Nəriman ƏBDÜLRƏHMANLI
2014-cü ildə ölkə prezidentinin sərəncamı ilə klassik Azərbaycan şairi və maarifçisi Mirzə Şəfi Vazehin anadan olmasının 220 illiyi qeyd edildi. Şairin doğulduğu Gəncədə, respublikanın bir çox rayon rayonlarında və Bakıda ədəbi-bədii, rəsmi tədbirlər keçirildi, məqalələr, kitablar yazıldı, verilişlər hazırlandı.
Amma bütün bunlar bir həqiqətin üzərinə kölgə sala, bir sirrisə çözə bilmədi: Bodenştedt olmasaydı, ən azı Avropanın ədəbi aləmi Şirzə Şəfini bu qədər yaxından tanımayacaqdı; Mirzə Şəfi tələbəsinə doğrudanmı “Müdrikliyin açarı” adlandırdığı şeirlər dəftərini verib?
Mirzə Şəfiylə alman linqvisti, şairi və tərcüməçisi Fridrix Martin fon Bodenştedtin münasibətləri barədə çox yazılıb, elə o özü də müəllimilə görüşləri, onun nəğmələrini alman dilinə çevirməsi barədə xatirələrini qələmə alıb. Amma, şübhəsiz, onların görüşü tale məsələsiydi: ola bilsin ki, Bodenşdedt müəlliminin nəğmələrinin qazandığı şöhrətdən özünə pay göstərmək istəməsəydi, ikisinin də həyat və yaradıcılğı diqqətləri bu qədər çəkməyəcəkdi.
Əvvəlcə həqiqət barədə
Mirzə Şəfinin həyatı və yaradıcılığı barədə az yazılmayıb, bundan sonra da yazılacaq.
Fridrix Bodenştedtin (1819-1992) vətənində ədəbiyyatını öyrənməsi, 1840-cı ildə Moskvaya gedib knyaz Mixail Qolitsının oğluna alman dilini tədris eləməsi, özününsə slavyan dillərini və ədəbiyyatlarını öyrənməsi, üç il sonra Tiflisə gəlib Mirzə Şəfi Vazehlə tanış olması, onun başçılıq elədiyi “Divani-hikmət” məclisinin iştirakçısı olması, Mirzə Şəfidən Şərq dilləri dərsi alması, 1845-ci ildə vətəninə qayıdandasa müəlliminin dəftərlərini özüylə aparması barədə yetərinə yazılıb. O, həm də Abbasqulu ağa Bakıxanovun və bir çox farsdilli şairlərin şeirlərini çevirib, 1850-ci ildə nəşr etdirdiyi “Şərqdə min bir gün” kitabında hər şerin müəllifini dəqiq göstərib, hətta həmin əsərləri hansı şəraitdə və haçan qeydə aldığını da ətraflı təsvir eləyib.
Bu da faktdır ki, Bodenştedt Tiflisdə olanda yerli camaatın folkloruna da böyük maraq göstərib, eşitdiklərini qələmə alıb. O, vətəninə qayıdanda portfelində erməni folklor nümunəsinin olmadığından xəbər tutan erməni alim-yazıçılarını bərk kədərləndirib. Çıxış yolunu Bodenştedti qabaqlamaqda görən Xaçatur Abovyan təcili məşhur “Əsli və Kərəm” dastanını (şeirləri çevirə bilmədiyindən üzərindən keçib) erməni dilinə tərcümə eləyib, dostlaşdığı alman səyyahı Avqust fon Qakshauzenin boynuna qoyub ki, almancaya çevirib Almaniyada erməni xalq dastanı kimi çap etdirsin.
Buna qədər də ədəbi fəaliyyətlə və tərcüməylə məşğul olsa da, “Şərqdə min bir gün” kitabının ağlagəlməz uğurundan sonra çox məşhurlaşan Bodenştedt naşirinin təklifilə kitabı təkrar nəşr etdirib. Onun yeni kitabı – “Mirzə Şəfinin nəğmələri” - müəllifi də, tərcüməçini də qısa müddət ərzində bütün dünyada tanıdıb. “Nəğmələr” tezliklə fransız, ingilis, İsveç, holland, Danimarka, ispan, portuqal, rus, çex, macar, yəhudi (hətta, bir neçəsi qədim yəhudi dilinə) dillərinə çevrilib və nəşr olunub.
Kitab təkcə Almaniyada 1922-ci ilə qədər 169 dəfə işıq üzü görüb. Bodenştedtin vətənində kitabın uğuru o qədər böyük olub ki, bəzən ildə bir neçə dəfə təkrar nəşr etmək lazım gəlirdi. Məsələn, “Nəğmələr” 1868-ci ildə 6 dəfə, 1876-cı ildə isə 12 dəfə çap edilmişdi. Dövrün tədqiqatçılarının yazdıqlarına görə, Şərq poeziyasından təqdim edilən şeirlər o qədər gözəl səslənib ki, ayrıca kitabça halında 1917-ci ilə qədər 264 dəfə nəşr olunub.
Bodenştedtin tərcümələri Qərbi Avropanı fəth eləmişdi ki, adlı-sanlı bəstəkarlar bibirinin ardınca Mirzə Şəfinin nəğmələrinə musiqi bəstələyirdilər. F.List, Q.Meyerber, E.Qriq, K.Levi, İ.Brams, Kr.Mariner, L.Spor, A.Rubinşteynin romans və mahnıları qitənin ən möhtəşəm salonlarında ifa olunurdu. Artur Rubinşteyn 1870-ci ildə Veymarda yaşayanda Mirzə Şəfinin bir nəğməsinə populyarlığını bu gün də itirməyən məşhur “Fars nəğməsi” romansını bəstələmiş, Həmin romans dahi rus müğəninsi Fyodor Şalyapinin ifasında az qala bütün dünyanı dolaşmışdı. Bodenştedt səyahətnaməsində tərcümələri türk dilindən (daha doğrusu, Azərbaycan türkcəsindən) çevirdiyini açıq-aydın göstərsə də, sonralar Mirzə Şəfinin irsinə daha böyük maraq göstərən Rubinşteyn bəstələdiyi 12 romansdan ibarət məşhur musiqi silsiləsini o dövrdə mövcud olan yanlış təsəvvürlər üzündən "Fars nəğmələri" adlandırmışdı. Daha bir fakt budur ki, bəstəkarlar Emil Pol Korx və Luiz Rot birgə “Mirzə Şəfinin nəğmələri” adlı operetta yazmışdılar. Operetta 1881-ci il noyabrın 5-də Almaniyanın Fridrix Vilhelm teatrında səhnəyə qoyulmuşdu.
Mirzə Şəfinin heyrətamiz poetik nümunələrini Rusiyada oxuculara ilk dəfə inqilabçı-demokrat M.Mixaylov çatdırmış, 1862-ci ildə şairin Hafizəyə həsr elədiyi “Tulla gəl çadranı... görünsün üzün” misrasıyla başlayan şeirini Bodenştedtin tərcüməsindən rus dilinə çevirib Berlində çap etdirmişdi. Sonralar Mirzə Şəfinin şeirlərini N.Eyfert, V.Markov, M.Ramişev (P.Yakuboviç), S.Nadson, A.Mixaylov, İ.Prodan, N.Qrebnev və başqaları tərcümə ediblər. Onun bədii irsininə daha ciddi diqqət göstərən isə şair və tərcüməçi Eyfert “Gəncəli müdrik”in şeirlərinim tərcüməsi üzərində üç ilə işləmiş, 1880-ci ildə Moskvada “Mirzə Şəfinin nəğmələri” kitabını nəşr etdirmişdi...
İndisə müəmma barədə
Fridrix Bodenştedt naşirinin təhrikilə “Mirzə Şəfinin nəğmələri”nin əsl müəllifi olduğunu iddia eləyəndə artıq şöhrətinin zirvəsindəydi, Mirzə Şəfisə 23 il əvvəl – 1852-ci ildə Tiflisdə yoxsulluq və tənhalıq içində dünyadan köçmüşdü. Artıq həqiqəti üzə çıxarmağa bir kimsə yox idi. Bodenştedt Qafqazdan qayıdandan sonra Münhen universitində slavyan dilləri üzrə professor, Mannheymdə teatr direktoru, Berlində qəzet naşiri olduğu illərdə Mixail Lermontovun, Aleksandr Puşkinin, Afanasi Fetin, Aleksey Koltsovun şeirlərini almancaya çevirmiş, 1852-ci ildə Lermontovun ikicildliyini, 1854-1855-ci illərdəsə Puşkinin üçcildliyini nəşr etdirmiş, rus xalq mahnılarını, sonralarsa İvan Turgenevin povestlərini almandilli oxuculara çatdırmışdı. Üstəlik, bədii səviyyəsi o qədər yüksək sayılmasa da, “Ləzgi qızı Ada” (1853) poemasını, “Dmitri” (1856) faciəsini qələmə almış, daha sonra Vilyam Şekspirin sonetlərini (9 cilddə!), özünün “İmperator Pavel” (1876) faciəsini, povest və romanlarni, “Qafqaz xalqlarının azadlıq mübarizəsi” adlı kitab yazmış, “Alman incəsənəti və poeziyası” albomunu tərtib eləmişdi.
Tədqiqatçıların araşdırmalarına görə, Bodenştedtin bu addımının səbəbi Mirzə Şəfinin cazibədar nəğmələrinin orijinallarını göstərmək üçün ona edilən saysız hesabsız xahişlər olmuş, o da proloq, əlavələr və izahlarla üzə çıxardığı kitabda indiyə qədər Mirzə Şəfidən tərcümələr kimi verilən nəğmələrin öz qələminə məxsus olduğunu elan eləmişdi. İddiasına görə, şərqli obrazına o qədər yaxınlaşıb ki, öz şerlərini belə Mirzə Şəfinin adıyla imzalayıb. Onun istehzayla “Hannoverli türk, yaxud Gəncəli alman” adlandırılmasının səbəbi də bu idi. Amma həqiqiqətdən xəbərsiz ədəbiyyatşünaslar Bodenştedtin versiyasına qeyd-şərtsiz inanmışdılar. Beləliklə, ədəbiyyatın ən böyük müəmmalarından biri doğulmuşdu.
Mirzə Şəfi Vazehin şerlərini Zaqafqaziya müftüsi, Molla Hüseyn Əfəndi Qayıbovun toplayıb dördcildlik Azərbaycan poeziya antalogiyası kitabında çap etdirməsi də məsələyə aydınlıq gətirməmişdi. 1889-cu ildə Bodenştedtin anadan olmasının 70 illik yubileyi qeyd ediləndə Leypsiqdə litvalı ədəbiyyatşünas poliqlot Yurgis Yulius Zauerveynasın Azərbaycan, rus, fars, sanskrit, çin, fransız, ingilis, italyan, latın, polyak, qədim alman, Danimarka, yunan, rumın, macar, ərəb, litva, İsveç və başqa dillərdə yazdığı təbriklərdən ibarət olan “Mirzə Şəfinin Şərq-Qərb Divanı” kitabındasa ilk şeir Azərbaycan türkcəsində yazılmış, Bodenştedtin müəllimi kimi Mirzə Şəfinin tərənnümünə həsr olunmuşdu.
Son yüz ildə də bu bu sirrə aydınlıq gətirilməsi Mirzə Şəfi Vazehin irsini araşdıranların fikrini həmişə məşğul edib. Təsadüfi deyil ki, fransız ədəbiyyatşünas F.Makler 1912-ci ildə dostu Qabriel Sundukyana məktubunda yazırdı: “...1840-1850-ci illərdə Tiflisdə Mirzə Şəfi adlı bir şair həqiqətən olubmu? Əgər olubsa, Siz şəxsən onu tanıyırsınızmı? Yaxud onun haqqında eşitmisinizmi? Burada onun haqqında çox az məlumatımız var. Ondan bəhs edən müəlliflərdən bəziləri deyirlər, Bodenştedt Mirzə Şəfinin şeirlərini tərcümə edib. Bəzilərisə bildirirlər ki, həmin şeirlərin hamısını Bodenştedtin özü yazıb, Mirzə Şəfi adı isə tamamilə xəyaldır"...
Q.Sundukyan da yardım üçün Firudin bəy Köçərliyə məktubla müraciət eləyib. Köçərli “Tiflisski listok” qəzetinin 1912-ci ildə çıxan 29 mart tarixli 72-ci sayında “Redaksiyaya məktub” rubrikasında bu barədə məlumat verib: “Martın 10-da mərhum Q.Sundukyandan aşağıdakı məzmunda məktub aldım: “...Əziyyət olsa da, mənə bildirin görüm, Sizə Mirzə Şəfi adlı şair məlumdurmu? Onun çap olunmuş şeirlər kitabı varmı? Əgər varsa, həmin kitabı haradan əldə etmək olar? Bu məlumatı parisli professor bilmək istəyir””...
Məlum olur ki, bu xahiş F.Köçərlini Mirzə Şəfi irsini tədqiq etməyə həvəsləndirib, dərhal Şərqin filosof şairi Mirzə Şəfinin şeirlərini toplamağa başlayıb. Lakin Sundukyanın qəfil ölümü sirrin çözülməsinə mane olub.
Sonralar Mirzə Şəfi irsinin araşdırıcıları, o cümlədən, professor Mikayıl Rəfili də həqiqətə yetməyə cəhd göstəriblər...
Bodenştedtin vəsiyyətinə görə, 1980-ci ildə Hannoverdə açılan arxivindən Mirzə Şəfi Vazehin “Müdrikliyin açarı” əlyazmasının çıxmaması müəmmanı daha da qatılaşdırıb...
Üstəlik, Avropada aparılan tədqiqatların bəzilərində o şeirlərin Mirzə Şəfiyə yox, Hfiz Şiraziyə məxsus olması barədə də iddialar səslənib...
Bu yönümdə böyük fədakarlıq göstərən dilçi alim professor Fəxrəddin Veysəllinin Bodenştedtin vətəninə gedib arxivilə yaxından tanış olması da, məsələyə aydınlıq gətirməyib...
Beləcə, Mirzə Şəfi Vazehin bənzərsiz irsi hələ ki həqiqətlə müəmma arasında qalıb...