Bakı metrosunda qəribə qadağa gündəmdə – “Ayaqlarınız uzundursa…”


Metro və avtobuslarda yayxanaraq, ayaqlarını geniş açaraq oturan sərnişinlərin cəzalandırılması məsələsi müzakirələrə səbəb olub. Məlumata görə, paytaxtda ictimai nəqliyyatda qaydaları pozan şəxslər İnzibati Xətalar Məcəlləsinə əsasən “xırda xuliqanlıq” maddəsi ilə cərimə oluna və ya 15 günədək inzibati həbsə məruz qala bilərlər. Bu yanaşma sosial şəbəkələrdə geniş müzakirələr doğurub.

Globalinfo.az-a danışan Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli deyib ki, xırda xuliqanlıq konkret əməllər əsasında qiymətləndirilir:

“Məsələn, bir şəxs ictimai yerdə kimisə təhqir edirsə və ya fiziki zor tətbiq edərək yüngül, yaxud ağır xəsarət yetirirsə, eləcə də etik və davranış qaydalarına zidd hərəkətlər edirsə, bu hallar xırda xuliqanlıq kimi qiymətləndirilə bilər. Lakin “yayxanaraq oturmaq” termini mübahisəlidir. Elə insanlar var ki, fiziki olaraq hərəkətlərində çətinlik yaşayırlar. Məsələn, boyu normadan uzun olan şəxslər metro və ya avtobusda oturarkən ayaqlarının uzunluğu səbəbindən müəyyən oturuş forması seçmək məcburiyyətində qalırlar. Belə hallarda həmin şəxsi necə cərimə etmək olar?

ilqar

İlqar Hüseynli

İ.Hüseynli bu terminin Azərbaycan cəmiyyətinə gətirilməsinin əleyhinə olduğunu vurğulayıb:

“Bu ifadə qüsurludur. İnsan ictimai məkanda müxtəlif səbəblərdən oturuşunu dəyişə, ayaqlarını uzada, qaldıra və ya endirə bilər. Eyni zamanda, gələcəkdə geyimlə bağlı müəyyən qadağaların tətbiqi və standartlara uyğun olmayan geyimlərin cərimələnməsi kimi məsələlərin də müzakirəsi mümkündür. Yəni bunlar da xırda xuliqanlıq kimi qiymətləndirilə bilər. Açığı, bunun inzibati xəta kimi qəbul olunmasına yol vermək olmaz, bu, düzgün yanaşma deyil. Çünki dünyanın heç bir yerində “yayxanaraq oturmağa” görə cəza nəzərdə tutulmur. Bu səbəbdən də belə hallar bəzən haqlı olaraq ictimai qınağa səbəb olur”.

Qeyd edək ki, sözügedən qadağa barədə hələ rəsmi məlumat yoxdur. Məsələ ilə bağlı Bakı Metropoliteninə sorğu göndərmişik.


MANŞET XƏBƏRLƏRİ