Türkün saz möcüzəsi: Aşıq sənəti – Yenilməz ruhumuzun soraqçısı


İŞIQLI ATALI

Azərbaycanın zəngin mənəvi tarixinin kökləri bu torpaqların qədimdən bəri yiyəsi olduğumuzu sübut edir. Əcdadın dünyaya, həyata, təbiətə, insana münasibətinin özülündə duran bənzərsiz yaradıcılıq çeşidləri ruhunun tükənməzliyinin – dünyaya, həyata, insana, təbiətə inamının, heyranlığının, hiddətinin ifadəsi idi. Bu prosesdə əcdadın ardıcıl döyüşkənliyi yaranırdı. Bu döyüşkənlikdə gerçəkliyi ötən idrak var idi. Yurd yaradan, qədim dünyanın amansız qaydalarından ötə olub, varlığını – insanlığını hər şeydən uca tutan əcdad dilində, folklorunda, mədəniyyətində, incəsənətin bir çox sahələrində, ayrıca olaraq musiqidə varlığını təsdiq edirdi.

Zəngin həyati müşahidəçilik, gerçəkliyi ötən musiqi duyumu və ifaçılıq örnəyi, əlvan ifaçılıq çeşidləri, bitməyən özünüifadə məqamları aşıq sənətinin Türk ruhundan yarandığının sübutudur. Ana sazımızın səsində əcdadın qırımı, yenilməzliyi, təbiətin dağıyla, göyüylə, torpağıyla, bulağıyla, yoluyla, ağacı-meşəsiylə və s. yarışması, onları öyməsi, özündən – ruhundan bilməsi var idi. Bu gedişdə yetkin, o çağadək olmayan ifalar ard-arda yaranırdı, qətiyyən bir-birini təkrarlamırdı.

Bu ifalarda insan xarakterinin zamanı aşan dözümünün, dəyanətli kədərinin, habelə yerə-göyə sığmayan fərəhinin ifadəsi var. İnsanın halını bu dərəcədə universal ifadə etmək gələnəyi yaradan aşıq sənəti aşığın timsalında ulus ruhunun yaradıcısı və qoruyucusudur.

Aşıq bu sənətin bilicisidir. Aşıqsız saz, sazsız aşıq yoxdur. Aşıq sənəti ümumən ulusallığın birləşdirici, mahiyyətinin ifadəedici, tükənməyən güc qaynaqlarındandır. Aşıq sənəti bütün tərəfləri ilə ulusun ruh birliyinin ifadəçisidir.

Azərbaycan aşıq sənəti ulusal qədimliyə xas olduğu dərəcədə gələcəklidir. Bunu yaradan, var edən ulusal ruhdur, ancaq bəllidir ki, bu ruhun konkret daşıyıcıları var.

Azərbaycan aşıq sənəti ulusal dəyərdir. Ümumən dəyərlik halı hər şeyə aid edilə bilməz. Ulusal dəyər ulusal mənəvi sərvətin ifadəsidir. Beləliklə, ümumiləşmiş şəkildə Sazlığımızı ulusal dəyər saya bilərik.

Sazlığımız dedikdə aşıq sənətinin tam, hərtərəfli ifadəsi, ifadəçiləri nəzərdə tutulur. İlk növbədə saz havalarının şəxsində onun dəyərliyinin mahiyyəti bilinir. Dəyərlik odur ki, ulusun xarakterik keyfiyyətləri ifadəsini tapmış olsun.

Asif Ata yazır: “Sazlığımız – qüvvətlə zərifliyin birliyi, qılınc şaqqıltısı və ləlimək; həm cəngavərlik, həm sevgi; həm dəyanət, həm riqqət”.

Aşıq sənəti təbiətlə sıx şəkildə bağlıdır. Əslində təbiət aşıq üçün ilhamlandığı, var olduğu bir ünvandır. Burada onun duyğuları doğulur, yenilənir, cilalanır. Aşıq təbiətsiz yaşaya bilmir, ümumiyyətlə, aşığın təbiətdən qıraqda var olması mümkün deyil. Sazın nəfəsi bizə doğmadır, çünki burada yenilməz halımızın ifadəsini görürük. Sazla doğmalaşan ruhu ilə doğmalaşır. Saza bənd olmaq özündəki insanlığa bənd olmaqdır – vurulmaqdır: Sazın ruhu təbiətin halını ifadə edir, həmişə təzə-tər, canlıdır.

Təbiətin ruhundan yaranan saz təbiəti öz nəfəsində yenidən yaradır, yaşadır. Aşığın halı təbiətin halıdır – doğma, ümidli, ruhlu, heç vaxt tükənməyən imkanlı...

Aşıq sənətinin sabahı ilə bağlı qayğılanmalar hər birimizin ulusal məsuliyyətimizi yaradır. Azərbaycanın ulusal dəyərlərinin qorunması ilk növbədə dəyərlərə yiyəlik duyğusunun yaranması ilə bağlıdır. Dəyərin dəyərliyinin bilinməsi, onun ömürləşməsi imkanlarının yaradılması və artırılması əsas qayğımızdır.

Azərbaycan-türk sazının dəyərliyi onun işıqçılığındadır. Burada işıqçılıq əcdadın ruhundan gələn Tanrıçılığın ifadəsidir. Tarix boyunca, bu gün də aşıq poeziyasında dindən gələn anlayışlar işlənsə də, aşıq havalarının canındakı ruh qədimlərdən gəlir, tamamilə özümüzə məxsusdur.

İnsan fitrətən anlayır ki, saz qədər onun duyğularının ruhsal ifadəçisi yoxdur, bu anda o, sazladırsa, deməli, əhvalı da sazdır, dəyanətə, ümidə, mərhəmətə, ərdəmliyə, tükənməzliyə köklənib. İllərin müşahidələri, təbiətlə birikmə aşığın halında yetkincəsinə ifadə olunur...

“Yanıq Kərəmi”dəki mənəvi təmizlənmə insanın özüylə - iç dünyasıyla üz-üzə qalmasının ifadəsidir. Ardıcıl olaraq “yanma” – için hər cür qarışıqlıqdan – tərəddüddən, şübhəçilikdən, ruhsuzluqdan, ümidsizlikdən, qorxudan və s. qurtulmasıdır.

“Misri” – Əcdad türkün qətiyyətini, iradəsini, yenilməzliyini ifadə edir. İnamdan qaynaqlanan iradə idrakdan güc alır. Habelə havada türkün mənəviyyatı bütün çalarlarıyla ifadə olunur, yüksək insani duyum – zəriflik var. Türk sazda yaşadığını ifadə edir, nə artırmır, nə də əksiltmir. Onun qəhrəmanlığını yaradan, bənzərsizləşdirən özünəməxsusluğudur; təbiətdən gələn əsilliyidir. Türk döyüşkənliyində xarakterindən gələn mərdlik sözünü deyir: üz-üzə döyüşür, arxadan zərbə vurmaq onun xislətində yoxdur.

“Ruhani” əcdad – Tanrı ilişgilərinin yetkin, həm də əcdadın tanrılaşmaq qüdrətinin ifadəsidir. Tanrılıq keyfiyyəti qüdrətli olmağı tələb edir, əcdad özündə bu qüdrəti tapa bilir, tanrılaşdığı dərəcədə tanrılaşdıra bilir. Özündə Tanrı gücü tapmaq təbiətlə bir ola bilməkdir. Yalnız içinin gözəllikləri ilə baş-başa qalan, mənəviyyata əsaslanan tanrılaşa, tanrılaşdıra bilir. Türkün saz möcüzəsi, yalnız bu ulusa xas yaradıcılıq olayı olduğunu göstərir ki, bunu qorumalı, artırmalı, sabaha yetirməliyik. Əcdad aqibətində Tanrıya oxşamaq - Tanrıya yetmək, Tanrı olmaq qüdrəti, bənzərsizliyi ilə tən idi.

“Ruhani” havası bu insani-tanrılı halın möcüzəvi səsidir. Tanrıya yetən, Tanrılaşan Əcdad ruhu qovuşmadan, Tanrılaşmadan sonra da halında artmaqdadır; bu, onun ardıcıllığının ifadəsidir.

“Qaraçı” – Əcdadın mahiyyətinə, ucalığa çağırışdır. Əcdadın Tanrılıq aqibəti var, ona yetir, yetməlidir, bu, aqibətidir; yetdiyi dərəcədə yanğılı, biryolluq halını ifadə edir. Saz havasının məntiqi bunu deyir. Əcdadın aşiqlik halı var, saz onun ideal tərcümanıdır.

“Cəlili”də əcdadın Tanrılığının qırılmazlığı, sarsılmazlığı var; bu, özünü aqibətdə göstərir: döyüşkənlikdə, yurda-torpağa münasibətdə, insana sevgidə... Əcdad dərddən güc almağı, güclənməyi bacarır.

“Dilqəmi” həsrətdən, heyrətdən yaranan aqibətin qırılmazlığını ifadə edir. Təbiətlə birlik var, özüylə birlik var, çünki Əcdadın iç dünyasına bələdliyi var. Bu birlikdə insan ruhunun gözəlliyi bütün çalarları ilə açılır. İnsan kədərində ardıcıldır, yetkindir, sarsıntını ötə bilir, ümidləndirə bilir, var ola, var edə bilir.

Aşıq sənətinin, sazın tədrisi mahiyyətcə Azərbaycan xalq (ulus) ruhunun öyrədilməsi, ömürləşdirilməsi deməkdir. Bu sahədə uğura isə öyrətmən (ustad-müəllim) ardıcıl olaraq örnəkliyi ilə yetə bilər. Ancaq əsas məsələ sazın ruhuna uyğun yaşamdır. Bu isə hər bir aşıq sənəti, saz öyrətmənindən özünütərbiyə prinsipinə uyğun olaraq içdən yetkinləşmə istəyir.

Örnəklik halı – Azərbaycan sazının mahiyyətindəki ülvilik, türkün əzəli xislətindən gələn halallıq, döyüşkənlik, qutsallıq, doğasallıq (təbiətə sevgi) və s. keyfiyyətlərlə bağlıdır. Sazın nəfəsi – ruhu bu canlı yaşantılarımızın tarix boyunca bənzərsiz, ilahi musiqilər biçimində yaşadılmasındadır. Aşıq sənətinin – sazın tədrisi - öyrədilməsi bizə ilk növbədə bu dərsi verir: Ulus ruhu tükənməzdir, ardıcıl yaradıcıdır, mütləq nikbinlik qaynağıdır, sabahlıdır.

Aşıq sənətində Od motivinin öyrənilməsi ulusal dəyər obrazının bilinməsi, ömürləşməsi baxımından qaçılmaz görünür. Ona görə ki, Od – ulusal obraz olaraq ağılda, düşüncədə ardıcıl olaraq yaşayır: bu, təkcə ictimai şüurumuza ümumi təsirlə yadda qalmır, məişətimizdə də özünü göstərir, izlərini yaradıcı həyatımızın hər bir sahəsində görə bilirik.

Kökü Tanrıçılıqdan gələn, Zərdüştlükdə daha yetkin biçimdə mənalandırılan od obrazı bütövlükdə Azərbaycan dəyərlərinin, o cümlədən aşıq sənətinin mayasında durur.

Sazın ulusallığı onun bəşərilik ölçüsünə uyğunluğundadır: İnsanlıq mahiyyətlidir, insan mənəviyyatı ilə bağlı bütün gözəl bəşəri duyğulara, özünüifadə yetkinliyinə çağırır.

Aşığın şəxsiyyəti ilə sazın ruhu birdir. Əsil aşıq bu birliyi yaradandır. Şübhəsiz, saz aşığa görə var, onu mənalandıran aşıqdır. Yüzillərdir yaranan saz havalarının ulusal ruha uyğunluğu əslində aşığın ardıcıl bu ruh üstə yaşamasının ifadəsi kimi anlaşılıb. Aşığın ulusal ruhdan yaranan sazın məntiqinə, tələbinə, ahənginə uyğun yaşaması adi qeyri-adilik sayılıb. Bu yaşamda insanın bütün xeyirli duyğuları təsdiqini tapıb, çağında, özündən sonrakı soyunun yaşaması üçün ümidlə dolu musiqi örnəkləri yaradılıb.

Aşıq sənətinin mayasında insanlıq ümidi tükənməzdir. Bu, elə bir mənəvi sərvətdir ki, ardıcıl yaşam üçün stimuldur. İnsan coşğun musiqiyə qulaq asanda onun tələbinə uyğun yaşamı seçirsə, içdən arınır, yetkinləşir, ruhlanır. Saz havaları bizi gerçəklikdən üstün olmağa çağırır.

Aşığın əhvalının saz kimi olması onun xarakterinin köklənməsi deməkdir. Deməli, aşıq çalıb-çağırdığı sənətin ruhuna uyğun olmalıdır. Aşıq sənətinin mayasında insan gözəlliklərinin vəsfi var, bu ruh üstə yaşamağın qaçılmazlığı var. Deməli, bu insani-ulusal-bəşəri sənətin yaşaması, dəyər siqlətinin ardıcıl təsdiqi üçün bundan sonra da örnək aşıqlarımız olmalıdır.

Yeni saz havalarının yaranması çağımızın mənəvi qayğılarındandır. Bu, çətin işdir, gerçəkdir ki, yaddaqalan, ulusal ruhu oxşayan, ürəyəyatımlı havalar həmişə yaranmır. Ümumən bu yöndə yeniliklərin olması bir günün, bir ilin işi deyil. Əsas məsələ yaradıcı insanların ardıcıllığı, qırılmazlığıdır. Başlıcası, yüksək ulusal (xəlqi) mənəviyyata əsaslanan ömürlər olmasa, qədimdəki kimi aşıq, zurna-balaban, xalq mahnılarımız, havalarımız yaranmayacaq. Halımız nədirsə, ortaya qoyduğumuz mənəvi məhsulumuz da odur. İndiki ardıcıl informasiyalı, insanı özündən alan, kürəsəlləşdirən (qloballaşdıran) çağda bu kimi istəkdə qalmaq gözəl olduğu dərəcədə də məsuliyyətli, çətindir. Ancaq aydındır ki, asan yolla bu kimi mənəvi sərvətlərimizi qoruya, artıra bilməyəcəyik, əksinə, ardıcıl itirmək təhlükəsi ilə üzləşəcəyik.

Sazın ruhuna, tələbinə uyğun yaşamalıyıq ki, var olaq. Ulusal yaşamaq – ulusun dəyərlərini ölçü saymaqdır. Saz havalarının ölçüsü – Türk halallığıdır. Halallığın mayasında ləyaqət durur. Ləyaqətli olmaq əcdad ruhundan gəlir, insanı səadətə yetirir. Saz havalarında insanın iç dünyasına bələdliyi özünü ruhun qətiliyində, həqiqətə doğru qarşısıalınmaz meyildə göstərir. Sazın mayasında əcdadın həqiqət təşnəliyi durur, coşğun halında ehtiraslı, ümidli həqiqət aşıqliyi var.

Həqiqət – insanın mahiyyəti dərk eşqindən doğur. Qədim, ruhumuzu tam soraq verən yeni saz havalarının yaranması başqa yaradıcı sahələrə də ciddi təkan verəcək. İncəsənətin müxtəlif sahələrində (rəssamlıq, rəqs, heykəltəraşlıq, ümumən musiqi, xalçaçılıq və s.) bu kimi meyillərin yaranması və artması günümüzdə dünyanın tükənmişlik sindromundan çıxış yolu kimi də anlaşıla bilər.

Sazın imkanlarının artması aşığın mənəvi imkanlarının artmasıyla şərtlənir. Aşıq ruhumuzdan yaranan bu sənətin örnəkləri əsasında yeni yaradıcılıq imkanlarını ortaya qoymalıdır. Yəni əslində saz aşığı, aşıq da sazı yenidən yaratmalı, ardıcıl yaşatmalıdır. Burada yenidən yaratma dedikdə ulusal özül əsasında yenilənməkdən söhbət gedir. Yenilənmək insanlıq imkanlarının yaradıcı insanda varlığının təsdiqiylə təndir.

Sazın tanrısallıq keyfiyyətinin bilinməsi, görünməsi üçün onun mahiyyətinin özümləşdirilməsi gərəkdir. Sabahlı aşıq bu halla yaşayandır.

Sazın nəfəsi – insanın Tanrılıq qüdrətindən soraq verir, mahiyyətcə Tanrının səsidir. Bu düşüncənin kökündə əzəli, əbədi ilahi duyumumuz var. Türk özünə, özümlüyünə uyğun olanı fitrətən duyub, ruhuyla görüb, sevib. Bu görmə adi görmə deyildi, zamanı ötən görmə idi. Gerçəkdən onsuz da hər gün eşitdiyimiz, ruhumuzu coşduran sazı dinləyirik, necə olur ki, bu havaların məntiqinə uyğun yaşamağı özümüzdən tələb etmirik? Ona görə ki, tələbin mayası çətinlikdəndir. Deməli, aşıq sənəti – ciddi kökənli yaşam tərzidir, bunu bilmək, bununla nəfəs almaq, biryolluq köklənmək gərəkdir.


MANŞET XƏBƏRLƏRİ