertlərin fikrincə, əgər iş saatlarının azaldılması kütləvi şəkildə tətbiq edilərsə məsələn, gündəlik iş vaxtı 8 saatdan 6 saata endirilərsə və bu dəyişiklik məhsuldarlığın azalmasına səbəb olmazsa, əməkhaqqının azaldılması zəruri sayılmaya bilər. Bu isə əmək münasibətlərində tamamilə yeni mərhələnin başlanğıcı ola bilər.
Digər suallar da yaranır ki, Azərbaycan əmək bazarı 6 saatlıq iş gününə hazırdırmı? Bu addım iqtisadi artımı zəiflədəcək, yoxsa əksinə, daha məhsuldar və balanslı bir sistem formalaşdıracaq?
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycanın əmək bazarında muzdla çalışan təxminən 1 milyon 700 min nəfər insan var və onlar həm dövlət, həm də özəl sektorda fəaliyyət göstərirlər: “Bu strukturun özü göstərir ki, iş saatlarının dəyişdirilməsi və ya azaldılması məsələsinə vahid və sadə mexanizm kimi yanaşmaq mümkün deyil. Çünki sektorlar üzrə imkanlar və məhdudiyyətlər fərqlidir. Dövlət sektorunda bu dəyişiklikləri tətbiq etmək nisbətən daha rahat görünür. İş qrafikini dəyişmək də, azaltmaq da, artırmaq da, fərqli vaxtlarda işə başlama mexanizmi qurmaq da inzibati baxımdan mümkündür. Xüsusilə nazirliklərdə, komitələrdə, müxtəlif dövlət idarələrində iş prosesinin təşkili mərkəzləşdirilmiş qaydada həyata keçirildiyi üçün saat mexanizmini tənzimləmək realdır”.
Ekspert dedi ki, amma eyni yanaşmanı bütün sahələrə şamil etmək mümkün deyil: “Məsələn, məktəblərdə dərs saatı ənənəvi olaraq saat 8-də başlayır və burada ümumi sistem dəyişmədən yalnız iş saatını fərqləndirmək çətin məsələdir. Eyni vəziyyət hüquq-mühafizə orqanlarına da aiddir. Bu qurumlarda təhlükəsizlik amili əsas prioritetdir və xidmət rejimi xüsusi qaydalarla tənzimlənir. Burada adi inzibati iş qrafiki yanaşması tətbiq edilə bilməz. Həkimlər və səhiyyə işçiləri ilə bağlı da oxşar vəziyyət yaranır.
Özəl sektora gəldikdə isə vəziyyət daha mürəkkəbdir. Özəl sektora iş saatlarının azaldılmasını və ya dəyişdirilməsini inzibati qaydada diktə etmək mümkün deyil. Çünki özəl sektor işçi qəbul edərkən öz iqtisadi ehtiyaclarına, bazar şərtlərinə və gəlir modelinə əsaslanır. Əgər 6 saatlıq iş rejimi tətbiq olunarsa, özəl sektorun davranışı necə olacaq? Məsələn, kafe və restoranlar gündə 12–14 saat fəaliyyət göstərirlər. Bu halda sahibkar həmin vaxt intervalını bağlamaq istəməyəcək. Nəticədə o, bir işçi əvəzinə iki işçi götürməyə məcbur qalacaq. Bu isə əməkhaqqı fondunun bölünməsi deməkdir. Maaş bölündükdə isə real gəlir azalacaq və işçilər daha aşağı əməkhaqqı ilə razılaşmalı olacaqlar.
Bu səbəbdən də 6 saatlıq iş rejimi nəzəri baxımdan cəlbedici görünsə də, praktikada xüsusilə özəl sektor üçün ciddi maliyyə və təşkilati problemlər yarada bilər”.
O da məlumdur ki, Bakıda nəqliyyat sıxlığı artıq sosial problemə çevrilib. Azərbaycanda iş saatı azaldılarsa tıxac problemi həll oluna bilərmi? Məlum məsələdir ki, minlərlə insan eyni saatda işə başlayır və eyni saatda işdən çıxır. Bəzi ekspertlər hesab edir ki, iş saatlarının mərhələli şəkildə fərqləndirilməsi, yəni bəzi qurumların saat 08:00-da, digərlərinin 09:00 və ya 10:00-da fəaliyyətə başlaması nəqliyyat yükünü bölüşdürə bilər.

Nəqliyyat eksperti Eldəniz Cəfərov məsələ ilə bağlı deyib ki, söhbət təkcə iş saatının azaldılmasından getmir: “Burada əsas məsələ iş saatlarının diferensiallaşdırılmasından gedir. Yəni minlərlə insanın eyni saatda evdən çıxıb yollara axışması, on minlərlə avtomobilin paralel şəkildə hərəkətə başlaması əlbəttə ki, sıxlıq yaradır. Nəticədə gecikmələr qaçılmaz olur, tıxaclar formalaşır, həm vaxt itkisi, həm də iqtisadi zərər meydana çıxır. Məhz buna görə də iş saatları diferensiallaşdırılmalıdır. Eyni vaxtda başlanıb eyni vaxtda bitən iş rejimi böyük şəhər üçün effektiv model deyil. Xüsusilə Bakı kimi nəqliyyat yükünün yüksək olduğu bir şəhərdə mərhələli və fərqli saat mexanizminə keçid artıq zərurətə çevrilib.
Bu prosesə ilk növbədə dövlət qurumlarından başlanmalıdır. Dövlət müəssisələrində iş saatları fərqli vaxtlarda başlamalı və fərqli vaxtlarda bitməlidir. Qeyd edim ki, iş saatlarının diferensiallaşdırılması məsələsi dövlət proqramında da təsbit olunub. 2025–2030-cu illəri əhatə edən Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı proqramda iş saatlarının dəyişdirilməsi və diferensiallaşdırılması mexanizminin tətbiqi nəzərdə tutulur. Lakin artıq 2026-cı ilə qədəm qoymuşuq və təəssüf ki, bu istiqamətdə hər hansı ciddi irəliləyiş müşahidə olunmur. Praktik müstəvidə dəyişiklik hiss edilmir. Bağçalar, məktəblər, universitetlər, eləcə də dövlət qurumları hələ də eyni saat prinsipi ilə fəaliyyət göstərirlər. Hamı eyni vaxtda işə başlayır, eyni vaxtda işdən çıxır və nəticədə şəhər yenə də eyni nəqliyyat yükü ilə üz-üzə qalır”.