Rəsulzadə Kalvadan keçməklə Lahıca necə gedib?



İşıqlı Atalı

Bu olayı atam Qalib Soltanoğludan eşitmişəm. Kalvalı Şirin Nemətoğlu tez-tez Şamaxıya kababçılar üçün səbətlərdə kömür apararmış. 1920-ci il mayında yenə kömür aparır. Kababçı ilə yaxın dost imiş. Kababçı ona etibar etdiyindən deyir ki, Şirin, qonaqlarım var, Kalvaya aparacaqsan. Şirin kişi bilmir qonaqlar kimdir. O, axşamdan keçmişə kimi gözləyir, gecəynən qonaqları kəndə gətirir. Sən demə, qonaqlardan biri M.Ə.Rəzulzadə imiş.

Bu söhbəti 1977-də kəndin ağsaqqalı, Müsavat vaxtı firqə komitəsinin sədri olmuş Qeybulla Xəlilov söyləyib. Qeybulla kişi hadisəni Q.Soltanoğluya kənd içində ehtiyatla danışırmış ki, birdən eşidən olar. Xahiş eləyib ki, bir sənə deyirəm, heç kəs bilməsin.

Deməli, Qeybulla kişi Şirinlə çəpər qonşusu imiş. Rəsulzadə soruşur ki, kəndin firqə sədri hardadır? Şirin gedib Qeybullanı çağırır ki, bir bizə gəlginən. Qonaqlardan biri onlara Rəsulzadə olduğunu bildirir. Burada Qeybulla kişinin diqqəti çəkən bir müşahidəsi var. Danışırmış ki, Rəsulzadə paltarını soyunanda sarındığı bayraq göründü.

O, soruşur ki, kənddə Müsavatın üzvlərindən kim var? Qeybulla kişi bir neçə nəfərin adını çəkir. Rəsulzadə və dostunu gecəynən Şirin kişi qonşu Basqal kəndinə aparır, orada etibarlı adama təhvil verir. Qonaqlar burdan da Lahıca gedirlər.

O zaman lahıclıların Şamaxıya əlverişli yollarından biri də Kalvadan keçirmiş. Habelə kalvalılar alış-veriş üçün tez-tez Lahıca gedirlərmiş. Yazıçı Manaf Süleymanov "Lahıc (etnoqrafik bədii lövhələr)" kitabında yazır: "...Bənna Hacı Əhmədin evi (birinci bina sağ əldədir, Nəzəralı və qardaşı Kərbəlayi Xalıqın evi ikincidir... Nəzəralının qızı Gözəl xanım həqiqətən qəsəbənin gözəli idi.

... Gözəl xanımın ata evi tarixi bina hesab oluna bilər. 1920-ci ilin mayında Məhəmməd Əmin Rəsulzadə dostu, silahdaşı Abasqulu Kazımzadə ilə bərabər Lahıca pənah gətirəndə ilk gecəni bu evdə qalmışdı. Onları Şamaxıdan Gözəl xanımın əmisi Kərbəlayı Xalıqla çarvadar Kərim əmi gətirmişdi. Axırıncı nəql edirdi ki, qab-qazanı satıb lazımi şeylər almışdıq, evə qayıdacaqdıq. Kərbəlayi Xalıq gəldi ki, iki nəfər Lahıca getmək istəyir. Çox mötəbər adama oxşayırlar. Yaxşı kirə haqqı verirlər. Götürək? Razılaşdım. İkindi çağı düşdük yola, Kalva, Sulut yolu, Həramilər meşəsilə gəldik, gecə yarı çatdıq Lahıca. Kərbəlayi Xalıqgildə gecələdilər".

Bu, başqa bir söyləyicinin dilindəndir. M.Süleymanlı da şübhəsiz, hadisəni eşitdiyi kimi yazıb. Peşəkar yazıçı olaraq mətnə bu və ya başqa əlavə etdiyini, ya da ixtisar etdiyini demək mümkün deyil. Ancaq Rəsulzadəni Kalvaya gətirənlərin içərisində Şirin kişinin adının olmaması söyləyici tərəfindən mexaniki unutqanlıq kimi qiymətləndiriilə bilər.

Şirin kişi o zaman gənc, inadkar bir şəxs imiş. Məhz qonaqların təhlükəsizliyi, sonda Lahıca aparılması üçün yolda etibarlı, sınaqlardan çıxmış, güvənilən Şirinə ehtiyac yaranıbmış.

M.Ə.Rəsulzadə "Əsrimizin Səyavuşu" əsərinin ön sözündə Lahıca gizli gedişi haqqında yazır: "Bolşevik istilası kədərli-ələmli bir fakt idi. Bir aya qədər Bakıda saxlandıqdan sonra, bir arkadaşla bərabər Bakını tərk etmiş, Gürcüstana keçmək üçün yola çıxmışdıq. Hadisələr və təsadüflər bizi bir çox dağları və dərələri gəzdirdikdən sonra Şamaxı qəzasında Lahıc adında tanınmış bir qəsəbədə saxlanmaq məcburiyyətində buraxmışdı.

...Qaldığımız evi tədbir üçün dəyişmək lazım gəldi. İkinci dəyişdiyimiz yer mənə çox uyğun gəlmişdi. Ehtimal ki, təqibdən bir müddət uzaq olmaq üçün bura daha sərfəli idi. Fəqət Lahıc dağlarının ən möhtəşəmi olan Nihala baxan gözəl mənzərəsi, Girdman çayının gecə ay işığında oxşayıcı axıntısı və yad gözündən uzaq olan kiçik bağçası ilə o anda yaşadığım ruh halını kağız üzərinə tökmək üçün ən əlverişli şərtlərə malik idi. Altıncı gün yenə yerimizi dəyişməyə məcbur olduq. İki günlüyünə bizi başqa bir evə köçürtdülər. Burada sonuncu bölümün qaralamasını bitirdim. Artıq Lahıcda qala bilmirdik. Evlərində müsafir olduğumuz vətəndaşların bir qismi qaralanmış, kənd ümumi gözətləmə təhdidi altında qalmışdı. Bir an əvvəl Lahıcı tərk etmək gərək idi. Boşa çıxan iki təşəbbüsdən sonra dağlıq sahədən enib ovalığa gəlmişdik. “Səyavuş” meydana gəlməsi ilə Lahıcdakı kitabxana sahibi, bizi bir ata kimi bəsləyən o sevimli ixtiyar və nəhayət, ölüm təhlükəsinə qarşı əmanəti şahid kimi göstərən o mərd kəndlilərə borcludur. Burada onlara mənən təşəkkür etməyi vəzifə sayıram".

***

İnam Ata (Asif Ata) yazır: “Azərbaycan – Türk Dünyasının beyni və ürəyi, Türkiyə – Türk Dünyasının qolu və kürəyi”. İnam Ata Türkçülüyün ruhani, tarixi, ideoloji kimi üç yönünü göstərir. Ataya görə, ideoloji türkçülüyün Ziya Göyalp, Əlibəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə kimi təmsilçiləri var: “İdeoloji Türkçülük türkün xilasını Türk Dünyasının bərqərar olmasında görürdü, türkləri bu birliyə çağırırdı. İdeoloji türkçülüyün fəlakəti pantürkizmin dinçilik və qərbçiliklə birləşməsi idi.

Qərbin tanrısı varidat və siyasətdir: bunların hər ikisi türk mahiyyətinə qarşıdır. Möhtəşəm əraziyə, güclü ruhaniyyata, hərbi gücə malik olan Türk dünyası birliyini yarada bilmədi. Əksinə, dünyadan asılı vəziyyətə düşdü, türklük kimi əzəli mahiyyətindən uzaqlaşdı.”

Habelə Ata bu qənaətdədir, Türkçülük ideologiyası o zaman əmələ gəldi ki, türklər parçalandılar, bir-birindən ayrı düşdülər – özgələşdilər. Bir-birini anlamadılar eyni dil ola-ola. Səbəbi: avropalaşma, ruslaşma. Məhz bu zaman türkləşmə ideologiyasına çox böyük ehtiyac yarandı. Və bu ehtiyac türk aləminə pantürkizmin ilk böyük ideoloqunu – Ziya Göyalpı verdi. İdeoloqlar car çəkdilər ki, türklər birləşməlidirlər. Bu ehtiyacı anlatmaqdan ötrü Türk birliyini tədqiq elədilər, tarixi yada saldılar. Və türkləri birliyə çağırdılar. Dedilər ki, Türk Dünyası bərqərar olmalıdır.

İnam Ata sayır ki, Mütləqə İnam Dünyabaxışı Türklük İnsançılığının bütün mənəvi gözəllik imkanlarının aşkarlanmasına bənzərsiz töhfəsini verəcək.


MANŞET XƏBƏRLƏRİ