“Putin sarayı” ilə bağlı gizlinlər – Milyard dollarlıq iqamətgah 800 min rubla satılıb


Rusiyanın Anti-Korrupsiya Fondu (FBK) Qara dəniz sahilində, Gələncik yaxınlığında yerləşən və uzun illərdir mediada “Putin sarayı” kimi təqdim olunan böyük iqamətgah kompleksi ilə bağlı yeni araşdırma yayıb.

Turkustan.az xəbər verir ki, araşdırmada obyektin hüquqi sahibliyi və maliyyə dövriyyəsi barədə yeni detallar açıqlanıb.

FBK-nin məlumatına görə, kompleks birbaşa Rusiya Prezidenti Vladimir Putinin adına rəsmiləşdirilməyib. Obyekt əvvəlcə “Kompleks” adlı şirkətin balansında olub. Həmin şirkət isə “Binom” vasitəsilə “İnvestisiya qərarları” adlı başqa bir şirkətə bağlıdır.

Araşdırmada bildirilir ki, 2021-ci ilin mart ayında prezidentin yaxın çevrəsinə daxil olan rusiyalı iş adamı Arkadiy Rotenberg “Binom” şirkətinin 100% səhmini cəmi 800 000 rubl müqabilində alıb. Bu isə faktiki olaraq, milyardlarla dollar dəyərində olduğu iddia edilən komplekslə müqayisədə olduqca aşağı məbləğ sayılır.

Müstəqil hesablamalara görə, 68 hektara yaxın ərazini əhatə edən obyektin ümumi dəyəri təxminən 1 milyard dollar səviyyəsində qiymətləndirilir. Kompleksin tərkibinə iri yaşayış binası, geniş infrastruktur, xidmət obyektləri, idman və helikopter meydançası və digər tikililər daxildir. Tikinti işlərinin 2023-cü ildə başa çatdığı bildirilir.

FBK həmçinin qeyd edir ki, tikinti tamamlandıqdan sonra “İnvestisiya qərarları” şirkətinin hesablarında təxminən 6,5 milyard rubl “artıq vəsait” qalıb. Araşdırma müəlliflərinin iddiasına görə, bu məbləğ sonradan bir neçə fonda köçürülüb. Həmin vəsaitin bir hissəsi Alina Kabayeva ilə əlaqəli strukturlara yönləndirilib. Bildirilir ki, pulun əsas hissəsi bank depozitlərində saxlanılıb və 2024-cü ildə bu əmanətlər üzrə faiz gəliri 435 milyon rubl təşkil edib.

Qeyd edək ki, Rusiya rəsmiləri daha əvvəl bu obyektin prezidentə məxsus olması ilə bağlı iddiaları təkzib ediblər. Arkadiy Rotenberq isə 2021-ci ildə açıqlamasında kompleksin ona aid olduğunu və burada hotel tipli kommersiya layihəsi həyata keçirməyi planlaşdırdığını bildirmişdi.

FBK-nin son araşdırması isə mülkiyyətin aşağı qiymətə rəsmiləşdirilməsi və böyük məbləğdə vəsaitin dövriyyəsi ilə bağlı yeni suallar ortaya qoyur. Araşdırmada irəli sürülən iddialar rəsmi qurumlar tərəfindən təsdiqlənməyib və məsələ ətrafında ictimai müzakirələr davam edir. /bakupost.az/


MANŞET XƏBƏRLƏRİ