Keşləni su altında qoyan ev söküldü: Bəs evin tikintisinə göz yumanlar?


Nizami rayonu Keşlə qəsəbəsində baş verən subasma hadisəsi illərdir yol verilən ciddi səhvin nəticəsi kimi qiymətləndirilir.

Məlum olub ki, Xətai rayonu, Rəşid Bağırov küçəsi 36/12b ünvanında kollektorun üzərində tikilmiş 2 mərtəbəli yaşayış evi yağış sularının axınının qarşısını alaraq bu gün yaşanan problemin əsas səbəblərindən birinə çevrilib.

Vəziyyətin aradan qaldırılması üçün həmin tikili sökülüb. Bu hadisə bir daha göstərir ki, tikinti qaydalarına əməl etmək və belə yerlərə nəzarət çox vacibdir.

Bəs kollektorun üzərində tikinti aparılmasına şərait yaradılması planlaşdırma səhvi sayılır, yoxsa nəzarətsizlikdir? Bu evin kollektor üzərində tikilməsinə icazə verən və ya prosesə göz yuman şəxslərə cəza varmı?

Mövzu ilə bağlı "Cebheinfo.az" -a açıqlamasında əmlak eksperti Elnur Azadov bildirib ki, şəhər daxilində belə tikililərin mövcudluğu aidiyyəti qurumların məsuliyyətini və nəzarət mexanizmini gündəmə gətirir:

"Keşlədə olan hadisə həqiqətən də çox acınacaqlı vəziyyət yaratdı. Problemin çox qısa zaman ərzində qarşısını almaq mümkün olmadığı üçün digər evlərə və maşınlara ciddi zərər dəydi. Ev olmasaydı, kollektora müdaxilə olacaqdı, yaranan problem aradan qaldırılacaqdı və bu kimi fəsad yaranmayacaqdı. Hazırkı məsələ ondan irəli gəlir ki, buna kim göz yumub?

Bir var ki şəhərin hər hansı bir görünməyən hissəsində, uzaq ərazisində nə vaxtsa qanunsuz tikili tikilir, burada nəzarət mexanizmi olmadığına görə kənar ərazidə qanunsuz tikili ərsəyə gəlirsə, onu haradasa başa düşmək olar.

Amma şəhərin daxili hissəsində bu kimi tikilinin nə vaxt, hansı səbəbdən ərsəyə gəlməsi, hansı qurumun buna göz yumması nəticəsində əmələ gəlməsi düşünürəm ki, məsuliyyətə cəlb olunma məsələsinə toxunulmalıdır ki, bu kimi hallar təkrarlanmasın. Hər bir aidiyyatı dövlət qurumu öz işini vicdanla həyata keçirsin".

Onun sözlərinə görə, qanunsuz tikililərlə bağlı məsələ uzun müddətdir müzakirə olunur:

"2019-cu ildən bu istiqamətdə mən və bir neçə ekspert də proseslərdə iştirak edirik. Müxtəlif dövlət qurumları da bu mövzuda fikirlər bildirir, bəzi sənədlərin hazırlanması istiqamətində işlər aparılır.

Gələcəkdə qanunsuz tikililərin müəyyən hallarda leqallaşdırılması və ya amnistiya məsələsi gündəmə gələ bilər, amma bu prosesin necə olacağı hələ tam aydın deyil. Amma bu kimi qadağan olunmuş, qanunla yol verilməyən əmlaklar heç bir halda leqallaşmayacaq.

Xüsusi mühafizə zonasında yerləşən, kommunikasiya xətlərinin üzərində yaxud da dəmir yolu xətlərinə 60 metrdən yaxın, mərkəzi magistral yollarla normativlərə uyğun olmayan, yüksək gərginlikli elektrik xətlərinin altında və yaxud üstündə, kanalizasiya borularını, su xətlərini və digər qanunvericiliklə icazə verilməyən mühafizə zolağının üzərində inşa olunmuş evlər və tikililər leqallaşmayacaq".

Ekspert qeyd edib ki, bu kimi tikililərin söküntüsü bir qədər fərqli məsələdir:

"Məsələn, şəhərin müəyyən hissəsində su və ya kanalizasiya boruları çəkilib, onun üstündən illər sonra evlər tikilib. Həmin xətlərin artıq istismar müddəti bitdiyinə görə aidiyyəti dövlət qurumu həmin kommunikasiya xətlərini ləğv edib, ərazini başqa istiqamətdən yeni xətlərlə təmin edir, bu, bir çıxış yoludur.

Yeni aidiyyəti qurumların bu işlərlə bağlı monitorinqlər aparmalı, hesabatları olmalıdır ki, ölkədə nə qədər bu kimi alternativ və genişmiqyaslı işlər aparmaq olar və vətəndaşlara ciddi ziyan dəyməsin. 1 il əvvəl Nəriman Nərimanov ərazisində özümüz şahidi olduq ki, dəmiryol xəttinə yaxın yerləşən evlərin söküntüsü aparıldı, kütləvi söküntü həyata keçirildi.

Ona görə ki, oradakı evlər vətəndaşlar üçün həqiqətən riskli idi, çünki evlər dəmir yolu xəttinə çox yaxındı. Yəni bəzi ərazilərdə vətəndaşların təhlükəsizliyini təmin etmək lazımdır ki, öz həyatlarını risk altına atmasınlar. Dəyərləndirmə və monitorinq işləri aparılmalıdır ki, bəzi ərazilərdə evlərin leqallaşmasına yol açmaq olar, amma ciddi risk yaradan evlərin söküntüsü məsələsi də var.

Vətəndaşların hüquqları necə təmin olunacaq? Yeni söküləcəksə, kompensasiya ödəniləcəkmi, bunu hansı dövlət qurumu üzərinə götürəcək? Bu kimi məsələlər mövcuddur. Kütləvi şəkildə belə evlərin hamısını sökmək vətəndaşlara qarşı düzgün olmaz. Biz demokratik və suveren ölkəyik, vətəndaşların hüquqlarının təmin olunmasıhökumətin vəzifəsidir".


MANŞET XƏBƏRLƏRİ