AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli
IV yazı
Əli Bəy Hüseynzadənin “Türklük, Müsəlmanlıq və Avropalılıq” tezislərini Türkləşmək, İslamlaşmaq, Muasirləşmək kimi formulə edən Ziya Gökalpın xüsusən, “Türk” anlayışına baxışı diqqətimizi cəlb edir. Bizcə, Gökalp da Hüseyinzadə kimi Türk, Türklük, Türkçülük anlayışının yalnız milli mənsubiyyət, etnosçuluq əsasında təqdiminin əleyhinə olmuşdur. O da, hesab etmişdir ki, Türk, Türklük, Türkçülük sosial-fəlsəfi bir sitemdir. Yəni Türk, Türklük, Türkçülük demək ancaq dil, gen-qan birliyi deyil, eyni zamanda bir şüur, dünyagörüş, ruhi-mənəvi bir məsələdir.[1]
“Türkləşmək” qavramına gəlincə, Türklüyə dönmək, Türklüyü yenidən idrak etmək anlamındadır. Başqa sözlə, “Türkləşmək” qavramında əsas vurgu vaxtilə Türk dünyagörüşünə, Türk fəlsəfəsinə sahiblənmiş, ancaq sonralar müxtəlif səbəblərdən ondan uzaq düşmüş olanlarla bağlıdır. Burada əsla və əsla hansısa qeyri-türk etnosları, xalqları zorla türkləşdirməkdən söhbət gedə bilməz, zira bunu heç bir anlamı da yoxdur. Eyni mənanı İslam dini, İslamlıq haqqında da deyə bilərik.
Ziya Gökalpda Türkçülük düşüncələrinin yaranmasında Əli Suavi, Yusif Akçura, Əli Bəy Hüseynzadə və başqa Türk aydınları mühüm rol oynamışlar. Hər halda Ziya Gökalpdan öncə bir çox Türk aydınları Türk millətinin yeni bir dönəmə qədəm qoymasını ümumilikdə İslam dininə, Qərb mədəniyyətinə üz tutmaqda, ya da Türklüyü mənimsəməkdə gördüyü açıq şəkildə özünü büruzə verirdi. Türkçülük və müasirləşmək (çağdaşlaşmaq) məsələsində Ə. Suavi, Y. Akçura və Ə. Hüseynzadənin ən ugurlu davamçısı Z. Gökalp olmuşdur. Ziya Gökalp bir tərəfdən onlardan Türkçülük (turançılıq), İslamlaşmaq, Qərbləşmək ideyalarını mənimsəmiş, digər tərəfdən isə onları formulə etməyə çalışmışdır. Özəlliklə, Ə. Hüseynzadənin “İslam imanlı, Türk qanlı və Avropa qiyafəli” düsturunu mənimsəməsinin sonucu olaraq Gökalp “Türk millətindənəm, İslam ümmətindənəm və Qərb mədəniyyətindənəm” ideyalarını daha da zənginləşdirmişdir.
Yusuf Akçuraya görə “Türkleşmek, İslamlaşmak ve Muasırlaşmak” ideyasının “asıl babası” Əli Bəy Hüseynzadə olsa da, ancaq onu yaşadan, türkçülərə yaxşıdan yaxşıya mənimsədən Gökalp olmuşdur: “Hüseyinzadə Ali bey də basit ve hadsi bir ifadeden ibaret kalan bu esaslı fikirler, Ziya bey tarafından çok işlenmiş, çok tamık ve tevsi edilmiş ve mahza onun tahriri ve şifahi telkinleri sayesinde bugünkü kıymet ve ehemiyyetini kazanmıştır”.[2] Hilmi Ziya Ülken də təsdiq edir ki, bu üçlü görüş (türkləşmək, islamlaşmaq və avropalılaşmaq) daha öncə bir az bəlirsiz olaraq Ali Suavi tərəfindən irəli sürülüb müdafiə olunsa da, onun əsas ideyavericisi Hüseynzadə, tamamlayıcısı isə Gökalpdır: “Fəqət Ali Suavi, hənüz Türkçülüyün oyanmadığı və Namiq Kamalın Osmanlı-İslam görüşünün hakim olduğu bir dövürdə yaşadığı üçün fikirləri unudulmuşdu. Hüseynzadənin təklifi tam zamanındaydı... Sonralar bu fikir hərarətli tərəfdar buldu. Gökalp türkləşmək, islamlaşmaq və avropalılaşmaq adlı məqalələrini və 1918-ci ildə bu məqalələrdən ibarət kitabını yayınladı”.[3]
Doğrudanda 1910-cu illərdə Ziya Gökalp “Türkləşmək, Müasirləmək və İslamlaşmaq” ideyasının qızğın tərəfdarlarından biri kimi ortaya çıxmış, bununla bağlı “Türk yurdu”nda silsilə məqalələr yazmağa başlamışdır. Ə.Hüseynzadənin “İslam əqidəli, Türk qanlı və Avropa qiyafəli” düsturundan çıxış edən Türk millətindənəm, İslam ümmətindənəm devizləri ilə yanaşı, “Qərb mədəniyyətindənəm” də deyirdi.[4] 1912-1913-cü illərdə “Türk yurdu” jurnalında dərc etdirdiyi “Türkləşmək, İslamlaşmaq və Müasirləşmək” başlıqlı silsilə məqalələrində Ziya Gökalp yazırdı: “Türkləşmək və islamlaşmaq ülküləri arasında bir çatışma olmadığı kimi, bunlarla çağdaşlaşmaq ehtiyacı arasında da çatışma mövcud deyildir… Sonucda, hər birinin təsir çərçivələrini bəlirləyərək bu üç amacın üçünü də qəbul etməliyiz; yaxud, daha doğrusu, bunların bir ehtiyacın üç müxtəlif nöqtədən görülmüş çevrələr olduğunu anlayaraq “çağdaş bir İslam Türklüyü” yaratmalıyız”.[5] Türkiyə tədqiqatçısı A.Gökdəmir hesab edir ki, Gökalpın bu üç kəliməsi Türk sosial fəlsəfəsinin ən geniş çevrəsini vermişdir: “Türk ve müslüman oluş, tarih içindir tekevvün eden milli realitemizdir: yeni bir heyat içinde şekillenmesine, kalkınmasına, güclenmesine, yüceltilmesine çalışılan topluluk Türk milletidir ve bu millət müslümandır. Batı medeniyeti ise, yeryüzünde hiç bir topluluğun ilgisiz ve dışında kalmayacağı bir büyük dünya gerçekliyidir”.[6]
Üçlü düsturun (Türkçülük, İslamçılıq və Müasirləşmək) mahiyyətinə varmaq anlamında Gökalp Türk cəmiyyətindəki mühafizəkarlıq və yeniləşmə məsələsinə də ciddi önəm vermişdir. Burada da Gökalpın məqsədi ənənə, gələnək və qaydaların mühafizəkarlıqla yeniləşmə arasında hansı şəkildə öz varlığını ifadə etrməsidir. Gökalp hesab edirdi ki, türklər ingilislərdən fərqli olaraq qanun-qaydaları sevsələr də gələnəkçi deyillər! O, yazırdı: “Türklük ve İslamlıkla ilgili geleneklerimizin birbiri ardına gelen tarihsel evrelerini aramadığımız gibi, yüzyılımızı başka yüzyıllardan ayıran ilerlemelerin kaynağını ve gelişmesini de incelemeye gerek görmeyiz. Bizim için, yalnız sonuçlar gerekli. Türklük, İslamlık, birbiri ardınca yükselip alçalmalardan, edimsel ve inançsal kurallar biçiminde tortular bırakmış; Avrupa uygarlığı, bir çok yükseliş ve dönüşmelerinden sonra, bize bir takım bilimsel uygulayımsal ilkeler olarak görünmüştür”.[7]
Beləliklə, Gökalpa görə üçlü düstur açısından mühafizəkarlıq və yeniləşmə məsələlərinə yenidən baxılmalıdır. Belə ki, Türklüyün və İslamlığın ənənələrinə, gələnəklərinə tamamilə “mühafizəkarlıq” damğası vurub onlardan imtina etmək doğru deyildir. Özəlliklə, Türk tarixinə, Türk mifologiyasına, Türk ədəbiyyatına, Türk dilinə, Türk memarlığına, Türk musiqisinə yenidən baxılmalı, oradakı Türk ruhu ortaya qoyulmalıdır. Gökalp yazırdı: “Türklüğün sözcüklerde, öykülerde, masallarda, destanlarda izleri kalmış bir ülküsü vardır ki, bunu bu dağınık kalıntılar arasından bulup çıkarmak ve bunda bulunan kavimsel “tarih öncesi”ni keşfetmek, en büyük görevimizdir”.[8] Gökalpın bu fikirləri də bir daha təsdiq edir ki, Tanrıdan türklər üçün göndərilmiş kitabı yoxdur tezisi doğru deyildir. Türkün kitabı olub, sadəcə o, sonralar müxtəlif qalıqlar formasında bizlərə çatmışdır.
Gökalp hesab edirdi ki, Türklük kimi İslamlıqla ilgili təşkilatların, təsisatların da gələnəklərini, tarhini eninə boyuna incələməli, xüsusilə kəlamın, təsəvvüfün, fiqhin tarixlərini bilməliyik. Onun fikrincə, Türklük və İslamlığın “mühafizəkarlığ”ını doğru şəkildə mənimsəyib yeniləşməklə bağlamaqla yeni bir “İslam-Türk” tarix fəlsəfəsi ortaya qoya bilərik.[9] Bununla yanaşı, o, kültür və sivilizasiya məsələsində də ağılla biliməəsaslanan “Türk İslam kültürü yaratmaya çalışmalıyız” deyirdi.
Ümumiyyətlə, Gökalpın üçlü düsturunun əsil mahiyyəti çağdaş ruhlu “İslam Türklüğü”, “Türk İslam” kültürü, “İslam-Türk” tarix fəlsəfəsində ifadə olunmuşdur. Bu fəlsəfəyə görə də, Türkçülük İslamlıq, İslamlıq isə elə Türklük deməkdir. Gökalpın belə bir fikrə gəlməsinə səbəb yanlış olaraq Türk xalqlarının hamısını müsəlman hesab edərək, müsəlman olmayan türkləri nəzərə almaması idi: “Türklerin hepsi İslam olduğu için, Türkçüler hiç bir zaman İslam ümmetçiliğine aykırı bir duygu beslemeyecektir. Aynı zamanda Türkçüler, çağdaşlaşmak için, Müslüman olmayan kavimler hakkında bu uygarlık yüzyılın gerektirdiği sayğılı tutumu koruyacaklardır”.[10]
Türkçülərin Türk birliyi və Turan ülküsü düşüncələrinə gəlincə, Gökalp hesab edirdi ki, hazırda dünyada Türk xalqlarının dil və mədəniyyət baxımından birbirindən uzaqlaşdırılması siyasəti yürüdülməkdədir. Gökalpa görə, İsmayıl Bəy Qaspıralının dildə birlik ideyasını bir kənara qoyub yerli Türk ləhcələrini inkişaf etdirmək istəyənlər düşmənlərin çörəyinə yağ çəkənlərdir. Onun fikrincə, Türk aydınlarının tək məqsədi ortaq türkcəni qoruyub yaşatmaq olmalıdır. Türk xalqlarının ortaq mədəniyyəti məsələsi ilə bağlı olaraq isə Gökalp yazırdı ki, bu, Türkçülüyün əsas amallarından biridir. Onun fikrincə, Avropa sivilizasiyasının içində Türk xalqlarının ortaq kültürünün, mədəniyyətinin yaradılmasına çalışılmalıdır. Gökalp yazırdı: “Kısacası, İstanbul dilinin ulusal dil olarak benimsenmesi ve Avrupa uygarlığı içinde bir Türk kültürünün yaratılmasına çalışılması, bir Türk ulusun kurulmasına yardımcı olacak ve Osmanlı, Kıpçak, Özbek, Kırğız gibi adlar bölgesel adlar olarak kalacaktır”.[11]
[1] Kocakaplan İsa. Ziya Gökalp. Türk Edebiyatı Vakfı Yayınları, 2009, s.31-32
[2] Akçura, Yusuf. Gökalp Ziya bey hakkında hatıra ve mülahızalar. İstanbul. Türk yurdu”, Cilt 15-1, ayı164-3, Ondördüncü sene, Aralık, 1924, s.44-45
[3] Ülken, H. Z. Türkiyede Çağdaş Düşünce Tarihi. İstanbul, Ülken, 2013,s.337
[4] Gökalp, Ziya. Türkçülüyün əsasları.Bakı, Maarif, 1991, s.63
[5] Gökalp, Ziya. Türkleşmek, islamlaşmak, muasirleşmek. İstanbul, Akvaryum, 2005, s.19-20