ReAl Partiyasının sədri Natiq Cəfərli Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Natiq bəy, ABŞ və Ermənistan arasında TRIPP (Zəngəzur dəhlizi) layihəsinə dair bəyanat imzalandı. Dəhlizdən istifadə ilə bağlı açıqlanan prosedurlar nədən ibarətdir?
- Azərbaycanın bu məsələdə əsas tələblərindən bir o idi ki, Naxçıvana gediş-gəliş, daşınan mallarla bağlı prosedurları amerikalılar həyata keçirsin. Yəni, dəhlizdən keçərkən sənədləri Ermənistan nümayəndələri deyil, amerikalılar alacaq. Arxa ofisdəki Ermənistan dövlətinin nümayəndələri isə sadəcə olaraq bunların qeydiyyatını aparacaq. Burada ermənilərlə heç bir təmas olmayacaq. Prezident İlham Əliyev də çıxışlarında dəfələrlə bəyan edib ki, Azərbaycanın əsas hissəsindən Naxçıvana gedən avtomobillərin və qatarların Ermənistan gömrükçüləri və sərhədçiləri ilə heç bir təması olmamalıdır.

- Müəyyənləşmiş formul nəyi ehtiva edir?
- Yoxlanışla bağlı ortaq bir formul müəyyənləşib. Beləliklə, keçiddə sənədləri amerikalılar yoxlayacaq. Sadəcə olaraq, Ermənistan dövlət qurumları həmin sənədlərin reyestrini aparacaq. Bu da dünyanın hər yerində qəbul edilmiş qaydadır. İstənilən ölkənin ərazisindən keçən sərnişinlərin və yüklərin qeydiyyatı aparılır.
- Sadə proseduru necə izah etmək olar?
- Qeydiyyatı aparan Ermənistan rəsmi qurumlarının nümayəndələrini azərbaycanlılar görməyəcək. Sadə prosedur qaydasının izahı məhz belədir.

- Keçidlə bağlı ön ofislə bağlı hər şey aydındır. Amma arxa ofisin zaman çərçivəsində hansısa bir çətinlik yaratmaq ehtimalı varmı?
- Bu dəhlizin 75 faizi ABŞ-nin nəzarətində olacaq. İlkin yoxlanışı da amerikalılar həyata keçirəcək. Hətta, Ermənistanda hakimiyyət dəyişsə, belə orada amerikalıların sözünün üstünə kimsə nə isə deyə bilməyəcək.
- Kənar faktorların təsiri mümkündürmü?
- Rusiya burada müəyyən problemlər yarada bilər. Onlar bir müddət sonra deyə bilərlər ki, “o dəmir yolları şəbəkəsi bizim nəzarətimizdədir”. Ona görə də burada hansısa formada iştirak etmək hüququmuz var. Və yaxud Ermənistan sərhədlərinin bir hissəsini Rusiya qoruyur. Bunun fonunda onlar da məlumatlara çıxış əldə etmək imkanı ilə bağlı iddialar səsləndirə bilər.

- Bu halda problem necə həll ediləcək?
- Məhz bu kontekstdə müəyyən problemlər yaranacaq. Amma bu da Ermənistanla Rusiya və yaxud ABŞ ilə Rusiya arasında olacaq.
- Azərbaycanın bu məsələdə iştirakı ilə bağlı meyarlar necə müəyyənləşib?
- Rəsmi Bakı əslində bu məsələni çox maraqlı və doğru bir formulla həll etdi. Yəni, bu kimi problemli məsələlərdə Azərbaycanın iştirakı yoxdur. Hansısa suallar yarandıqda bunu Ermənistanla Rusiya və ABŞ öz arasında həll etməlidir.